"Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı" proqramı təsis edilib - TƏHLİL

"Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı" proqramı təsis edilib - TƏHLİL

Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2017-ci il tarixli, 3457 nömrəli Sərəncamı ilə İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin vətəndaşları, eləcə də Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 2018-ci il tarixli, 3567 nömrəli Sərəncamı ilə Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşları üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrində tədris dilinə uyğun hazırlıq kurslarında və ali təhsilin bakalavriat, magistratura, doktorantura, tibb təhsili üzrə əsas təhsil və rezidentura səviyyələrində təhsil qrantı proqramları təsis edilib. İslam Əməkdaşlıq Təşkilatına və Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşlarının Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsili üçün Azərbaycan Respublikası Prezidentinin təsis etdiyi qrant proqramları Azərbaycanın beynəlxalq nüfuzunun artmasına, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığın möhkəmlənməsinə, dost və tərəfdaş ölkələrdə insan resurslarının inkişafına nəzərəçarpan töhfələr vermişdir.

Bu günlərdə isə Azərbaycan Prezidenti İlham Əliyev "Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı" proqramının təsis edilməsi haqqında Sərəncam imzalayıb.

Müasir Azərbaycan dövlətinin qurucusu, dahi siyasi və dövlət xadimi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin beynəlxalq münasibətlər sistemində Azərbaycan Respublikasının layiqli mövqe qazanmasında müstəsna rolunu nəzərə alaraq, ali təhsil müəssisələrində əcnəbilərin təhsilinə dəstək vermək məqsədilə "Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı" proqramı təsis ediləcəkdir. Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin tədris dilinə uyğun hazırlıq kurslarında, bakalavriat (əsas (baza ali) tibb təhsili), magistratura (rezidentura), doktorantura səviyyələrində təhsili üçün nəzərdə tutulub. Bu, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələr, Qoşulmama Hərəkatına üzv ölkələr, İnkişaf etməkdə olan Kiçik Ada Dövlətləri qrupuna daxil olan ölkələr, xalqımızla etnik, tarixi və mədəni bağlara malik xalqların və milli azlıqların yaşadığı ölkələrin vətəndaşlarının təhsili üçün "Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı" proqramı təsis edilir. Təsis edilmiş təhsil qrantı 2024-2025-ci tədris ilindən başlayaraq hər il 100 təhsil qrantı olmaqla 5 (beş) il müddətində verilir. Azərbaycan Respublikasının hesabına ödənilən təhsil haqqı, viza, qeydiyyat, yataqxana və ya mənzil kirayəsi, gündəlik qidalanma, tədris ədəbiyyatı ilə təminat, nəqliyyatdan (taksi xidmətindən başqa) istifadə, kommunal xidmətlər, tibbi yardım və təhsil qrantı alacaq şəxslərin ildə bir dəfə ölkələrinə gediş-gəliş xərclərini əhatə edir.

Azərbaycan Respublikasının Nazirlər Kabineti "Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı"nın verilməsi qaydasını və həmin təhsil qrantının məbləğini iki ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verəcək. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə birlikdə, hər il may ayının 1-dən gec olmayaraq, bu Sərəncamın 1.1-1.4-cü bəndləri üzrə təhsil qrantının verilməsi üçün kvotaları (o cümlədən ölkələr üzrə kvotaları), namizədlərin seçim meyarlarını və bunların əsasında təhsil qrantı alacaq şəxslərin siyahısını müəyyənləşdirəcəkdir. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi bu Sərəncamın 4-cü hissəsinə uyğun olaraq müəyyənləşdirilmiş siyahı üzrə əcnəbilərin təhsil alacaqları Azərbaycan Respublikasının ali təhsil müəssisələrini müəyyən edəcək və 2024-2025-ci tədris ilindən başlayaraq həmin ali təhsil müəssisələrinə Azərbaycan Respublikasının dövlət büdcəsindən bu Sərəncamın 2.2-ci bəndində nəzərdə tutulan xərclərin ödənilməsini təmin edəcəkdir.

Məlumdur ki, Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamları ilə təsis edilmiş təhsil qrantı proqramları çərçivəsində yerli təhsil müəssisələrində əcnəbi tələbələr təhsil alır. Belə ki, 2018-2022-ci illər çərçivəsində İslam Əməkdaşlıq Təşkilatına və Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşları üçün ayrılmış 200-yə yaxın təqaüd proqramı çərçivəsində yerli təhsil müəssisələrində əcnəbi tələbələr bakalavriat, baza ali tibb təhsili, magistratura, rezidentura, doktorantura səviyyələri üzrə təhsil almaq hüququ qazanmışdılar. Təhsil qrantı dövlət hesabına ödənilən təhsil haqqı, viza, qeydiyyat, aylıq təqaüd, tibbi yardım və beynəlxalq nəqliyyat xərclərini əhatə etmiş oldu. 2022-2023-cü tədris ilində isə yerli ali təhsil müəssisələrində 40 tələbə təhsil qrantı çərçivəsində təhsil almaq imkanı əldə etmişdi.

Əlbəttə ki, təhsil qrantı proqramlarının uğurlu təcrübəsi əsasında xarici ölkə vətəndaşlarına təhsil qrantının verilməsi istiqamətində növbəti mərhələyə keçid beynəlxalq sülh və əməkdaşlığın möhkəmləndirilməsi ilə yanaşı, Azərbaycan ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artmasına, beynəlmiləlləşməsinə və ali təhsil müəssisələrində təhsil alan əcnəbilərin coğrafi müxtəlifliyinin genişlənməsinə də müsbət təsir edəcəkdir.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə