"Təxribata qarşı qoşun növləri tam hazır vəziyyətdədir" - HƏRBİ EKSPERT ŞƏRH ETDİ
"Ermənistan tərəfindən bu gün "Laçın" dövlət sərhəddinin buraxılış məntəqəsinin əks tərəfinin girişində müxtəlif nəqliyyat vasitələrinin toplanması ilə təşkil ediləcək aksiya Azərbaycana qarşı növbəti təxribat kimi dəyərləndirilir. Bu təxribatın qarşısının alınması üçün Ermənistanın hüquq-mühafizə orqanlarının heç bir addım atmaması, bu aksiyanı qanunsuz elan etməsi və aksiyanın keçirildiyi yerə Ermənistan polisinin gətirilməməsi bir daha onu göstərir ki, aksiya Ermənistan hakimiyyəti tərəfindən dolayı yolla da olsa dəstəklənir". Bu sözləri hərbi ekspert Ədalət Verdiyev SİA-ya açıqlamasında deyib.

"Aksiyanın keçiriləcəyi ərazinin qarşı tərəfində Azərbaycanın Dövlət Sərhəd Xidməti, yaxınlıqda isə Azərbaycan Ordusunun Hissə və Birlikləri yerləşir. Bu birliklərin tərkibində olan komando hissələrimiz də kifayət qədər yaxın məsafədədir. Odur ki, Ermənistan tərəfindən törədilə biləcək istənilən təxribatın, istənilən fəaliyyətin qarşısının alınması üçün silahlı qüvvələrimizin müxtəlif qoşun növləri tam hazır vəziyyətdədir. Əgər Ermənistan tərəfi növbəti dəfə Azərbaycan Ordusunun, Azərbaycan Dövlət Sərhəd Xidmətinin döyüş potensialının yüksək olduğundan əmin olmaq istəyirsə, o zaman bu təxribatlarına davam edə bilər. Azərbaycan əsgəri istənilən düşmən təxribatının qarşısının alınması üçün kifayət qədər imkan və potensiala malikdir. Xatırladıram ki, hər hansı bir təxribat Ermənistan üçün çox ağrılı və acılı nəticələrə gətirib çıxara bilər", - ekspert qeyd edib.
Xatırladaq ki, DSX-nin yaydığı məlumata əsasən, Ermənistan tərəfindən 26 iyulda “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qarşı tərəfdən olan girişində müxtəlif nəqliyyat vasitələrinin toplanmasını təşkil etməklə nümayişkarcasına növbəti təxribat əməli planlaşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB