Bəşəriyyətin, indi də təbiətin düşməni – ERMƏNİSTAN - RAKURS

Bəşəriyyətin, indi də təbiətin düşməni – ERMƏNİSTAN - RAKURS

Dünyada nə qədər çirkli, məkrli, oyunlar qurulursa onun altından ermənilər çıxır. Bəşəriyyətin lənətlədiyi hadisələrdə də erməni imzasını görməyə artıq adət etmişik. Biri var kimsə kiminsə əməlinə terror damğası vursun, biri də var görülən işin adı terror olsun. Başqasının torpağını “günün günorta çağı” ələ keçirib, sonra isə buna “azadlıq”, “müstəqillik” adını qoymaq ənənəsi də “hay”lardan gəlir. Həm də bu hərəkətlərindən heç də utanmırlar, yanlış hərəkətlərinə “doğru” möhürünü vuraraq haqlı kimi davranırlar. Sanki dünyanı ovsunlayırlar, heç bir dövlətin səsi də çıxmır. Belə olmasaydı 30 il Azərbaycan torpaqlarını işğaldan saxlayan, insanlarını öldürən, əsir-yesir edən, yurdundan-yuvasından zorla qovan Ermənistan adlı terror dövlətinin dərsi vaxtında verilərdi, ya da hansısa beynəlxalq təşkilatdan əsl qulaqburması alardı. Ancaq bunların heç biri olmadı, ta ki Azərbaycan torpaqlarını azad etmək üçün ayağa qalxmayana, ermənilərə əsl dərs verməyənə, dəmir yumruğu başına endirməyənə qədər…

Bu gün terrorda yenə Ermənistanın adı hallanır. Bu dəfə də adəti üzrə, yenə ekoloji terrorda. Məlumdur ki, sənaye fəaliyyəti ölkə iqtisadiyyatının inkişafında böyük rol oynayır. Lakin bu sahənin inkişafının həm də bəşəriyyət fəlakətli olduğundan da xəbərdarıq. Ekoloji problemlər daha çox fəlakətə səbəb olacaq. Ermənistan ABŞ şirkəti ilə birgə Naxçıvanın Sədərək rayonuna bitişik Arazdəyən kəndində iri metallurgiya zavodunu inşa etməyə hazırlaşır. Tikintiyə 70 milyon dollar ABŞ sərmayəsi yatırılacaq, zavodun hündürlüyü 30 m, sahəsi 16 500 kvadratmetr olacaq. Bu xəbər hər kəsdə narahatlıq yaradıb, havanın daha dözümsüz hala gələcəyini də indidən proqnozlaşdırmaq olar. Bu metallurgiya zavodunun zəhərli kimyəvi tullantıları bölgədəki ekosistemə böyük zərbə vura bilər. Onun tullantılarının Araz çayına axıdılması riski həm çaydakı canlı aləm, həm də Arazın suyundan suvarma üçün istifadə edilən geniş təsərrüfatlar üçün həyəcan siqnalıdır. Ermənistanın dağ-mədən sənayesində heç bir beynəlxalq standartlara əməl edilməməsi həm Azərbaycan, həm də ümumilikdə bölgə üçün ciddi ekoloji təhdid yaradır.

Bununla bağlı Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları həyəcan təbili çalmağa başlayıblar. QHT-lərin Ermənistanın Arazdəyəndə yeni ekoloji fəlakətə yol açacaq layihəsi əleyhinə bəyanat yaymaları da təsadüfi deyil: “Azərbaycan tərəfi ilə razılaşdırmadan sərhəddə belə bir müəssisənin tikintisi “Transsərhəd kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” 1991-ci il Espo Konvensiyanın kobud şəkildə pozulmasıdır. Azərbaycan və Ermənistan həmin Konvensiyanın tərəfləridir və Espo Konvensiyasından irəli gələrək, bu zavodun ətraf mühitə təsirinin qiymətləndirilməsi işi aparılmalı, tikinti ilə əlaqədar qiymətləndirmə sənədinə qonşu dövlət olan Azərbaycanın müvafiq qurumları baxmalı, eyni zamanda bölgəyə yaxın yaşayan azərbaycanlıların rəyi nəzərə alınmalıdır”.

Ekoloji terror və ekosid siyasəti

Ermənistanın bu tələblərə riayət etməməsi bir daha onu göstərir ki, Ermənistan regionda destruktiv siyasət aparır, tərəf olduğu beynəlxalq sənədlərin müddəalarını, beynəlxalq öhdəliklərini kobud şəkildə pozur. Bəyanatda daha sonra deyilir: “Ermənistan tərəfindən Azərbaycana qarşı ekoloji terror və ekosid siyasətinin aparılması yenilik deyil. “Metsamor”un uzun illər regionun ətraf mühitinə təhdid kimi qalması, işğal dövründə Qarabağda törədilmiş geniş miqyaslı ekoloji faciələr, yüksək kimyəvi tərkibli istehsalat sularının təmizlənmədən Oxçuçaya axıdılması buna əyani misaldır. Ermənistan Oxçuçayı kəskin şəkildə çirkləndirib. Bu isə çayın Azərbaycan ərazisi boyu keçdiyi hissənin ekoloji sistemini bərpa olunmaz deqradasiyaya məruz qoyub. Alman şirkəti “Cronimet” bu ekoloji cinayətdə Ermənistanla birgə iştirak edib. Təəssüflər olsun ki, bu günə qədər də Almaniya hökuməti bu istiqamətdə heç bir praktik addım atmayıb.

Törətdiyi ekoloji cinayətlərlə Ermənistan BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin, xüsusilə də hər kəsin sağlamlığının təmin edilməsinə dair 3-cü, təmiz su və sanitariya ilə bağlı 6-cı, iqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizəyə dair 13-cü, torpaq ekosisteminin mühafizəsi üzrə 15-ci məqsədlərinin tamamilə əleyhinə gedir”.

2022-ci ildə BMT təmiz, sağlam və davamlı ətraf mühiti insan hüququ kimi tanıyıb. Ermənistan ekologiyaya ciddi ziyan vurmaqla, Azərbaycan, o cümlədən region əhalisinin insan hüquqlarını kobud şəkildə pozur. Müxtəlif beynəlxalq sənədlər, o cümlədən biznes və insan hüquqları üzrə rəhbər prinsiplərə görə iqtisadi fəaliyyət insan hüquqlarına ziyan vurulmadan həyata keçirilməlidir. Bu halda da Ermənistan məsuliyyətsiz davranır, təmiz, sağlam və davamlı ətraf mühit hüququna məhəl qoymur və sırf özünün iqtisadi maraqlarını önə çəkir.

Bəyənatın müəllifləri Amerika Birləşmiş Ştatları hökumətinə də müraciət ediblər. Ki, Arazdəyəndə iri metallurgiya zavodu tikməyə hazırlaşan, ərazisində qeydiyyatda olan şirkəti məsuliyyətli davranışa dəvət etsin, onun qanunsuzluqlarına göz yummasın. Amerika Birləşmiş Ştatları rəsmiləri, o cümlədən Azərbaycandakı və Ermənistandakı ABŞ səfirlikləri susmamalı, məsələyə münasibət bildirməlidirlər. Ermənistandakı ekofəallar da passivlik göstərməməlidirlər, ekoloji terror indiki Ermənistan ərazilərində də fəlakətlər yaşada bilər.
Əslində bəyanatların Ermənistana təsirsiz qalacağı indidən məlumdur. Bu dövlətin özünə və insanlarına etibar etmək olmaz. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri də inkar etmirlər ki, zavod işə düşdükdən sonra “tullantılar necə utilizasiya olunacaq”, “maye halında çaylara axıdılacaqmı”, kimi sualların cavabları açıqdır. Çünki Ermənistan su mənbələri ilə bağlı beynəlxalq sənədlərin heç birini imzalamayıb. Tullantılar Azərbaycan ərazisinə axıdıla bilər. Bu fəsadlar bizə ziyan vuracaq. Buna hazır olmaq lazımdır. Belə olan halda ekosistemin qorunması ilə bağlı iddia qaldıra bilərik. Bu məsələ ilə məşğul olmaq lazımdır.

Məlumat üçün bildirək ki, Araz çayının bir qolu olan “Şir Arxı” da dəfələrlə ermənilər tərəfindən çirkləndirilib. Bu sərhəddə yerləşən Sədərəkdə mal-qaranın və əkinlərin məhvinə, insanların ciddi xəstəliklərlə üzləşməsinə gətirib çıxara bilər. Çünki “Şir Arxı”nın suyundan təsərrüfatlarda da istifadə edilir. Qeyd edək ki, Araz çayı, sözün əsl mənasında, Ermənistanın dağ-mədən sənayesi müəssisələrinin kollektoruna çevrilib. Hər il Ermənistan ərazisindən keçən 350 milyon kubmetr su kimyəvi maddələrlə çirkləndirilir. Yeni zavodun inşası ilə Ermənistan həm də növbəti təxribatını törədir.

Maraqlı sual

Ermənistana bu zavod nə üçün lazımdır? Məsələyə bir az dərindən yanaşsaq, Ermənistan bundan heç bir iqtisadi dividend qazanmaq niyyətində deyil. Son zamanlar Zəngəzur dəhlizi məsələsi tez-tez müzakirə olunur. Ermənistanın bunu inkar etməsi, layihəyə mane olması sadəcə mümkün deyil, buna heç gücü də yetməz. Əslində hər bir erməniyə də məlumdur ki, dəhlizin onlara daha çox xeyiri dəyəcək. Ancaq Azərbaycanı, yaxud Türkiyənin bu layihədən faydalanacağı dərdi erməniləri sakit buraxmır. Onlar bütün imkanları ilə bu dəhlizin işə düşməməsinə, metaləritmə zavodu məsələsini ortaya ataraq qarşı tərəfdə narazılıq yaratmağa çalışırlar. O da məlumdur ki, Arazdəyən Zəngəzur dəhlizinin əsas, vacib bir hissəsidir. Bir neçə gün öncə Moskvada Azərbaycan, Ermənistan və Rusiya baş nazilərinin müavinləri arasında keçirilən İşçi Qrupunun 12-ci iclasında Arazdəyən-Culfa-Mehri-Horadiz dəmiryolunun bərpası üzrə ümumi anlaşma əldə olunduqdan sonra zavod mövzusunun ortaya atılması təsadüfi sayılmamalıdır. Bu zavodu inşa etməklə Ermənistanın digər və ən təhlükəli planı isə Azərbaycanın Naxçıvan əhalisinə qarşı ekoloji terroru sürətləndirmək, insanları zəhərləmək məqsədi daşıyır. Ermənistan bundan əvvəl də eyni təxribatlara, terrorlara əl atıb. 30 il ərzində torpaqlarımızı işğal altında saxlayan bu qondarma ölkə Azərbaycan xalqına və dövlətinə qarşı törətdiyi cinayətlərləri bu gün də davam etdirir. Həm də bu cinayətlər təkcə insanlara qarşı deyil, eyni zamanda, torpağa, təbiətə, meşələrə, təbii sərvətlərimizə qarşıdır.

Ermənistan 44 günlük müharibədə məğlub olub, amma terrorçu, işğalçı, talançı siyasətini hələ də davam etdirir. Ərazilərimizdə basdırılan on minlərlə minaları da unutmamalıyıq. Bir müddət əvvəl Metsamor Atom Elektrik Stansiyasının ərazisində yeni nüvə reaktorunun tikintisi planları ilə əlaqədar Azərbaycan Espo Konvensiyası çərçivəsində Ermənistana qarşı iddia irəli sürüb və Ermənistanın Konvensiyanın müddəalarına əməl etmədiyi barədə qərar çıxarılıb. Ermənistanın iri mədən müəssisələri-Qacaran mis-molibden zavodu və Qafan filiz emalı kombinatının yüksək kimyəvi tərkibli istehsalat suları uzun müddətdir ki, transsərhəd Oxçuçayı intensiv şəkildə çirkləndirir. Bu gün Arazdəyəndə ABŞ sərmayəsi ilə iri metallurgiya zavodu inşa etməyə hazırlaşmasının da adı terrordur.

Hazırda dünyanın bir çox nöqtəsində müharibə gedir. Kimyəvi zərərverici maddələrdən istifadə edib torpaqlar şumlanılır, bitkilərin tərkibinə yeni bioloji maddələr əlavə edilir. Bütün bunlar təbiətə böyük ziyan vurur. Müharibə bölgədə çayların qurumasına və bitki örtüyünün məhvinə səbəb ola bilməz. Mərmi düşür və partlayır, burada bir ağaca ziyan dəyirsə, bu, bütün ağacların məhv olması demək deyil. Təbiətin məhv olması üçün isə ozon təbəqəsi zədələnməlidir. Bu zaman tək bir ölkə deyil, bütün dünya ziyan görür. Buna isə heç bir dövlət imkan verməməlidir. Gələcəyə daha gözəl Azərbaycan bəxş etmək üçün hamılıqla mübarizə aparmalıyıq. İnanırıq ki, Qarabağdakı bütün landşaft komponentləri, təbii sərvətlərimiz müasir texnologiya əsasında işlənəcək. Meşələrimiz, çaylarımız, bağlarımız yenidən bərpa olunacaq. Qarabağ hər zaman zəngin təbiəti, bağları və iqlimi ilə göz oxşayıb.

Statistika nə deyir?

1988-94-cü illərdə Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanın 1,7 milyon hektar ərazisi işğal olunmuşdu. Bu ərazilərdə 460 növdən çox yabanı ağac və kol bitkiləri bitir. Bunlardan 70-i endemik növ olub, dünyanın heç bir yerində təbii halda bitmir. Qaracöhrə, ayıfındığı, Araz palıdı, yalanqoz, şərq çinarı, adi nar, meşə üzümü, pirkal, şümşəd, eldar şamı, adi xurma, söyüdyarpaq armud və s. növ ağaclar işğal olunmuş ərazidə məhv edilərək dünya florasının xəzinəsindən silinmək üzrədir.

Bəsitçay Dövlət Təbiət Qoruğu, Arazboyu Dövlət Təbiət yasaqlığı, Qaragöl Dövlət Təbiət Qoruğu, Laçın rayon Dövlət Təbiət yasaqlığı, Qubadlı rayon Dövlət Təbiət yasaqlığı və Daşaltı Dövlət Təbiət yasaqlığının ərazilərində olan qiymətli ağac və biomüxtəlifliyin digər növləri işğal dövründə ermənilər tərəfindən talan edilib. İşğal olunmuş rayonlarda 247352 hektar meşə sahəsi, o cümlədən 13197,5 ha qiymətli meşə sahələri, 152 ədəd təbiət abidəsi və 5 ədəd geoloji obyekt qalıb. Ermənilər böyük əhəmiyyətə malik olan bu təbiət abidələrinin əksəriyyətini məhv ediblər. Qiymətli ağac növlərindən ibarət 986 hektar dövlət meşə sahəsi, 710 hektar kolxoz meşələri, 560 hektar yol, su, kanal kənarı, mədəni meşələr işğal altında qalıb, ərazidə törədilən yanğınlar nəticəsində bölgənin flora və faunasına ciddi ziyan dəyib. Ağdam şəhərində yaşı 150-250 ilədək olan 6 ədəd, Şelli, Seyidli, Sarıhacılı, Əliağalı kəndlərində yaşı 200-250 il olan 8 ədəd, Boyəhmədli kəndi ətrafında yaşı 400 ilə çatan 71 ədəd təbiət abidəsi kimi qorunan, pasportlaşdırılmış Şərq çinarları məhv edilib.

Avropada yeganə təbii çinar meşəsi Kiçik Qafqazın qərb hissəsində - Zəngilan rayonundadır. Bəsitçay vadisində 117 hektar sahəni əhatə edir. Onun 107 hektarı Bəsitçay Dövlət təbiət qoruğuna məxsusdur. Qoruq 1974-cü ildə mərhum akademik Həsən Əliyevin təşəbbüsü ilə yaradılıb. Meşənin uzunluğu 15 km, eni isə 150-200 metrə çatır. Təəssüf ki, əsrlərin yadigarı olan çinar ağacları ermənilər tərəfindən qırılıb və məhv edilib.

Bu arada maraqlı bir xəbəri, daha doğrusu ermənilərin tülkü xislətini bird aha dəyərli oxucuların diqqətinə çatdırmaqda fayda var, deyə düşünürük. Rusiya BMT-nin 29-cu iqlim sammitinin COP29-un Aİ ölkələrində keçirilməsinə mane olmağa çalışır. Bundan istifadə edən fürsətcil Ermənistan sammitə ev sahibliyi etmək üçün ərizə verib. Əgər Arazdəyən metallurgiya zavodunun tikintisinə hazırlaşan ölkənin Ermənistan olmadığı üzə çıxsaydı, İrəvanın təşəbbüsünü belə qeyri-adi qarşılamazdır. Ermənistan isə bir tərəfdən təbiətə, ekologiyaya qarşı terror aktı törədir və sabah da törətməyə hazırlaşır, digər tərəfdən də iqlim problemlərini müzakirə etmək üçün sammitə evsahibliyi etmək üçün ərizə verir. Paradokslarla doludur, ya da ağlını itirib bu ölkə.

V.VƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə