"Cəbhəçilər"lə REAL-çılar qarşı-qarşıya

"Cəbhəçilər"lə REAL-çılar qarşı-qarşıya

Autsayderlərin "siyasi mübarizə"si "söyüşlü döyüş" formasında davam edir

Həqiqət nə vaxt üzə çıxır? Ya həqiqəti söyləməkdən çəkinməyənlər öz sözünü deyəndə, ya da həqiqəti gizləməkdən usanan, gizlətdiyi həqiqətin sahibinin ona badalaq vurduğunu hiss edəndə, görəndə. Lap REAL partiyası ilə AXCP başbilənləri arasında yaşananlar kimi. Hər iki tərəf bir-birinin paxırını qazmağına qədər qaşıyıb yerə töküblər...

Məlum olub ki, REAL partiyası ləğv olunma təhlükəsi ilə üzləşib. Bu barədə partiya sədri öz paylaşımında hələ bir müddət əvvəl yazmışdı. Bildirmişdi ki, yaxın aylarda REAL 5 min üzvdən ibarət siyahını yeni qanun tələb etdiyi kimi hökumətə təqdim etməsə, bu ilin ikinci yarısında REAL partiyasının dövlət qeydiyyatı ləğv ediləcək”. REAL-ın digər təmsilçisi Natiq Cəfərli isə say məsələsinin bir tələb kimi qoyulmasına etiraz etsə də, öz nümayəndələrinin də təmsil olunduğu Milli Məclisin bu barədə qərarı olduğunu bilməmiş deyil. Məsələ burasındadır ki, Azərbaycan kimi əhalinin sayına uyğun gəlməyən (52 partiya) partiyaların bu qədər çox olması və dövlətdən müəyyən miqdarda vəsait istəməsi də qəbul edilən hal deyildi. Əslində “5 min üzv” tələbi də çox mülayim siyasətdir. Bu qədər üzvü olmayan siyasi təşkilatın meydan rəqabətinə qatılması gülüncdür. Əks arqumentlər səsləndirmək, hökuməti qərəzlikdə ittiham etmək yenə də gücsüzlük əlamətidir. Ən azından seçkiləri göz qabağına gətirmək kifayətdir ki, qanunu qəbul edən qanunverici orqanın nə qədər humanist davrandığının şahidi olasan.

Tutaq ki, bu gün parlament seçkiləri keçirilir. Seçkilərə qatılan partiyaların bütün dairələr üzrə namizədləri, məntəqələrin sayı qədər müşahidəçiləri, bir o qədər də təbliğat kampaniyasında iştirak edəcək nümayəndələri olmalıdır. Sadə hesablama aparsaq hər partiyaya ən azı 6-7 min üzv lazım olacaq. Bu qədər üzvləri olan partiya sizcə, nə qədər olar? Cavab da sadədir, iki, ya üç. Nəzərə alsaq ki, vətəndaşlarımızın heç də hamısı siyasətlə məşğul olmur. Ona görə də üzv toplaya bilməyənlər inciməsinlər, günahı özlərində axtarsınlar.
Gələk, REAL-ın reallığına çəpik çalanların hərəkətlərinə. Ədliyyə Nazirliyinin tələbindən məyus olan REAL-çıların halına gülən AXCP mənsibları bu xəbəri sanki şadyanalıqla qarşılayıblar. Partiyasının qeydiyyatdan keçməməsi məsələsi AXCP və "milli şura" tərəfindən müzakirə geniş olunub və hələ də diskussiyalar davam edir. Belə demək mümkündürsə, iki partiya arasında "soyuq müharibə" isti fazaya keçib.

Tofiq Yaqublu, Fuad Qəhrəmanlı, Natiq Cəfərli və digərləri bu barədə etdikləri paylaşımların əksəriyyəti əxlaqdan xeyli uzaq olduğundan onları dərc edə bilmirik. Yalnız nisbətən “abırlıları” oxucunun diqqətinə çatdıracağıq. Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublu paylaşımında yazıb: “Təzad! Deyirdilər ki, mitinqlərə ehtiyac yoxdur, bizim kimi gecə-gündüz seçkilərə hazırlaşmaq lazımdır. İndi məlum olur ki, “seçkiyə hazırlaşanlar” qətiyyən seçkiyə hazırlaşmırlarmış. 5 min (heç 500 nəfər də yoxdur) üzvləri yoxdur ki, onların siyahısını Ədliyyə Nazirliyinə verib partiya kimi qeydiyyatdan keçərək seçkidə iştirak edə bilsinlər. Amma mitinqlər keçirən “seçkiyə hazırlaşmayanlar” seçkilərə daha yaxşı və ciddi hazırlaşırmışlar. Yeri gəlmişkən, bir teledebatda “seçkiyə hazırlaşanlar”ın nümayəndəsinə izah etməyə çalışmışdım ki, seçkilərə hazırlığın ən effektli yolu kütləvi aksiyalardır”.

Bəli, kor tutduğundan əl çəkməyən kimi, Tofiq “bəy” də yapışıb etiraz aksiyalarından. Onun düşüncəsində bir şey var, yəni partiya olmağı belə qəbul edir ki, həmin siyasi təşkilat mütləq hökumətə etiraz etməlidir. Nə etsin, yazıq, özünü döydürməsə, qanında adrenalin aşıb-daşmasa yaşaya bilmir. O, partiyanın mövcudluğunu bunda görür. Əslində başqa tövr davrana da bilmir. Onun heç vaxt sivil mübarizə aparan ətrafı olmayıb. Qrant naminə özünü və ətrafını “əzdirən” birisindən yalnıc bu reaksiyanı gözləmək olar.

AXCP RH-nin üzvü Fuad Qəhrəmanlı da REAL-ın düşdüyü vəziyyətdən özünə sərf edən çıxarları edib: “REAL partiyasının üzvlərinin qeyri real olması cəmiyyət üçün bilinən bir gerçəklik idi, ona görə də Ədliyyə Nazirliyinin bu partiyaya cavabı heç kimdə təəccüb doğurmadı”. Bu, fikir əlbəttə, bir partiya mənsubunun münasibətindən çox kinayəsi, qərəzli yanaşmasıdır. Guya AXCP nütün normativləri yüksək səviyyədə verib. “Yurd”un filialına çevrilmiş AXCP-nin bu yaxınlarda keçirilmiş qurultayına nəzər salaq. Sədr seçkisində bu partiya üzvlərinin “cəsarət” keyfiyyətindən nə qədər uzaq düşdüklərini gördük. “Əli Kərimliyə sədr seçkilərində niyə alternativ yoxdur” sualına “yurd”çuların əksəriyyəti cəsarətin olmadığını bəhanə gətirdilər. Belə anlaşıldı ki, AXCP-də cəsarət çatışmazlığı var.

“Formal olaraq Müsavat Partiyasında, faktiki olaraq AXCP-də, siyasi bilik və savad olaraq plintusun (döşəmə ilə divarın birləşdiyi yerə vurulan fiqurlu odun parçası) altında olan Tofiq Yaqublu dünən status yazıb, yalan danışmaqla yanaşı, hər gün tənqid etdiyi, yalançılıqda suçladığı hökumətə sözsüz inamını göstərib, Ədliyyə Nazirliyinin REAL-a bağlı məlumatlarına həqiqət mayakı kimi istinad edərək bizi ittiham edib. Adam deyir ki, heç 500 üzvləri də yox imiş, buna rişxənd edir, nazirliyi haqlı hesab edir. Yaxşı, bunun adı nədir – cığallıq, ya qərəz?!

Hamı deyir ki, Tofiq Yaqublunun nə olsun siyasi savadı yoxdur, amma mərd insandır. Ola bilər, amma mərdliklə biliksiz, sadəlövhlük arasında çox incə, elə plintusvari bir cizgi var...”. Bu isə REAL təmsilçisi Natiq Cəfərlinin statusundandır. İndi özünüz deyin, bunların partiya adına danışmağa, 5 mindən artıq insanı arxasınca aparmağa haqqı çatırmı?

V.SALAH

Bütün xəbərlər Facebook səhifəmizdə