Dostluq və qardaşlığa söykənən əbədi birlik! - TƏHLİL

Dostluq və qardaşlığa söykənən əbədi birlik! - TƏHLİL

Sarsılmaz dostluq və qardaşlığa söykənən və uğurla davam etdirilən Türkiyə-Azərbaycan əlaqələri uğurla davam edir. Qarşılıqlı etimad, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri müasir dövrümüzdə daha da möhkəmlənib. Həyata keçirilən tədbirlər böyük əhəmiyyət daşıyır və dövlətlər arasındakı dostluq-qardaşlıq münasibətləri dünya üçün nümunəyə çevrilib. Dostluq və qardaşlığa söykənən Azərbaycan Türkiyə münasibətləri bu gün daha yüksək bir mərhələdədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr komitəsinin sədri Fuat Oktayın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etməsi dövlətlərarası münasibətlərin davamlığının daha bir təzahürüdür. Hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq mövcud münasibətlər keyfiyyətcə yeni müstəviyə keçib. Azərbaycan və Türkiyənin təşəbbüsü ilə ölkələrimiz və bütövlükdə bölgə üçün önəmli layihələrin reallaşması həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına təsirini göstərir. Ölkəmizin regional iqtisadi əməkdaşlığa verdiyi böyük əhəmiyyət və trans-regional infrastruktur layihələrində fəal iştirakının nəticəsi olaraq, iki ölkə arasında beynəlxalq əhəmiyyətli bir sıra regional layihələr reallaşıb. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri və s. layihələr bu baxımdan təqdirəlayiqdir. İki ölkənin təşəbbüsü ilə həyata keçirilən digər beynəlxalq əhəmiyyətli layihə TANAP Türkiyə və Avropa Birliyi ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rola malikdir.

"BİR MİLLƏT, İKİ DÖVLƏT" PRİNSİPİ

Ölkələrimiz arasında əlaqələrin çox böyük məmnunluq doğurduğunu vurğulayan Fuat Oktay münasibətlərimizin "Bir millət, iki dövlət" prinsipi əsasında inkişaf etdiyini bildirib. O, Şuşa Bəyannaməsi ilə rəsmi olaraq müttəfiqlik səviyyəsinə yüksələn Azərbaycan-Türkiyə münasibətlərinin həmin sənəddən irəli gələn məqsəd və məramlar əsasında daha da inkişaf etdirilməsinin önəmini vurğulayıb. Ölkəsində baş vermiş zəlzələ ilə əlaqədar Azərbaycanın Türkiyənin yanında olmasının önəmini qeyd edən TBMM-in komitə sədri bu dəstəyə görə təşəkkürünü ifadə edib. Türkiyə Respublikasının Kahramanmaraş vilayəti və ətraf vilayətlərdə baş vermiş dağıdıcı zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində Azərbaycan Respublikası qardaş Türkiyə ilə həmrəylik nümayiş etdirirdi.

Azərbaycanın 44 günlük Vətən müharibəsində Türkiyə qardaş, dost ölkə olaraq Azərbaycanın yanında oldu. Bu müharibə günləri bir daha göstərdi ki, dövlətlərarası münasibətlər həqiqətən də dostluğa, qardaşlığa söykənir. İkinci Qarabağ müharibəsi zamanı Türkiyə tərəfindən göstərilən dəstək hər kəsin sevincinə səbəb oldu. Heç kəsə sirr deyil ki, Türkiyə Ermənistan-Azərbaycan, Qarabağ münaqişəsinin həlli işində daim Azərbaycana böyük dəstək göstərdi. Ümumilikdə tarixi Zəfərimiz bu qardaşlığın dünyaya təqdimatında öz sözünü dedi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın "Azərbaycan tək deyil" çağırışı dünyaya mesaj oldu. Sonadək mənəvi və siyasi dəstəyini göstərən qardaş Türkiyə Zəfərimizi Azərbaycan ilə birgə yaşadı. Postmünaqişə dövrünün reallıqlarının qəbul etdirilməsində və həyata keçirilməsində Türkiyə daim Azərbaycanın yanındadır. Bu gün işğaldan azad olunan torpaqlarımızda Azərbaycan və Türkiyə bayraqları dalğalanır. Azərbaycanla Türkiyənin ortaq köklərdən və dəyərlərdən güc alan dostluq və qardaşlıq münasibətləri böyük inkişaf yolu keçib. Bu gün bu münasibətlər ən yüksək zirvəyə yüksəldilib.

Qarşılıqlı etimad, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələrinin hərtərəfli inkişafı baxımından, həyata keçirilən tədbirlər, ən əsası da dövlətlər arasındakı dostluq-qardaşlıq münasibətləri artıq dünya üçün nümunəyə çevrilib. İqtisadi-ticari əlaqələrin genişlənməsi dövlətlərarası münasibətlərdə mühüm əhəmiyyət kəsb edir. Görüşdə Azərbaycan Prezidenti İlham Əliyev Türkiyədəki seçkilərdən sonra Rəcəb Tayyib Ərdoğanın Azərbaycana dövlət səfərinin önəmini yüksək qiymətləndirib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın son seçkilərdən sonra Azərbaycana səfər etməsi, önəm verməsi onu deməyə əsas yaradır ki, iki ölkənin qardaşlıq prinsipinə söykənən müttəfiqlik münasibətləri bundan sonra da davam edəcək. Prezident İlham Əliyev bu səfər əsnasında da ikitərəfli əlaqələrin inkişafı ilə bağlı geniş müzakirələrin aparıldığını vurğulayıb. Azərbaycan ilə Türkiyə arasında hərbi, hərbi-texniki sahədə əməkdaşlığın inkişafına toxunan dövlətimizin başçısı Prezident Rəcəb Tayyib Ərdoğanın Bakıda olarkən Hərbi Hava Qüvvələrinin yeni Mərkəzi Komanda Məntəqəsinin açılışında iştirakının ölkələrimiz arasında hərbi sahədə əməkdaşlığın inkişafının növbəti nümunəsi olduğunu diqqətə çatdırıb. Əlbəttə ki, Hərbi Hava Qüvvələrinin yeni Mərkəzi Komanda Məntəqəsinin açılışında iştirak etməsi də hərbi sahədə güclənən əməkdaşlığımızın göstəricisidir.

AZƏRBAYCAN-TÜRKİYƏ MÜNASİBƏTLƏRİNDƏ YENİ BİR DÖVRÜN BAŞLANĞICI

Şuşa Bəyannaməsi ilə müttəfiqlik prinsipi əsasında ölkələrimiz arasında əlaqələrin inkişaf etdiyini diqqətə çatdıran Azərbaycan Prezidenti Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın, həmçinin bu əməkdaşlığın parlament səviyyəsində daha da inkişaf etdirilməsinin, parlamentlərin xarici əlaqələr komitələrinin Türk Dövlətləri Təşkilatı çərçivəsində fəaliyyətinin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb. "Bir millət, iki dövlət", - deyən Ulu Öndər Heydər Əliyevin dövlətlərarası yaratdığı qardaşlıq münasibətləri bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən çox yüksək səviyyədə, uğurla davam etdirilir və müttəfiqlik səviyyəsinə yüksəldilib. 2021-ci il iyunun 15-də "Azərbaycan Respublikası ilə Türkiyə Cumhuriyyəti arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi"nin imzalanması Azərbaycan-Türkiyə münasibətlərində yeni bir dövrün başlanğıcını qoymuş oldu. Qardaş dövlətlərin Şuşa Bəyannaməsini imzalamaları müttəfiqlik münasibətlərinin göstəricisidir. Şuşa Bəyannaməsi Qars müqaviləsinə, Dostluq və Əməkdaşlıq haqqında Müqaviləyə, Strateji Tərəfdaşlıq və Qarşılıqlı Yardım haqqında müqaviləyə əsaslanaraq, Azərbaycan-Türkiyə münasibətlərinə yeni mənəvi-siyasi və hərbi-strateji məzmun verib. Bəyannamədə beynəlxalq müstəvidə birgə əməkdaşlıq, siyasi münasibətlər, iqtisadi-ticari əlaqələr, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, enerji təhlükəsizliyi kimi məsələlər öz əksini tapıb. Tarixi, strateji önəmi, hüquqi, hərbi və siyasi baxımdan xüsusilə böyük əhəmiyyətə malik olan Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığının sarsılmazlığını bir daha nümayiş etdirir. Azərbaycan və Türkiyə regionda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması istiqamətində səylərini davam etdirilməsi baxımından yeni imkanlar açır. Şuşa Bəyannaməsi iki ölkə arasında imzalanmış olsa da, bölgə üçün də böyük əhəmiyyət daşıyır.

Görüşdə, həmçinin Orta Dəhliz, enerji sahələrində əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb, son dövrlərdə Türkiyə ilə Azərbaycan arasında Preferensial Ticarət Sazişindən irəli gələrək iqtisadi-ticari əlaqələrin daha da genişləndirilməsi və ticarət dövriyyəsinin 6 milyard dollara çatması müsbət məqamlar kimi qeyd olunub. Göründüyü kimi, qarşılıqlı etimad, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri müasir dövrümüzdə daha da möhkəmlənir.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə