ABŞ-ın indiki prezidenti Cozef Bayden hakimiyyətə gəldiyi gündən hər kəsin diqətini üzərinə çəkə bilib. Sələfi Donald Trampdan hakimiyyəti təhvil alması da Amerika tarixində misli görünməmiş hadisələrin yaşanmasına səbəb oldu. Digər bir maraqlı sual da insanları cavab axtarmağa vadar edir, əcəba indiki dünya üçün çətin və ABŞ üçün kritik bir dönəmdə ahıl və özünü idarə etməkdə çətinlik çəkən birini hakimiyyətin başına gətirmək kimə lazımdır? Amma bu oldu, həm də Trampın iddia etdiyi kimi saxta yolla hakimiyyətə gəlməklə hər kəsi, amerikalıların özünü də təəccübləndirdi.
Ağ Evin indiki sahibinin bəzi hərəkətləri də insanları şaşırdır. Baydenin süqutundan sonra isə hələ çox mətləblərin üzə çıxacağına inanırıq. ABŞ prezidenti Baydenin növbəti biabırçılığı seçki yarışında bəlli olacaq. Hələ də “hava ilə güləşən” qoca Baydenin növbəti dönəmdə də hakimiyyətdə qalmaq, yəni seçki marafonuna yenidən qoşulmaq kimi iddiası da ara-sıra mətbuatda dərc olunur.

Baydenin tribunada sanki kiminləsə söhbət etməsi, hətta ona “cənab prezident” deyə müraciət edən zaman yan-yörəyə boylanması, “prezidenti” axtarması da lətifəyə çevrilib. Hətta jurnalistlərin buna artıq öyrəşdiklərini də deyə bilərik. Çünki Baydenin qeyri-adi hərəkətləri indi heç kimdə təccüb doğurmur. ABŞ Prezidentinin tez-tez yıxılması da yeni xəbər deyil. Baydenin Vaşinqtonda helikopterdən enərkən başını qapıya çırpması da onun boyunun uzun olmasına dəlalət etməyən səbəblərdəndir.
Qocalıq Co Baydenlə qəddar zarafat edir. Bir neçə gün əvvəl ABŞ prezidenti Kolorado ştatında səfərdə olarkən ABŞ Hərbi Hava Qüvvələri Akademiyasının məzunlarına diplomların təqdimat mərasiminə gəlib. Çıxışının sonunda siyasətçi səhnədən düşmək üçün sola istiqamətlənib, lakin teleprompteri yerində saxlayan qum torbasının üzərinə yıxılıb. Üç nəfər - cangüdənlər və akademiyanın bir nümayəndəsi onun yanına qaçıblar. Onların köməyi ilə Bayden ayağa qalxıb və ona “badalaq” vuran torbanı göstərib, sonra isə baş barmağını yuxarı qaldıraraq tamaşaçılara gülümsəyib. Ağ Evin kommunikasiyalar üzrə direktoru Ben Labolt Baydenin zərər görmədiyini bildirib. “Onun vəziyyəti yaxşıdır. O, əl sıxmaq istəyəndə səhnədə qum torbası var idi”, - Labolt tvitində yazıb.

Bayden Amerika tarixində ən yaşlı prezidentidir. Hazırda onun 80 yaşı var. Onun rəqibi Donald Trampın iyunda 77 yaşı tamam olacaq. Eks-prezident Baydenin yıxılmasına dərhal reaksiya verib. “O, doğrudanmı yıxıldı? Ümid edirəm ki, zərər görmədi. Belə vaxtlarda (yəni qocalığında) diqqətli olmaq lazımdır”, - Tramp bildirib. Respublikaçılar Partiyasından prezidentliyə digər namizəd, Florida ştatının qubernatoru Ron DeSantis Baydeni dəstəkləyib, lakin bu dəstəyi o kampaniya aparırmış kimi təqdim edib.
Qubernator Ron DeSantis deyib: "Biz Co Baydenin aldığı hər hansı xəsarətdən tezliklə sağalmasını ümid edirik və Amerika Birləşmiş Ştatlarının da sağalması üçün dua edirik".
İndi hər kəsi bir məsələ narahat edir. Əgər payızda Bayden ikinci müddətə namizədliyini irəli sürsə, onu ikinci müddətə dəstəkləyən olacaqmı? İkinci prezidentliyinin sonunda onun 86 yaşı tamam olacaq. Bu, 2029-cu ilin əvvəlinə təsadüf edəcək.

Qərb mediası bu hadisəyə fərqli reaksiya verib:
“New York Times”
“Respublikaçılar prezidentin büdrəməsini onun vəzifəyə yararsız olduğuna dair sübut kimi qəbul edirlər və bəziləri Baydenin süqutunu qeyd etməyə tələsirlər. Lakin Baydenə yaxın insanlar, o cümlədən bir çox işçiləri onun yaxşı formada və enerjili olduğunu israr edirlər. Hər gün idmanla məşğul olduğunu və artıq çəkisinin olmadığını deyirlər. Vaşinqtonda Bayden başını prezident helikopterinin qapısının kənarına vurana qədər bu, belə görünürdü. Ağ Evin qarşısında jurnalistlərlə görüşündə “qum torbası” faciəsi ilə üzləşməsi isə köməkçilərini də pis vəziyyətdə qoyub ”.
“Washington Post”
“Açılış nitqini söyləyəndən və 920 kursantın sonuncusu ilə əl sıxdıqdan sonra Bayden oturacağına qayıtmaq üçün sola doğru hərəkət etməyə başladı, qara qum torbasının üstünə dizləri üstə yıxıldı. Bir neçə saat əvvəl Bayden mərasimdə açılış nitqi ilə çıxış etdi. 80 yaşlı prezident iki saatdan çox səhnədə dayanıb, adları oxunan yeni məzunları salamlayıb. Bu zaman Kolorado ştatının El Paso qraflığında havanın temperaturu 15 dərəcə olub.
“Politico”
“Prezidentə yaxın insanların çox qorxduğu yıxılma anı Ağ Evin reaksiya verə biləcəyindən daha sürətli videoya çəkildi və internetdə yayıldı. Videonun yayılmasından bir neçə dəqiqə sonra Ağ Evin ictimaiyyətlə əlaqələr üzrə direktoru baş verənləri azaltmaq üçün Twitter-ə müraciət etdi. Baydenin uzun müddət yatmadığını bu hadisənin yaşanmasına səbəb kimi göstərdilər. 80 yaşlı prezidentin - indiyə qədər vəzifədə olan ən yaşlı adamın ikinci müddətə namizəd olduğu bağışlanmazdır. Nümayəndələr Palatası tərəfindən gözləniləndən daha çox səslə qəbul edilən borc tavanı razılaşmasının əldə edildiyi həftə indi öz zəifliyini göstərdi. Baydenin yaşı ilə bağlı sualları həll etmək mümkün deyil. Cümə axşamı günü ortaya çıxan videolar Ağ Evə Demokratlar Partiyası daxilində bu gizli narahatlıqları aradan qaldırmağa yox, əksinə artırmağa kömək etdi.

Kimdir günahkar?
Qorbaçov və Yeltsinin keçmiş protokol rəhbəri Aleksandr Qamov bu barədə maraqlı açıqlama verib. O bildirib ki, Rusiya prezidentlərinin heç biri indiyə qədər büdrəməyib, yıxılmayıb: “Baydenin sərgüzəştləri haqqında hər hansı mühakimə yürütmək üçün bu şəxsin xəstəlik tarixçəsini bilmək lazımdır. Heç kim sənə də, mənə də deməsin ki, xəstədir, qocadır. İkinci, dövlət başçısının səfərinin hazırlanması variantlarını nəzərdən keçirəndə onun hansı yerdən gedəcəyini bilirsən. Bundan əlavə - qutular və ya bəzi bu kimi şeylərə rast gəlmək artıq protokol deyil. Bu təhlükəsizlik işçilərinin göz qoyacağı məsələdir. Məndə belə təəssürat yaranıb ki, Baydenin təhlükəsizliklə bağlı problemi var. Nərdivanla enəndə onu tuta bilmirlər, çətirlə “küləklə döyüşəndə” kömək edən yoxdur. Bəzi oyunlar aydın deyil. Protokol xidməti isə axmaqdır. Bayden çətiri, çantasını özü daşıyır”.
V.VƏLİYEV
P.S. Məqalədə bəzi qeydlər xarici mətbuatdan götürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB