Strateji tərəfdaşlıq səviyyəsinə yüksələn Azərbaycan-Albaniya münasibətləri - TƏHLİL
PREZİDENT İLHAM ƏLİYEV: "Azərbaycanla Albaniya arasında yüksək səviyyədə siyasi dialoqun çox yaxşı dinamikası var"
Bəli, bu gün beynəlxalq hüquq normalarına, qarşılıqlı inam və etimada, faydalı əməkdaşlığa əsaslanaraq, xarici siyasətini həyata keçirən Azərbaycan dünya dövlətləri, eləcə də qonşu dövlətlərlə münasibətlərini daha da inkişaf etdirməyə nail olmuşdur. Ulu Öndər Heydər Əliyev siyasətini, onun xarici siyasət kursunu yeni dövrün tələblərinə uyğun olaraq davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin beynəlxalq arenada nüfuzunun daha da yüksəlməsinə, milli maraqlarının qorumasına nail olmuşdur. Məhz bu gün Azərbaycanın dünya ölkələri ilə qarşılıqlı etimad səviyyəsində qurulan diplomatik əlaqələr yüksək bir mərhələdədir və bir çox dövlətlər Cənubi Qafqazın lideri olan Azərbaycanla bütün sahələrdə əməkdaşlığın genişləndirilməsinə böyük maraq göstərirlər. Albaniya Prezidenti Bayram Beqayın iyulun 6-da Azərbaycan Respublikasına rəsmi səfəri bu münasibətlərin böyük göstəricisidir. Səfər Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə həyata keçirilib. Səfər çərçivəsində ikitərəfli əməkdaşlıq, Albaniyadan qazın regionun digər ölkələrinə paylanması layihələrinin həyata keçirilməsi ilə bağlı müzakirələr aparılıb.
"ƏMİNƏM Kİ, SƏFƏR ÖLKƏLƏRİMİZ ARASINDA SIX İKİTƏRƏFLİ MÜNASİBƏTLƏRİ GÜCLƏNDİRƏCƏK"
Bəli, Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən Albaniya ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı rəsmi Bakının xarici siyasət kursunun vacib istiqamətlərindən biridir. Və bu gün ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində də uğurlu əməkdaşlıq edir. Qeyd edək ki, Albaniya həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və bu dəstək qarşılıqlı olub. Həm işğal, həm də İkinci Qarabağ müharibəsi dövründə Albaniya rəsmilərinin bəyanatları, Azərbaycanın ərazi bütövlüyünə göstərilən dəstək yüksək qiymətə layiqdir. Prezident İlham Əliyev mətbuata bəyanatında bu barədə xüsusi vurğulayıb. Dövlətimizin başçısı bildirib ki, hətta Azərbaycan özünü müdafiə etmək fürsətinə malik olmadığı təşkilatlarda belə, Albaniya qardaş ölkə olaraq bizi dəstəkləyib.
Albaniya Prezidenti Bayram Beqayın iyulun 6-da Azərbaycan Respublikasına rəsmi səfəri bu münasibətlərin böyük göstəricisidir. Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Albaniya Prezidenti Bayram Beqayın təkbətək və geniş tərkibli görüşündə iki ölkə arasında əməkdaşlığın perspektivləri müzakirə edilib. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, hazırda yaxın dost və qardaş ölkələr olan Azərbaycanla Albaniya arasında əməkdaşlıq əlaqələri həm siyasi, həm də iqtisadi sahədə dinamik şəkildə inkişaf edir.
Prezident İlham Əliyev Albaniya Prezidenti Bayram Beqayla mətbuata bəyanatında bu səfərinə çox böyük önəm verildiyini söyləyib: "Biz Albaniya Prezidentinin rəsmi səfərinə çox böyük önəm veririk. Əminəm ki, səfər ölkələrimiz arasında sıx ikitərəfli münasibətləri gücləndirəcək. Mən, həmçinin bu fürsətdən istifadə edərək, ötən il Albaniyaya səfərim zamanı mənə və nümayəndə heyətimə göstərilmiş qonaqpərvərliyə görə, cənab Prezident, Sizə təşəkkürümü bildirmək istəyirəm. Mən, həmçinin qeyd etmək istəyirəm ki, ötən il Albaniyanın Baş nazirini iki dəfə qəbul etdik və bu ilin martında Prezident Azərbaycana işçi səfərə gəlmişdi. Təkcə bu səfərlər əlaqələrimizin nə qədər sıx, dialoqumuzun nə dərəcədə fəal olduğunu nümayiş etdirir".
ALBANİYA İLƏ MÜXTƏLİF SAHƏLƏRİ ƏHATƏ EDƏN İKİTƏRƏFLİ ƏMƏKDAŞLIQ AZƏRBAYCANIN XARİCİ SİYASƏTİNİN MƏNTİQİ NƏTİCƏSİDİR
"Biz çox sıx dostluq münasibətləri qurmuşuq və Azərbaycanla Albaniya arasında yüksək səviyyədə siyasi dialoqun çox yaxşı dinamikası var". Bu sözləri Prezident İlham Əliyev Albaniya Prezidenti Bayram Beqayla keçirilən geniş tərkibdə görüş zamanı deyib. Bunun ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsi baxımından mühüm amil olduğunu söyləyən dövlətimizin başçısı bildirib: "Mən bu münasibətləri əla adlandırardım. Bu, beynəlxalq təsisatlarda qarşılıqlı dəstəkdə, enerji və iqtisadi inkişaf sahələrində praktiki fəaliyyətdə özünü göstərir".
Dövlətimizin başçısı onu da vurğulayıb ki, çünki burada bizim dostluğumuz, qarşılıqlı maraq və gələcəklə, ikitərəfli münasibətlərin irəli aparılması və əməkdaşlığın gücləndirilməsi ilə bağlı aydın baxış kimi möhkəm təməl var.
Bəli, göründüyü kimi, müstəqil xarici siyasət həyata keçirən Prezident İlham Əliyevin uğurlu diplomatiyası ilə Azərbaycan əksər dövlətlərin Cənubi Qafqaz regionundakı ən etibarlı tərəfdaşına çevrilib. Mərkəzi və Şərqi Avropa ölkələri ilə fəal əməkdaşlıq edən Azərbaycanın beynəlxalq təşilatlarda dəstək qazanması diplomatiyamızın uğurlarından hesab olunmalıdır. Və bu gün Azərbaycanla Albaniya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin vacib istiqamətlərindən biridir.
Prezident İlham Əliyev və Albaniya Respublikasının Prezidenti Bayram Beqay mətbuata bəyanatlarla çıxışında qeyd etmişdir ki, ölkələrimiz arasında dostluq və qarşılıqlı dəstəyə əsaslanan ikitərəfli əlaqələrdə çox xüsusi dinamika yaranmışdır. Azərbaycan və Albaniya beynəlxalq təşkilatlarda fəal çalışır, ilk növbədə Birləşmiş Millətlər Təşkilatında və İslam Əməkdaşlıq Təşkilatında bir-birimizə dəstək veririk. Eyni zamanda, Azərbaycanın olmadığı təşkilatlarda Albaniyaya ölkəmizi daim dəstəkləyir Prezident İlham Əliyev, həmçinin Azərbaycanın olmadığı təşkilatlarda ölkəmizi dəstəklədiyinə görə Albaniyaya minnətdarlıq edib: "Ötən ilki Frankofoniya Sammitində Azərbaycana verdiyi dəstəyə görə mən cənab Prezidentə və Albaniya hökumətinə artıq öz minnətdarlığımı bildirdim. O vaxt Frankofoniya təşkilatının üzv dövlətlərindən biri yekun sənədə bir bəndi əlavə etmək və qəbul etdirməyə cəhd göstərdi. Bu, anti-Azərbaycan mahiyyəti olan bənd idi. Albaniya həmin bəndi bloklayan ölkə oldu. Həmin addım dostluğun, eləcə də ölkələrin ərazi bütövlüyü və suverenliyi kimi beynəlxalq hüququn əsas prinsiplərinə qəti sadiqliyin təzahürü oldu. Hətta Azərbaycan özünü müdafiə etmək fürsətinə malik olmadığı təşkilatlarda belə, bizim Albaniya kimi qardaş ölkəmiz var və o, bu dəstəyi verdi. Buna görə biz çox minnətdarıq".
"BU İLİN SONUNADƏK BİZ AVROPA İTTİFAQINA ÜZV OLAN DAHA ÇOX SAYDA ÖLKƏLƏRİN AZƏRBAYCANDAN TƏBİİ QAZI ALACAĞINI GÖZLƏYİRİK"
Prezident İlham Əliyev bəyanatında ölkələr arasında ticari, iqtisadi məsələlər, sərmayə imkanları nəzərdən keçirilib, əməkdaşlığın əsas meyarı olan enerji məsələsinə dair fikirlərini bildirib. Albaniyanın qazlaşdırılması layihəsinin uğurlu gedişini qeyd edən ölkəmizin başçısı bildirmişdir ki, ilin sonuna qədər layihənin texniki əsaslandırılması başa çatacaqdır. Qazpaylayıcı şəbəkəsinin quraşdırılmasından sonra isə bu ölkəyə Azərbaycan sərmayəsi daxil olacaq və ölkəmiz üzərinə götürdüyü öhdəliyi laqincə sona çatdıracaqdır: "Bu ilin sonunadək biz Avropa İttifaqına üzv olan daha çox sayda ölkələrin Azərbaycandan təbii qazı alacağını gözləyirik. Həmçinin əvvəlki təmaslarımzda müzakirə olunan mövzulardan biri Albaniyanın qazlaşdırılması layihəsi idi və sınaq layihəsi seçilmişdi. Bu gün bizə nümayəndə heyətlərinin üzvləri tərəfindən məlumat verildiyi kimi, işlər cədvələ uyğun gedir və ilin sonunadək bizdə artıq bu layihənin texniki-iqtisadi əsaslandırılması olacaq. Bundan sonra isə ümid edirəm ki, biz dərhal investisiyalara başlayacağıq. Bu, qazpaylayıcı şəbəkəsini qurmaq üçün Albaniyaya yatırılacaq xalis Azərbaycan investisiyası olacaq".
Azərbaycan Prezidenti İlham Əliyev mətbuata Bəyanatında, həmçinin enerrji sahəsinə toxunaraq bildirib ki, bu vaxta qədər əməkdaşlığımızın əsas meyarı enerji sektoruna aid olub: "Həmin əməkdaşlıq nəinki ölkələrimiz, o cümlədən böyük sayda digər ölkələr, xüsusən də Cənub Qaz Dəhlizinin hissəsi olan TAP üçün əhəmiyyətlidir. Həmin boru kəməri Albaniyanın ərazisindən keçir. Hazırda o, enerji təhlükəsizliyinin mənbəyidir, Azərbaycan və Avropa İttifaqının qaz təchizatı sahəsində fəal işini, eləcə də Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış Enerji sahəsində Strateji Tərəfdaşlıq sənədini nəzərə alsaq, bütün bunlar, təbii ki, ölkələrimiz arasında sıx əməkdaşlıq üçün mühüm meyarlardır. Çünki bir çox Avropa ölkələri üçün enerji təhlükəsizliyi, həmçinin Cənub Qaz Dəhlizi vasitəsilə təmin edilir. Həmin ölkələrin sayı artır. Avropa İttifaqı bazarına Azərbaycanın təbii qaz ixracı artır. Həcmlər artır və onun coğrafiyası genişlənir".
Eyni zamanda Tiranada və Bakıda hər iki ölkənin səfirliklərinin fəaliyyətə başlamasını qeyd edən cənab Prezident bundan sonra da ölkələrimiz arasında fəal siyasi dialoqun, qarşılıqlı əməkdaşlığın inkişafı sahəsində səylərin artırılacağını vurğulamışdır.
Bir sözlə, ökələrimiz arasında mövcud olan münasibətlərdən, bunun inkişafı meyillərindən belə bir nəticə hasil olur ki, Azərbaycan-Albaniya əlaqələri yaxın gələcəkdə daha da inkişaf edəcək və bütövlükdə regionda sülhə, sabitliyə, demokratik inkişafa, sosial-iqtisadi yüksəlişə təkan verəcəkdir. Dövlət başçımızın dediyi kimi: "Əminəm ki, səfər ölkələrimiz arasında sıx ikitərəfli münasibətləri gücləndirəcək".
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB