Qubad İbadoğlunun Fətullah Gülənlə iş birliyi təsadüfi deyil TƏHLİL
Fətullah Gülən Q.İbadoğlunu Soros Fondunun Avrasiya proqramlarının rəhbəri Ceff Qoldeşteyn və MDİ-nin Avrasiya proqramlarının rəhbəri Laura Cevetlə tanış edib
Azad, demokratik cəmiyyətlərdə yaradılan yüksək imkan və şəraitdən bəzi insanlar sui- istifadə edir, öz məkrli və çirkin məqsədlərini həyata keçirməyə cəhdlər göstərirlər. Bu da əksər hallarda cəmiyyətlər üçün arzuolunmaz nəticələr verir. Yəni, məqsədli şəkildə yaradılan qarşıdurmadan ərazilər dağıntılara məruz qalır, insanlar yaralanır və ya həyatlarını itirirlər. 2016-cı ilin iyulun 15-dən 16-na keçən gecə FETO terror təşkilatı Türkiyədə hələ də yaraları sağalmayan dövlət çevrilişinə cəhdlər göstərdi. Türkiyəni xaos və anarxiyaya sürükləməyə cəhd nəticəsində 246 nəfər ölüb, 2000-dən çox insan yaralanıb. Hadisə zamanı 251 nəfər şəhid olmuş, 2839 nəfər isə yaralanmışdı. Ölkənin paytaxtı Ankara şəhərində polis akademiyası partladılıb. Daha sonra İstanbulda Atatürk Hava Limanı, TRT, AKP-nin Ankara qərargahı zəbt olunub. Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargah rəisi Hulusi Akar və ordunun komanda heyətinə daxil olan bəzi generallar, eləcə də prezidentin baş katibi əsir alınıb. Türkiyə Böyük Millət Məclisi havadan atəşə tutulub.
O zaman özlərini “Yurdda Sülh Şurası” adlandıran bir qrup Türk Silahlı Qüvvələrinin rəsmi internet saytında və TRT-də yayımlanan bildirişdə ordunun dövlət idarəçiliyini ələ aldığını, ölkədə fövqəladə vəziyyət tətbiq edildiyini qeyd etmişdir. Gecə saatlarında prezident Rəcəb Tayyib Ərdoğanın xalqa müraciətindən sonra FETO-nun planı alt-üst olub, səhər saatlarına doğru isə təşkilatın silahlı üzvləri təslim olublar. Qiyamçılardan 104 nəfər məhv edilib. İnqilaba cəhddə birbaşa 10 minə yaxın hərbçi iştirak edib. 246 zirehli texnika, 74 tank, 37 helikopter, 24 ədəd “F-16”, 11 təyyarə və 3 hərbi gəmi istifadə edilib.
Qubad İbadoğlunun satqınlığı nədən qaynaqlanır?
FETO terror təşkilatının Türkiyədə məkrli planlarının qarşısı alındıqdan sonra geniş və əhatəli əməliyyatlara başlanıldı. Bu zaman hüquq-mühafizə orqanları müəyyənləşdirdilər ki, Fətullah Gülənin rəhbərlik etdiyi FETO-nun bir neçə ölkədə, o cümlədən, Azərbaycanda əlaltıları mövcuddur. Lakin onların əl-qol atması, hansısa təxribatlar törətmələri mümkün olmayıb. Azərbaycan hüquq-mühafizə orqanlarının vaxtında gördükləri tədbirlər nəticəsində FETO-çular saxlanılıblar. Bir neçə gün əvvəl FETO-nun Azərbaycandakı keçmiş rəhbərlərindən olan Döyrüş Cəfərov, təşkilatın maliyyə işlərinə cavabdeh olan Gümrah Əbdürəhmanov, “Yurd” adlanan mərkəzin direktoru Ruslan Əliyev və təşkilati işlərə cavabdeh olan Anar Əliyev saxlanılıb. Döyrüş Cəfərov, Gümrah Əbdürəhmanov və Anar Əliyevin FETO-nun Azərbaycandakı təhsil və təlim mərkəzlərində uzun müddətdir təşkilatın təbliğatı apardıqları və gənclərin təşkilata üzv olması istiqamətində addımlar atdıqları müəyyən edilib. FETO-nun idarələrində, mətbəələrində, təlim mərkəzlərində, yataqxana mərkəzində və saxlanılan şəxslərin ünvanlarında aparılan axtarışlar zamanı qurumun maliyyə hesabatları, fəaliyyət planlarını əks etdirən sənədlər, FETO ideyalarını yayan radikal dini sənədlər, kompüterlər, elektron yaddaş cihazları, bank kartları, külli miqdarda saxta pul və odlu silahlar ələ keçirilib. Məhz ipin ucunun ələ keçirilməsindən sonra digər üzvlərindən müəyyənləşdilməsi mümkün olub. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir ki, saxlanılan biri Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının sədri Qubad İbadoğlu ilə əlaqəsinin olması barədə ifadə vermişdir. Həmin ifadə əsasında Q.İbadoğlunun ofisində axtarış aparılmış, iş üzrə zəruri əhəmiyyət kəsb edən sənədlər aşkarlanmış və Q.İbadoğlu saxlanılmışdır. Hazırda tədbirlər davam etdirilir.
Necə ola bilər ki, heç bir iqtisadi bilik və savadı olmadığı halda Q.İbadoğlu “Le Monde”ə, “Vaşinqiton tayms”a ardıcıl açıqlamalar verib?
Diqqətçəkən məqam ondan ibarətdir ki, polis Qubad İbadoğlunu mövcud faklar əsasında həbs etdikdən sonra müxalif qaragüruh dəstə hay-küy qaldırıb, şər və böhtanlar səsləndirirlər. Xüsusilə də, dünən Q.İbadoğlunu açıq şəkildə tənqid edən Əli Kərimli, Cəmil Həsənli, Tofiq Yaqublu və digərləri bu gün onun müdafiəçisi rolunda çıxış edirlər. Onlar üçün maraqlı deyil öyrənsinlər ki, polis hansı səbəbə görə Q.İbadoğlunu həbs edib? Nədən ki, bu, onlara sərf etmir. Əllərinə şər və böhtanlar səsləndirmək üçün yeni fürsət yaranıb. Əslində isə, Azərbaycan hüquq-mühafizə orqanları ciddi əsaslar olmadan, hər hansı bir əməliyyat keçirməz. Digər tərəfdən, Q.İbadoğlu elə bir siyasi gücə və elektorata malik təşkilat rəhbəri deyil ki, onu sıradan çıxarmaq üçün tədbir görülsün. Q.İbadoğlu FETO terror təşkilatı ilə əlaqəsi olan və F.Güləndən müəyyən tapşırıqlar alan şəxsdir. Bu baxımdan, o, şübhəli şəxs qismində saxlanılıb. Əminliklə qeyd etmək olar ki, Q.İbadoğlu FETO-nun əlaltılarındandır. Çünki o, dəfələrlə F.Gülənlə bağlı müsbət xarakterli statuslar paylaşıb. Qarşılığında F.Gülən tərəfindən mükafatlandırılıb, eyni zamanda, ABŞ-ın müəyyən siyasi və iqtisadi sferaları ilə əməkdaşlıq əlaqələri qurmasına imkanlar yaradılıb. Q.İbadoğlunun ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç, dövlət katibinin keçmiş köməkçisi Devid Kremer, NED-in prezidenti Karl Gerşman, Soros Fondunun Avrasiya proqramlarının rəhbəri Ceff Qoldeşteyn, MDİ-nin Avrasiya proqramlarının rəhbəri Laura Cevet və digərləri ilə əlaqələrinin qurulması təsadüfi deyil. Yəni, bu əlaqələrin əsas təşkilatçısı ya birbaşa F.Gülənin özü olub, ya da FETO-ya bağlı şəxslər olublar. Məhz bu cür tanınmış isimlərlə yaxşı əlaqələrinin qurulmasının nəticəsidir ki, Q.İbadoğlu Qərb institutları tərəfindən 10 ilə yaxın vaxt ərzində 14 milyon dollardan çox qrant alıb. Q.İbadoğlunun heç bir iqtisadi bilik və savadı olmadığı halda, dünyaca tanınmış saytlara, qəzetlərə, o cümlədən fransız nəşri “Le Monde”ə, ABŞ-ın oxunaqlı qəzetlərindən olan “Vaşinqiton tayms”a, “Amerikanın səsi” radiosuna ardıcıl müsahibələr, açıqlamalar verib. Açıqlamaları da, əsasən, Türkiyə və Azərbaycanın iqtisadiyyatını, sosial sistemini tənqid etmək, hökumətin bu istiqamətdə siyasətinə qarşı şər və böhtanlar səsləndirmək olub. Bu, bizim əldə etdiyimiz məlumatlar əsasında yazdıqlarımızdır. İstintaq isə daha geniş və əhatəli araşdırmaları üzə çıxararaq məhkəməyə təqdim edəcək. Yəqin ki, bundan sonra müxalifətin dağıdıcı qanadı, o cümlədən Q.İbadoğlu danışmağa söz tapmayacaq və susacaqlar.
İ.ƏLİYEV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB