Zəngəzur dəhlizinin açılması ən çox kimin işinə yarayacaq? - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

Zəngəzur dəhlizinin açılması ən çox kimin işinə yarayacaq? - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“44 günlük Vətən müharibəsi yalnız Azərbaycan və Ermənistan arasında olan münasibətləri dövlətimizin xeyrinə həll etmədi eyni zamanda bölgədəki dövlətlər arasında olan münasibətlərə də bir yenilik gətirdi. Dünənə qədər işğalçı Ermənistan söz sahibi idisə, 44 günlük müharibə Ermənistanı bu hüquqdan məhrum etdi. Ermənistana havadarlıq edən dövlətlər də nə ona, nə də özlərinə kömək edə bildilər. Bu prosesin uğurla həll olunmasında qardaş Türkiyə Cümhuriyyəti və dost ölkə Pakistanın müstəsna xidmətləri oldu. Təbii ki, bu gün Azərbaycan öz tarixi torpaqlarının sahibidir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Anar İsgəndərov deyib.

Onun sözlərinə görə, bu torpaqlarda azərbaycanlılarla yanaşı, qeyri-azərbaycanlılar, o cümlədən, ermənilər yaşayır: “Azərbaycan hakimiyyəti Ali Baş Komandan səviyyəsində Laçında olarkən həm Qarabağda yaşayan ermənilərə, həm də gecə-gündüz onlar üçün gözyaşı tökən dövlətlərə rəsmi olaraq bəyan etdi ki, Dağlıq Qarabağ problemi yoxdur və Qarabağla bağlı məsələlər yoluna qoyula bilir. Qarabağda yaşayan ermənilər də Azərbaycan vətəndaşıdır. Azərbaycan qanunlarını qəbul edirlərsə onların təhlükəsizliyinə təminat verilir. Lakin separatçı meyillərindən və silahdan əl çəkməyəcəklərsə, onların torpaqlarımızda yaşamaq hüququ yoxdur”.

Deputat sözlərinə davam edərək bildirib ki, əgər erməni Laçın dəhlizindən keçirsə, o zaman Naxçıvanda yaşayan azərbaycanlılar nə üçün Zəngəzur dəhlizindən istifadə edə bilməməlidir: “Azərbaycan Qarabağda yaşayan və Ermənistan Respublikasında olan ermənilərin bir-biri ilə iqtisadi, siyasi və ticarət əlaqələr yaratmaq üçün hər cür şərait yaradıbsa, bəs Ermənistan niyə Zəngəzur dəhlizini açmamalıdır?! Məntiqi olaraq Zəngəzur dəhlizinin açılması məcburidir. Ermənistan bununla bağlı heç bir bəhanə gətirə bilməz. Türkiyə dövlət başçısı Azərbaycandakı rəsmi səfərindən geri dönərkən bəyan etdi ki, Zəngəzur dəhlizinin açılmasına mane olan Ermənistan yox, İran İslam Respublikasıdır. Təbii ki, Azərbaycanda da bu problem ilə bağlı mühüm fikirlər var və bunlar heç kəsə sirr deyil. Görünür ki, buna mane olan, köməklik göstərən və neytral olan dövlətlər kimlərdir. Zəngəzur dəhlizinin açılması bölgə ilə bağlı olan həyati bir məsələdir. Ədalət naminə qeyd etmək lazımdır ki, bu dəhlizin açılmasından ən çox xeyir əldə edən Ermənistan olacaq. Bununla Ermənistan və Azərbaycan, o cümlədən, Türkiyə arasında səmimi münasibətlərin yaranması üçün bir şansdır. Ermənistan gərək bu şansı əldən verməsin”.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə