"Azərbaycan yeni təşəbbüslərlə çıxış edir" - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ
“Hərbi-siyasi bloklaşmanın və qarşıdurmaların davam etdiyi bir mərhələdə Qoşulmama Hərəkatı bir çox istiqamətdə qlobal təhdidlərin müzakirə edildiyi və ortaq yol xəritəsinin müəyyənləşdiyi nadir platformalardan birinə çevrilib. Həmçinin bu platforma hər hansı bir hərbi-siyasi blokalaşmada iştirak etməməyi prioritet olaraq qəbul edən dövlətlər üçün kifayət qədər önəmli əməkdaşlıq imkanlarını da özündə ehtiva edir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Aytən Qurbanova deyib.
Onun sözlərinə görə, bu nöqteyi-nəzərdən yanaşdıqda, 2011-ci ildən üzv olduğumuz Qoşulmama Hərəkatı çərçivəsində çoxşaxəli fəaliyyət planına əsasən əməkdaşlıq imkanlarımızın daima genişləndirildiyini aydın şəkildə müşahidə edə bilərik: “Eyni zamanda, Azərbaycan bu platformanın institusional inkişafı üçün də davamlı şəkildə yeni təşəbbüslərlə çıxış edir. Digər tərəfdən, Qoşulmama Hərəkatına üzv dövlətlərin ikinci Qarabağ müharibəsində Azərbaycanın haqq mübarizəsinə verdiyi dəstək və ədalətli mövqeyi qarşılıqlı əlaqələrin inkişafı üçün mühüm təsirlərə malikdir”.
Politoloq sözlərinə davam edərək bildirib ki, Azərbaycanın Qoşulmama Hərəkatına 2019-2022-ci illəri əhatə etməsi nəzərdə tutulan sədrlik dövrünün yekdil qərar ilə 2023-cü ilin sonuna qədər uzadılması da məhz qarşılıqlı etimadın və faydalı əməkdaşlığın təcəssümü olaraq qiymətləndirilməlidir: “Heç şübhəsiz ki, bu qarşılıqlı etimadın nəticəsi olaraq Azərbaycanın sədrliyi dövründə Hərəkatın təşkilati strukturunun yaradılması üçün atılan addımlar yeni formalaşan dünya nizamı çərçivəsində onun daha önəmli status qazanmasına və təsir imkanlarının genişlənməsinə mütləq öz töhfəsini verəcəkdir. Bugün Hərəkatın Koordinasiya Şurasının Bakıda keçirilən Nazirlər Toplantısı çərçivəsində müzakirə edilən məsələlər də bu platforma çərçivəsində qarşılıqlı əməkdaşlıq prioritetlərinin və uğurlu yol xəritəsinin formalaşdırıldığını deməyə əsas verir”.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB