NATO: Vilnüs sammitindən gözləntilər nələrdir? - POLİTOLOQ ŞƏRH ETDİ

NATO: Vilnüs sammitindən gözləntilər nələrdir? - POLİTOLOQ ŞƏRH ETDİ

Bütün dünyanın gözü NATO-nun bu gün və sabah Vilnüsdə keçiriləcək sammitindədir. Rusiyanın Ukraynaya hərbi müdaxiləsi, İsveçin NATO-ya üzvlüyü kimi məsələlərin müzakirə olunacağı sammitdən gözləntilər barədə politoloq Anar Vəliyev SİA-ya danışıb: "Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra NATO və Rusiya arasında münasibətlər kifayət qədər gərginləşdi. Əslində, Rusiya tərəfi NATO-nin Şərqə doğru genişlənməsini əlində əsas götürərək Ükraynada xüsusi hərbi əməliyyat keçirdiyini elan edib. Bu mənada NATO ötən il yarım ərzində üzv dövlətlərlə və üzvlüyə qəbul olmaq istəyən dövlətlərlə kifayət qədər daha sıx inteqrasiya və qarşılıqlı birgə fəaliyyət proqramı əsasında işləyir. NATO-nun Şərqə doğru genişlənməsi prosesi Rusiyanın müdaxilələrinə baxmayaraq, davamlı xarakter almaqdadır və bu gün də Ukrayna və İsveçin NATO-ya üzvlüyü ilə bağlı məsələlər gündəlikdə və müzakirədədir.

Bildiyimiz kimi, Türkiyənin əks mövqeyinin nəticəsi olaraq bu gün İsveç hələ ki, NATO-ya üzv ola bilməyib. Lakin bir neçə gün öncə Ukrayna prezidenti Volodimir Zelenskinin Türkiyəyə səfəri çərçivəsində də NATO-nun əsas aparıcı üzvlərindən biri olan Türkiyənin lideri Rəcəb Tayyib Ərdoğan Ukraynanın NATO-ya üzvlüyə hazır olduğunu və Türkiyənin bu üzvlük məsələsi müzakirə olunacağı təqdirdə dəstək verəcəyini bəyan etməsi hesab edirəm ki, bu gün və sabah keçiriləcək Vilnüs sammitində müzakirə mövzularından biri olacaq. Lakin eyni zamanda, təbii ki, bu iki günlük sammit zamanı əsas məsələlərdən biri Rusiyanın cilovlanması, Ukraynaya hərbi müdaxiləsinin qarşısının alınması, xüsusilə də müttəfiq və üzv dövlətlərlə birgə Rusiyaya qarşı əks-mübarizənin daha mütəşəkkil şəkildə təşkil edilməsi istiqamətində məsələlər müzakirəyə çıxarılacaqdır".

Politoloq Rusiya ilə sərhəd NATO ölkələrinin təhülkəsizliyi ilə bağlı qeyd edib: "Bildiyimiz kimi, Rusiya ilə sərhəd NATO dövlətlərinin sayı artmaqdadır. Həmin ərazilərə, xüsusilə də pribaltika respublikalarında kifayət qədər Rusiya tərəfindən təhdidlərin və təhlükələrin olduğu görülür. Bu baxımdan heab edirəm ki, müzakirə mövzularından biri də Rusiya ilə sərhəd NATO-ya üzv ölkələrin təhlükəsizlik məsələləri və NATO qoşunlarının həmin ərazilərdə yerləşdirilməsi imkanları müzakirəyə çıxarıla bilər. Eyni zamanda, burada vacib məqamlardan biri də İsveç və Türkiyə münasibətlərinin müzakirəyə çıxarılmasıdır. Çünki Türkiyə İsveçin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyini, xüsusilə də terrorçuların dəstəklənməsi istiqamətində proseslərdən çəkinmədiyini, İsveç tərəfinin isə Türkiyə ilə müzakirələr zamanı əldə olunmuş razılaşmaların yerinə yetirildiyini, amma buna baxmayaraq, Türkiyənin NATO-ya üzv dövlət olaraq İsveçin üzvlük məsələsinə qarşı çıxdığını bəyan edir. Hesab edirəm ki, müzakirə mövzularından biri də bu olacaqdır. Amma Türkiyənin mövqelərindən geri çəkiləcəyi və terrorçularla bağlı məsələlərdə ciddi addımların atmadığı iddiasını irəli sürən İsveçin NATO-ya üzvlüyü ilə bağlı məsələyə həssaslıqla yanaşacağını, bu məsələyə yenə də veto qoyacağını hesab edirəm".

"Digər mühüm məsələlərdən biri də sammit zamanı NATO-nun bir daha, xüsusən ABŞ-nin liderliyi ilə bir çətir altında daha sıx birləşdirilməsi və NATO-nun artıq Avro-Atlantik məkanda təhlükəsizlik məsələsi deyil, dünya səviyyəsində təhlükəsizlik məsələlərinə, qlobal təhlükəsizliyə təhdidlə bağlı problemlərdə əsas rolu öz üzərinə götürmə məsələsi müzakirəyə çıxarılacaqdır. Bildiyimiz kimi, bu gün əsas məsələlərdən biri də Rusiyanın Ukraynanaya müdaxiləsi ilə yanaşı, artıq Çinin yarada biləcəyi təhdidlərdir. ABŞ bir sıra müttəfiqləri ilə Çinin imkanlarının cilovlanması, onun imkanlarının müəyyən çərçivəyə salınması istiqamətində addımlar atır və müxtəlif razılaşmalar imzalanıb. Hələ 2021-ci ildə ABŞ razılaşması imzalandı və s. Lakin hesab edirəm ki, burada müzakirə məsələlərindən biri də NATO-nun qlobal təhlükəsizliyə təhdid məsələlərində də mövqeyinin açıqlanması məsələsi olacaqdır və buda bölgə ilə yanaşı, xüsusilə ABŞ-nin nüfuzunun və mövqeyinin gücləndirilməsi, ABŞ-nin liderliyi altında yeni dünya düzəninin formalaşması istiqamətindəki proseslərə yeni istiqamət, axın vermiş olacaqdır", - Anar Vəliyev vurğulayıb.

Müəllif: Aysel Naibli

Bütün xəbərlər Facebook səhifəmizdə