Haqqın, ədalətin vurduğu TƏRS SİLLƏ - TƏHLİL

Haqqın, ədalətin vurduğu TƏRS SİLLƏ - TƏHLİL

Ermənistanın Azərbaycana qarşı məhkəmə işi üzrə 12 may 2023-cü il tarixli müraciəti ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsinin qərarı təkcə separatçılara deyil, bütövlükdə dünya ermənilərinə haqqın, ədalətin tərs silləsi oldu. Çünki bütün dünya ictimaiyyəti müşahidə etdi ki, ermənilərin istəklərinin də, niyyətlərinin də qanundan kənar, ədalətdən uzaq olduğunu mötəbər bir beynəlxalq qurum, beynəlxalq hüquqi təşkilat da təsdiqlədi və bu fakt artıq xam xəyallarda olan erməni cəmiyyəti üçün zərbə hesab olunur.

Beynəlxalq Ədalət Məhkəməsinin qərarı Azərbaycanın öz sərhədlərinə nəzarət etmək hüququnu təsdiq edir və Ermənistanın Laçın yolundakı sərhəd-keçid məntəqəsinin ləğvi tələbinin əsassızlığını sübut edir. Eyni zamanda, sözügedən məhkəmənin bu qərarı o deməkdir ki, Azərbaycanın Ermənistanla şərti dövlət sərhədində sərhəd-buraxılış məntəqəsi yaratmaq üçün suveren hüququ olduğu rəsmən qəbul edilir. Deməli, bununla çox aydın şəkildə bildirilir ki, Azərbaycanın öz silahlı qüvvələrini Laçın yolundan çıxarmaq kimi bir öhdəliyi ola bilməz. Daha dəqiq desək, öz suveren hüququ əsasında bu ilin aprelində Azərbaycanın yaratdığı sərhəd-keçid məntəqəsinin fəaliyyətinin məhkəmənin 22 fevral 2023-cü il tarixli qərarını pozması ilə bağlı Ermənistanın iddiası əsassız sayılır və rədd edilir. Həmin iddia ilə yanaşı erməni cəmiyyətinin bəhanələri də, uydurmaları da, xam xəyalları da, ümidləri də rədd edilir, hansıki, bu, uzun zaman, uzun dövr ərzində ermənilərin başqalarına məxsus olanı mənimsəmək arzularını, planlarını puça çıxarmış olur və deməli, belə bir qərar onlar üçün tərs sillədir.

İstər İrəvanın, istər Qarabağ iqtisadi rayonunun, istərsə də bütün dünyanın separatçı, təxribatçı, ara qarışdırmaqda meyilli olan erməniləri növbəti fiasko ilə üzləşdiklərini özləri hamıdan yaxşı bilirlər. Yaxşı bilirlər ki, haqsız olduqlarının məhz qanunun dili ilə bildirilməsi, təsdiqlənməsi onlar üçün “son” deməkdir və bundan sonra istinad ediləcəyinə ümid etməyə belə instansiya yoxdursa, deməli, dalana dirənmiş vəziyyətdədirlər. Təbii ki, onların şikayətçi, yaxud, ən azından narazı olduqları, ya da olacaqları bəllidir və gözləniləndir də. Məsələ burasındadır ki, boş-boş şikayətlər və narazılıqlardan başqa çarələri də qalmayıb, çünki əvvəla, erməni cəmiyyəti nə bunun əksini tələb edə, nə bunun əksini subut edə, nə də sehrli çubuqla qərarı dəyişə bilər və belə olan halda həmin o qərarın fonunda onlara dəyən sillənin təsirindən hansısa “səs salmaları” anlaşılandır. Erməni cəmiyyətində uydurulan “blokada” nağılının da, miflərin də mənasız, puç olması həmin cəmiyyət üçün daha bir zərbə sayılır və mövcud reallıqlardan nəticə çıxarmadıqları təqdirdə acısını çəkmək məcburiyyətində qalmaları növbəti dərs hesab olunur.

Artıq İrəvanda, Xankəndində, lap elə Parisin özündə belə kimlərsə qəzəblənib Beynəlxalq Ədalət Məhkəməsinin qərarından narazılığını ifadə etsələr, etirazlarını bildirsələr belə heç nəyə təsir edə bilməyəcəklər. Bundan sonra nəyi isə dəyişmək mümkünsüzdür. Haqqın, ədalətin, qanunun Azərbaycan tərəfində olduğu rəsmən etiraf edildisə, bunan sonra ermənilərin bu rakursda nəyə isə ümid etmələri mənasızdır. Əslində, dəyişdirilməsi, yığışdırılması lazım olan ermənilərin beyinlərinə doldurulan yalanlar, uydurma iddialardır, miflərdir ki, onlar buna nail olmağa çalışmalıdırlar. İsterik bəyanatlar, absurd fikirlər, ittihamlar erməni cəmiyyətini fiaskodan xilas edən deyil və bunu özləri nə qədər tez başa düşsələr bir o qədər fayda qazana bilərlər. Hər bir halda, ziyanın yarısından qayıtmağın özü də faydalıdır və ermənilər bu həqiqəti tez dərk etsələr belə vəziyyətə, yenə də məğlub duruma düşməkdən yaxa qurtara bilərlər, əks halda belə tərs sillə onlar üçün davamlı olacaq. Onsuz da Ermənistan tərəfi hər həftə arzu etmədiyi məğlubiyyətlərlə qarşılaşmaqdadır və artıq istənilən istiqamətdə, istənilən müstəvidə və platformada Azərbaycan qarşısında məğlub duruma düşür, hansıki bunun davamlı olacağı da ermənilərin özləri tərəfindən belə təkzib edilmir.

Yeri gəlmişkən, xatırladaq ki, Laçın-Şuşa yolunda ekoloji hərəkat fəallarının aksiyası başlayan zaman Beynəlxalq Məhkəməyə müraciət edərək Azərbaycana qarşı hansısa tədbirlərin görülməsi üçün çalışan Ermənistan tərəfi o zaman da nəyə isə nail ola bilmədi. Əsrin üçdə birinə yaxın müddət ərzində rahat keçiddən sui istifadə edən, bu keçidlə də istədiyi yükləri, hətta hərbi təyinatlı yükləri, silah-sursatı, hərbi texnikanı Azərbaycan ərazilərinə daşıyan erməni separatıları indi bundan məhrum olmaları ilə təbii ki, barışa bilmirlər və indi də cabalarının nəyə görə olduğu bəll məsələdir. Ermənistan-Azərbaycan sərhədində Laçın sərhəd-keçid məntəqəsinin quraşdırılmasının guya “qanunsuzluğu” ilə bağlı Ermənistanın mayın 15-də müvəqqəti tədbirlərin tətbiqi ilə bağlı sözügedən məhkəməyə yeni müraciət ünvanlaması həmin yoldan öz çirkin niyyətləri, təxribatları, separatçılıq məqsədləri üçün maneəsiz keçid olaraq istifadə etmək niyyətlərinin təzahürü idi. Keçən cümə günü Beynəlxalq Ədalət Məhkəməsinin bu tələbi rədd etməsi onların arzu və niyyətlərini puça çıxardı və ən əsası da Azərbaycanın haqlı olduğu, qanunların da Azərbaycanın tərəfində olduğu bir daha təsdiq edildi. Bununla da nəyə isə ümid edən erməni cəmiyyəti öz cavabını almış oldu. Daha dəqiq desək, ermənilərin sərsəm, axmaq planları elə məhz Beynəlxalq Ədalət Məhkəməsində dəfn edildi, İrəvanın Bakıya qarşı nəzərdə tutduğu “beynəlxalq təzyiq” barədə aruları da puç oldu.

Beynəlxalq Ədalət Məhkəməsinin qərarı ona görə ermənilərə tərs sillə kimi dəydi ki, məhz Laçın dəhlizi ilə bağlı istifadə etmək cəhdləri belə keçmişdə qalmış oldu. Bu qərar onu göstərir ki, Qarabağ məsələsinin Azərbaycanın daxili işi olduğu beynəlxalq müstəvidə belə qəbul olunur və hansıki, qanunla da təsdiqləndi. Belə bir hal ermənilər üçün heç də arzuolunan hesab oluna bilməz və indi erməni cəmiyyəti bunun nə demək olduğunu yaxşı başa düşməlidir. Başa düşməlidir ki, artıq erməni separatizminin “yolunun bağlanması” beynəlxalq səviyyədə belə qəbul olunur və qondarma, eləcə də dırnaqarası “dövlət qurmaq” iddiaları da, Azərbaycan ərazilərində “müstəqillik” iddiaları da tarixin arxivinə düşmüş oldu. Həmin cəmiyyət anlamalıdır ki, Beynəlxalq Ədalət Məhkəməsinin bu qərarı Azərbaycanın 44 günlük müharibədə qazandığı böyük Zəfərdən sonra növbəti və əsas strateji qələbəsi, uğurudur. Elə ən böyük tərs sillənin biri də məhz bu rakursda separatı ermənilər üçün daha ağrılı oldu.

Qondarma “etnik təmizləmə”, “humanitar fəlakət” kimi erməni yalanları, uydurmaları məhz Beynəlxalq Ədalət Məhkəməsində məlum qərarla birdəfəlik basdırıldı ki, bu, bütövlükdə dünya ermənilərinin, onların lobbilərinin, diasporlarının belə əl-qolunu bağlamış oldu. Çünki həmin qərar təsdiq edir ki, rəsmi Bakının mövqeyini, Qarabağın Azərbaycanın daxili işi olduğunu beynəlxalq güclər qəbul edir. Bütün fəaliyyəti, təxribatçılıq əməlləri iflasa uğrayan Ermənistanın ən böyük və son ümidi olan Beynəlxalq Ədalət Məhkəməsinin məlum qərarı bu baxımdan ermənilər üçün çox ciddi zərbə sayılır. Çünki bu qərarla onların onillər boyu göstərdikləri çirkin fəaliyyətin mənasız, boş, nəticəsiz olduğu öz təsdiqini tapdı. Bu qərar, yalnız beynəlxalq səviyyədə Ermənistanın həyata keçirmək istədiyi təxribatların mənasız və nəticəsiz olduğunu ortaya qoymadı, eyni zamanda ötən əsrin 90-cı illərindən, daha dəqiq desək, 1988-ci ildən ermənilərin başlatdıqları çürük ideyaların, ələlxüsus da çirkin “miatsum” ideyasının beynəlxalq səviyyədə, özü də beynəlxalq hüquqla sıradan çıxarılmasını təmin etdi. Deməli, illər, onilliklər boyu çirkin niyyətlər uğrunda dəridən-qabqdan çıxanların bütün əməyi boşa çıxdı, zay oldu, mənasızlığı bəlli oldu və indi elə həmin o separatçı erməni cəmiyyəti üçün bundan böyük zərbə, tərs sillə ola bilməzdi. Bu, Azərbaycanın apardığı haqq işin, ədalətli mübarizənin, bir sözlə, haqqın, ədalətin vurduğu tərs sillədir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə