"Beynəlxalq hüquq normaları hamı üçün eyni olmalıdır" – KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ

"Beynəlxalq hüquq normaları hamı üçün eyni olmalıdır" – KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ

"Fransa dövlətinin, xüsusilə, bu ölkənin prezidenti Emmanuel Makronun məkrli əməlləri sülhə, əminamanlığa, demokratiyaya təhdid olmaqla, bəşəriyyətə qarşı hörmətsizlik və xəyanətdir". Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məslidin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.

Komitə sədri vurğulayıb ki, Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının üzvü kimi Fransa dünyada təhlükəsizliyin təmin edilməsinə, müharibələrin, münaqişələrin qarşısının alınmasına cavabdeh olduğu halda, əksinə, bunun əleyhinədir və terrorun, təxribatın, qarşıdurmaların tərəfdarı rolunda çıxış edir və uzun illər Azərbaycana münasibətdə biz bunu gördük, bu gün də bu çirkin əməllərin şahidiyik.

“Makron ermənipərəstliyi ilə seçilir və bunu açıq-aydın bildirir. O, Ermənistana dəstək verir, təcavüzkar ölkəni silahlandırır. Digər tərəfdən müharibənin əleyhinə olduğu görüntüsü yaradaraq, Ukraynanın yanında olduğunu bildirir. Ancaq nədənsə unudur ki, onun verdiyi silahlar və yardımlar, Erməni kilsəsinin xeyir-duası ilə təşkilatlandırılan erməni batalyonu tərəfindən ukraynalı dinc əhalinin qətlinə yönəldilir. Göründüyü kimi Makron Ermənistanı silahlandırmaqla həm Azərbaycana, həm də Ukraynaya qarşı təcavüzkarlıq siyasəti yeridir. Çox təəssüflər olsun ki, beynəlxalq təşkilatlar, böyük dövlətlər bunu görməməzliyə vurur və Makron kimi təcavüzkar, ikiüzlü rəhbərin əməllərinə lazımi qiymət vermirlər. Beynəlxalq hüququn normalarına, dövlətlərin təhlükəsizliyinə, sülhə zidd olan belə hallar mütləq öz qiymətini almalıdır.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin Ermənistan bölməsinin qaçaqmalçılıq əsasında Laçın dəhlizində nəqliyyatın hərəkətinin dayandırılması və qaçaqmalçılıq cəhdlərini əks etdirən videonun yayılması bu təşkilatın imicinə çox böyük zərbədir. Beynəlxalq təşkilatın belə bir həssas nöqtədə yol verdiyi səhvlər bağışlanmazdır və Azərbaycanın bu sahədə həyata keçirdiyi tədbirlər qanunauyğun, təqdirəlayiqdir. Komitə qanunlarımıza zidd fəaliyyətinə son qoymalı, səhvlərindən nəticə çıxarmalı, beynəlxalq missiyasına hörmətlə yanaşmalı reallıqları dərk edib Azərbaycanın tələblərini yerinə yetirməlidir”, deyə Tahir Rzayev bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə