Dəmir yumruq, güclü iradə, dəqiq hədəf – Qarabağa Böyük quruculuqla

Dəmir yumruq, güclü iradə, dəqiq hədəf – Qarabağa Böyük quruculuqla

PREZİDENT İLHAM ƏLİYEV: "Biz bu miqyasda dağıntıdan inkişafa doğru dünyada nadir təcrübə nümayiş etdirəcəyik"

Bəli, 44 günlük Vətən müharibəsində əldə edilən qələbədən iki il keçməsinə baxmayaraq, bu qısa zaman kəsiyində ölkəmizin həyatında yeni dövr başlayıb. Dövlət başçımız çıxışlarında bildirib ki, bu miqyasda dağıntıdan inkişafa doğru dünyada nadir təcrübə nümayiş etdirəcəyik. Bəli, işğaldan azad edilmiş torpaqlarımızda quruculuq, bərpa prosesi sürətlə, uğurla dava etməkdədir. Ən əsası isə, xalq görülən işlərin şahidi olur, Qalib Liderimizin gördüyü işləri bəyənir, dəstəkləyir.

Bəli, bu gün Qarabağ və Şərqi Zəngəzur azaddır, Qarabağ dirçəlir, Zəngəzur dirçəlir, qürurla öz doğma torpaqlarımızı qururuq, yaradırıq. Prezident İlham Əliyev tarixi Zəfərimizin rəmzi olan Şuşadan xalqa müraciətində bildirmişdir ki, bütün bu işlərin təməlində Azərbaycan xalqının maraqları dayanır: "On günə yaxın Qarabağ və Şərqi Zəngəzurda olarkən bir daha əyani şəkildə görürəm ki, Qarabağ və Şərqi Zəngəzur dirçəlir, yollar, körpülər, tunellər, elektrik stansiyaları, su anbarları, məktəblər, xəstəxanalar, yaşayış binaları, məscidlər inşa edilir, yenidən qurulur və ya təmir olunur, elektrik xətləri çəkilir".

Bəli, Qalib, Qurucu liderimiz, Prezident İlham Əliyevcənablarının birbaşa rəhbərliyi altında Qarabağ və Şərqi Zəngəzurumuz başdan qurulur, gün keçdikcə tarixi diyarlarımıx cənnətə çevrilir.

ERMƏNİSTANIN İŞĞAL DÖVRÜNDƏ EKOLOGİYAYA VURDUĞU ZƏRƏR VƏHŞİLİK VƏ TALANÇILIQDIR”

Dövlət başçısı çıxışı zamanı vurğulayıb ki, Ermənistan işğal dövründə işğal altında olan torpaqların ekologiyasına da böyük zərər vurub. Əlli-altmış min hektar meşə ilə örtülü sahə tamamilə məhv edilib. Xüsusilə Kəlbəcər, Laçın, Zəngilan və Qubadlı rayonlarında meşələr kütləvi surətdə qırılıb. Yəni, bu, faktiki olaraq vəhşilik və talançılıqdır. “Hər kəs yaxşı bilir ki, Avropada ərazisinə görə ikinci ən böyük çinar meşəsi Zəngilan rayonunda olub - Bəsitçay təbiət qoruğu. O Bəsitçay təbiət qoruğunun böyük hissəsi məhv edilib və mən Zəngilanda olarkən o kəsilmiş ağacların kötüklərini görmüşəm və eyni zamanda, yandırılmış ağacları da görmüşəm. Eyni çirkin əməlləri onlar Kəlbəcər və Laçın rayonlarında müharibədən dərhal sonra etmişdilər. Onlara möhlət verilmişdi o ərazilərdən çıxmaq üçün, iyirmi gün vaxt verilmişdi. O günləri onlar yenə də bəd əməllər üçün istifadə etmişdilər”, - deyə Prezident əlavə edib.

“Azad edilmiş hər bir rayonda kəndlərin bərpası ilə bağlı işlərə artıq start verilib. Biz kəndləri də planlı şəkildə bərpa edəcəyik”, deyən Prezident İlham Əliyev bu prosesin mərhələli və planlı şəkildə aparılmalı olduğunu qeyd edərək bildirib ki, hər bir yeni yaradılacaq, bərpa ediləcək kəndin baş planı olmalıdır və baş planlar hazırlanır: "Azad edilmiş bütün torpaqlarda görüləcək bütün işlər ancaq baş planlar əsasında olmalıdır. Baş plandan kənar bir dənə də daş daş üstə qoyulmamalıdır, bir dənə də qanunsuz tikili olmamalıdır. Yəni, biz nümunəvi bir yaşayış məkanını yaradırıq. Həm Azərbaycan üçün, həm dünya üçün nümunəvi bir təcrübə sahibi olacağıq".

BÖYÜK DÖVLƏTLƏRİN BİR NEÇƏ İL ƏRZİNDƏ GÖRƏ BİLMƏDİKLƏRİ İŞLƏRİ AZƏRBAYCAN CƏMİ 2 İLDƏ REALLAŞDIRIB

Bəli, bu gün Qarabağ və Şərqi Zəngəzurda reallaşdırılan layihələrə nəzər yetirsək görərik ki, bəlkə də, böyük dövlətlərin bir neçə il ərzində görə bilmədikləri işləri Azərbaycan cəmi 2 ildə reallaşdırıb. Hava limanları, yaşayış məntəqələri, avtomobil və dəmir yolları, körpülər, tunellər, su anbarları, elekttik enerjisi stansiyaları, içməli su xətləri və sosial-iqtisadi infrastrukturların yaradılması dünyanın diqqətini cəlb edir. Həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edir, habelə həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsi üçün sağlam bünövrə yaradır.

Prezident İlham Əliyev cənablarının noyabrın 16-da "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük qayıdışa dair I Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Sərəncamı da bir daha deyilənlərin təsdiqidir. Sərəncamda göstərilir ki, işğaldan azad edilmiş ərazilərə Böyük qayıdış Azərbaycanın 2030-cu ilədək beş milli prioritetindən biri kimi müəyyən olunub. Bu milli prioritetlərə əsaslanan "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" yeni inkişaf mərhələsindəki hədəflərə çatmağa xidmət edən mühüm sənəddir. Dövlət proqramında işğaldan azad edilmiş ərazilərdə aparılmış bərpa-quruculuq işləri və mövcud vəziyyət, nail olunması hədəflənən məqsədlər və onlara uyğun hədəf göstəriciləri, proqramın prioritet istiqamətləri, əhalinin doğma torpaqlarına geri qayıdışı məsələləri, gözlənilən nəticələr, ehtimal edilən risklərin idarə olunması, müvafiq vəzifələrin yerinə yetirilməsi üçün maliyyələşmə mənbələri və həyata keçiriləcək tədbirlər öz əksini tapıb. Sənədin hazırlanmasında mütərəqqi beynəlxalq təcrübə, bu sahədə strateji inkişaf tendensiyaları, işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi potensialı və dünya iqtisadiyyatının müasir çağırışları nəzərə alınıb.

Sənəddə, ilk növbədə, bütövlükdə Şərqi Zəngəzur və Qarabağın təhlükəsiz bir zonaya çevrilməsi hədəflənir ki, bu, Prezident İlham Əliyev tarixi Zəfərimizin rəmzi olan Şuşadan xalqa müraciətində bildirmişdir ki, bütün bu quruculuq işlərinin təməlində Azərbaycan xalqının maraqları dayanır: "Ulu Öndərin Azərbaycan xalqı qarşısında xidmətləri misilsizdir və biz – onun davamçıları onun yolu ilə gedirik. 2003-cü ildə prezident seçkiləri ərəfəsində xalqa müraciət edərək demişdim ki, əgər mənə etimad göstərilərsə, mən Heydər Əliyev siyasətinə sadiq qalacağam. Azərbaycan xalqı mənə inandı və mən də sözümdə durmuşam və duracağam. 2003-cü ildən bu günə qədər 20 il keçib. Bu 20 il sürətli inkişaf və tərəqqi illəri olmuşdur. Uzun illər bundan sonra da Azərbaycan yalnız və yalnız inkişaf edəcək".

Bəli, bu gün Azərbaycan Prezidenti İlham Əliyev ulu öndər Heydər Əliyevin və bütün Azərbaycan xalqının inamını etibarını qazanaraq son 20 illik prezidentlik fəaliyyəti müddətində xalqına verdiyi vədləri yerinə yetirmiş güclü siyasi lider olaraq hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunu təsdiqləyir. Şəxsi keyfiyyətləri, siyasi uzaqgörənliyi və reallığa uyğun çevik qərarlar qəbuletmə bacarığı sayəsində cəmiyyətin bütün zümrələrini ətrafında birləşdirən İlham Əliyev 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində də xalqın böyük dəstəyini qazanmış və Azərbaycanın siyasi və beynəlxalq arenada mövqelərinin daha da möhkəmlənməsinə və bir sıra vacib sahələrdə mühüm uğurlara imza atmasına nail olmuşdur. Prezident İlham Əliyev həmişə çıxışlarında “mənim sözüm imzam qədər qüvvətlidir”,-deyir. Və işğaldan azad olunmuş torpaqlara səfərləri və qısa bir zaman kəsiyində görülən uğurlu işlər və həyata keçirilən layihələr məhz Qalib Liderin sözünün və əməlinin vəhdətinin nümayişidir.

BU BÖLGƏ NƏİNKİ AZƏRBAYCAN ÜÇÜN, DÜNYA ÜÇÜN NÜMUNƏVİ BÖLGƏ OLACAQ

Bəli, qələbəmizdən iki il keçməsinə baxmayaraq, dövlət başçımızın dediyi kimi: "Bu bölgə nəinki Azərbaycan üçün, dünya üçün nümunəvi bölgə olacaq. Biz hər şeyi planlı şəkildə edirik. Əlbəttə ki, tələsirik, amma, eyni zamanda, tələskənliyə yol vermirik".

Bir sözlə, bu gün görülən işlər, hər bir azərbaycanlının Prezidenti olduğunu, sözü ilə əməlinin üst-üstə düşməsinin məntiqi sübutudur. "Zamanla bütün Qarabağ abadlaşacaq, buna isə heç kəs maneə ola bilməz",-deyən Azərbaycan Prezidenti İlham Əliyev hər dəfə işğaldan azad olunmuş torpaqlara səfərləri bir daha göstərir ki, işğaldan azad olunmuş əraziləri qısa zaman kəsiyində bərpa etməsi üçün önündəki yeganə maneə zamandır. Zamanla bütün Qarabağ abadlaşacaq, buna isə heç kəs maneə ola bilməz. Bu gün - 30 ildən sonra isə dövlətimiz və xalqımız ən şərəfli günlərini yaşayır, tariximizin qürur doğuran səhifələri yazılır. İndi Şuşa da azaddır, Laçın, Kəlbəcər də, Ağdam da və digər işğal olunmuş rayonlar da. Hazırda işğaldan azad olunmuş torpaqlarımız bərpa olunur, yenidən qurulur. Qarabağın Azərbaycana məxsusluğunu mədəniyyət müstəvisində bəyan edən “Xarıbülbül” festivalı artıq bərpa olunub.

Bütün bunlara nail omaq isə daim xalqın son ümidi olan ulu öndər Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu və ölkənin hərtərəfli inkişaf siyasətinin uğurla davam etdirilməsi 2020-ci ildə 44 günlük Vətən müharibəsi Azərbaycan tarixinə qızıl hərflərlə yazılan qələbənin əldə edilməsində başlıca rol oynadı.

Xalqa müraciətində Prezident İlham Əliyev Şuşadan xalqa müraciətində bildirmişdir Qarabağı azad görmək Heydər Əliyevin və bütün dünya azərbaycanlılarının əsas arzusu idi: "Biz bu arzunu, Azərbaycan xalqının arzusunu yerinə yetirdik. 2020-ci il 8 noyabr tarixdə əbədi qalacaq. O gün mənə, bax, bu meydandan Şuşanın azadlığı ilə bağlı hərbi raport veriləndən sonra, bu binanın üstünə Bayrağımız qaldırılandan sonra atamın məzarını ziyarət etdim və ürəyimdə dedim ki, "Tapşırıq yerinə yetirildi. Məruzə edir Ali Baş Komandan İlham Əliyev!". Ondan sonra Şəhidlər Xiyabanını ziyarət etdim, şəhidlərimizin ruhu qarşısında baş əydim, ürəyimdə dedim ki, qanınız yerdə qalmadı".

Bəli, bu gün Qarabağ və Şərqi Zəngəzurun bərpası istiqamətində genişmiqyaslı işlər görülür. Dövlətimizin başçısı İlham Əliyev ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı Qarabağın tacı, bütün türk dünyasının mədəniyyət paytaxtı Şuşadan müraciətində də xüsusi qeyd etdi ki, bu quruculuq işlərinin təməlində Azərbaycan xalqının maraqları dayanır: "Bu gün Qarabağ dirçəlir, Zəngəzur dirçəlir, biz öz doğma torpaqlarımızda qururuq, yaradırıq. Qarabağın və Zəngəzurun bərpası missiyasını da uğurla icra edəcəyik. Necə ki, Ulu Öndərin vəsiyyətini yerinə yetirərək öz doğma torpaqlarımızı azad etdik, ərazi bütövlüyümüzü bərpa etdik, aprelin 23-də Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini qurduq, orada Azərbaycan Bayrağını qaldırdıq, ərazi bütövlüyümüzü tam bərpa etdik, eləcə də mülki missiyamızı - bu gözəl diyarın bərpası missiyasını da şərəflə yerinə yetirəcəyik".

Bəli, bu gün Qalib Lider, Prezident İlham Əliyevin işğaldan azad olunmuş rayonlara səfəri zamanı -“Qarabağda cənnət yaradacağıq” vədi sözü ilə əməlin bir olmasının göstəricisidir. Prezident İlham Əliyev bu günə qədər verdiyi bütün sözləri, vədləri yerinə yetirib. Necə ki, “Qarabağ Azərbaycandır və nida işarəsi” deyən dövlətimizin başçısı sözlərinə sadiq qalaraq Ermənistanın faşizm siyasətini məhv etdi, Qarabağı işğaldan azad etdi, hazırda da “Qarabağda cənnət yaradacağıq” vədini addım-addım yerinə yetirməkdədir.

"Zamanla bütün Qarabağ abadlaşacaq, buna isə heç kəs maneə ola bilməz", deyən Ali Baş Komandanımızın “Dəmir yumruq” siyasəti altında Müzəffər Ordumuzun rəşadətli əsgər və zabitlərinin şücaəti ilə işğaldan azad edilən torpaqlarımız zamanla abadlaşacaq, cənnət məkana çevriləcək. Dövlət başçımızın dediyi kimi: "Çünki bu torpaqların sahibləri bizik - Azərbaycan xalqıdır!".

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə