Azərbaycanın müasir tarixi iki qüdrətli Liderin – müstəqil Azərbaycan dövlətinin qurucusu olan Ümummilli Lider Heydər Əliyevin və Vətən müharibəsinin qalibi, Qarabağın xilaskarı Prezident, Ali Baş Komandan İlham Əliyevin müdriklik, qətiyyət və qəhrəmanlıq salnaməsidir. Böyük mütəfəkkir Viktor Hüqo vaxtilə yazırdı: "Əsl Liderin ömrünün yarısı Vətənə, digər yarısı da xalqa xidmət etməkdən ibarətdir".
Dövlətimizin başçısı İlham Əliyevin istər yerli televiziya kanallarına və mətbuatına, istər xarici mteleviziya kanallarına və mətbuatına, istəsə də xalqa müraciətlərində səsləndirdiyi hər bir bəyanatda 30 ilə yaxın müddətdə dünya dövlətlərinin siyasi iradə ortaya qoymamalarının yol açdığı sual doğuran və dəqiq cavabını axtaran məqamlar öz əksini tapıb. Real həqiqətlər bir daha bu gerçəkliyə işıq salır ki, zaman keçdikcə baş verən hadisələrin mahiyyəti daha dərindən dərk olunur, haqqın, ədalətin maraqların arxasında necə əridiyi aydın görünür. Bu gün dünyaya edilən "həqiqətə həqiqət gözü ilə baxaq" çağırışı erməniləri və onların havadarlarını narahat etsə də, unudulmamalıdır ki, beynəlxalq hüquq normaları və prinsipləri deyilən məfhum mövcuddur ki, onlara böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlər əməl etməli, yanaşmalarında əsas götürməlidirlər.
Prezident Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev xalqa müraciətində öz mövqeyini birmənalı şəkildə bildirərək demişdir: "Desin ki, mən Azərbaycanın ərazi bütövlüyünü tanıyıram, necə ki, baza prinsiplərində bu, təsbit edilib. Desin ki, mən işğal edilmiş torpaqlardan qoşunlarımızı çıxaracağam, necə ki, baza prinsiplərində bu, təsbit edilib. Desin ki, mən Azərbaycan xalqından üzr istəyirəm və desin ki, Qarabağ Ermənistan deyil. Sonuncu şərt budur ki, qrafik versin, işğal edilmiş torpaqlardan erməni silahlı qüvvələrinin çıxarılması cədvəli verilsin bizə. Onda biz əlbəttə ki, atəşkəs rejimini bərpa edəcəyik".
Bəli, bu ancaq Qalib Komandan, Qüdrətli Lider, Azərbaycan Prezidenti İlham Əliyev cənablarının cavabıdır və dövlətimizin başçısına da yaraşan elə budur!
Qüdrətli ordu, güclü iqtisadiyyat, beynəlxalq arenada önəmli mövqe, müstəqil xarici siyasət və qalib ölkə. Bu, öz tarixinin ən güclü dövrünü yaşayan Azərbaycanın bugünkü reallıqlarıdır.
Prezident İlham Əliyev "Bu gün beynəlxalq münasibətlərdə "kim güclüdür, o da haqlıdır" prinsipi üstünlük təşkil edir» fikri bir daha Ali Baş Komandanımızın güclü siyasi iradəsi və "dəmir yumruq" siyasəti ilə Dağlıq Qarabağ münaqişəsini tarixə qovuşdurdu, bölgədə yeni reallıqlar yaratdı. Bu güc sayəsində Qarabağın 30 il davam edən işğalına 44 gündə son qoymaq mümkün oldu. Biz həqiqətən tarixi günlər yaşadıq və yaşayırıq. Çoxəsrlik Azərbaycan tarixində buna bənzər şərəfli və qürurlu günlər olmayıb. Prezident İlham Əliyev bu gücə arxalanaraq 44 günlük müharibə dövründə həm də informasiya cəbhəsində xalqının, ölkəsinin maraqlarını qətiyyətlə müdafiə etdi. Xarici KİV-lərə çoxsaylı müsahibələrində praqmatik siyasətçi, hadisələri, prosesləri dəqiq qiymətləndirən, öz mövqeyini təkzibolunmaz arqumentlərlə əsaslandırmağı bacaran Lider olduğunu nümayiş etdirdi.
Bir sözlə, Prezident İlham Əliyev ata vəsiyyətini şərəflə yerinə yetirdi, xalqına, məcburi köçkünlərə verdiyi sözə sahib çıxdı, güclü Azərbaycan yaradaraq düşməni onunla hesablaşmağa vadar etdi. Azərbaycanın ərazi bütövlüyünü bərpa edən müdrik lider, böyük strateq, qalib sərkərdə kimi adını əbədi olaraq tarixə yazdırdı, 44 günlük Vətən müharibəsinin əsl qəhrəmanına çevrildi. Bəli, bir ölkənin Prezidenti, bir xalqın lideri olmaq böyük şərəfdir. Lakin xalqın sevimlisi olmaq, onun hörmət və ehtiramını qazanmaq daha böyük şərəf, daha böyük bəxtəvərlikdir.
Ali Baş Komandan İlham Əliyev, özünün qeyd etdiyi kimi, xoşbəxt insandır. Xoşbəxtdir ki, həm Prezident, həm siyasi varis, həm də oğul kimi öz üzərinə düşən bütün vəzifələri layiqincə yerinə yetirdi. Azərbaycanın yeni, şanlı tarixinin müəllifi, xalqımızın bitib tükənmək bilməyən sevinc, qürur və bəxtiyarlığının ilham mənbəyi oldu. Bu elə bir zirvədir ki, ondan yüksəyini təsəvvür etmək mümkün deyil! Və bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin xalqının lideri kimi əsas missiyası dövlətin və xalqın gücü ilə düşmənin viran qoyduğu işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılmasıdır. Və bu Qayıdış başlanıb. Bu sözü imzası qədər dəyərli və keçərli olan Azərbaycan Prezidenti İlham Əliyevin Ata vəsiyyətinə, xalqı qarşısında verdiyi sözə əməlləri ilə həyata keçirməsinin reallığıdır. Artıq bu gün yerindən, yurdundan qaçqın düşənlər qaçqın deyillər, qalib ölkənin qalib vətəndaşlarıdır və sabaha inamla baxırlar. Çünki bizim 30 ildən sonra işğal olunan torpaqlarımızı öz Sərkərdəliyi və Qətiyyəti ilə azad edən, Ali Baş Komandanımız, Prezident dövlətimizi qalib dövlət kimi dünyaya təqdim edən bir Lideri var.
Bu yerdə rusiyalı hərbi ekspert, "Milli müdafiə" jurnalının baş redaktoru İqor Korotçenkonun Azərbaycan Prezidenti İlham Əliyevin dünya miqyasında siyasət adamı olduğunu vurğulayıb: "Rusiyalı izləyicilər, siyasi ekspertlər İlham Əliyevin çıxışını erməni rəqibi Nikol Paşinyanla müqayisə edərkən gördülər ki, Azərbaycan Prezidenti erməni həmkarından bir baş yox, deyərdim iki baş yuxarıda idi. Bu rəy İlham Əliyevin dünya miqyasında siyasətçi olmasından ibarətdir. Bunu qəbul etmək lazımdır".
Bəli, 44 günlük Vətən Müharibəsi bir daha Prezident İlham Əliyev cənablarının dünya miqyasında LİDER siyasətçi olduğunu bir daha göstərdi. Dövlət başçımızın dediyi kimi: "İndi bütün ölkələr bu Vətən müharibəsinin təcrübəsini öyrənirlər. Vəsaitimiz də var. Xalq-iqtidar birliyimiz də var. Biz göstərmişik ki, böyük xalqıq, qürurlu xalqıq. Düşməni yerə vurduq. Düşmənin belini qırdıq, məhv etdik. Bu, tarixi Qələbədir. Bu Qələbə Azərbaycan tarixində əbədi qalacaq, şanlı Qələbə kimi!".
Bir sözlə, Azərbaycan qalib ölkədir və bundan sonra diktə edən tərəf də hər zaman Azərbaycan olacaq! Hər kəs həqiqəti bilməli və görməlidir. Və bu gün bir daha böyük qürur və fəxarətlə deyirəm: Cənab İlham Əliyev xalqımızın alternativsiz lideri, yeganə inam ünvanıdır, xilaskardır, qəhrəmandır. Prezident İlham Əliyevin adı xalqımız, dövlətimiz var olduqca, əsrlər boyu tarixdə ən böyük Xilaskar, Qəhrəman kimi anılacaqdır!
ZƏRİFƏ QULİYEVA,
YAP Veteranlar Şurasının üzvü
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB