Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə səfərində diqqətçəkən məqamlar

İyunun 3-də Ankarada Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın səlahiyyətlərinin icrasına başlaması mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər. Türkiyə Prezidenti və xanımı Əminə Ərdoğan mərasimdə iştirak edən Prezident İlham Əliyevi, birinci xanım Mehriban Əliyevanı, digər dövlət və hökumət başçılarını, nümayəndə heyətlərinin rəhbərlərini salamlayıblar.

Rəcəb Tayyib Ərdoğan çıxış edərək yenidən Prezident vəzifəsinə seçilməsi üçün ona etimad göstərən seçicilərə minnətdarlığını bildirib. Mayın 28-də keçirilmiş seçkilərdə millətin iradəsinin əksini tapdığını, “Türkiyə yüzilliyi”nin başladığını və ölkənin sıçrayış mərhələsinin qapılarının açıldığını vurğulayan Prezident Rəcəb Tayyib Ərdoğan siyasi və dini baxışlarından, etnik mənsubiyyətindən asılı olmayaraq, 85 milyonluq əhalinin etimadını boşa çıxarmamaq üçün səylə çalışacaqlarını qeyd edib. Türkiyə Respublikasının yaradılmasının 100-cü ildönümündə sarsılmaz həmrəyliyə daha böyük ehtiyac duyulduğunu diqqətə çatdıran dövlət başçısı bu gün elan olunacaq yeni hökumətlə birlikdə “Türkiyə yüzilliyi” istiqamətində səylə çalışacaqlarını bildirərək deyib: “Gün bir olmaq, bərabər olmaq, min illik qardaşlığımızı daha da möhkəmləndirmək günüdür. Gün övladlarımızın aydın sabahlarına sahib çıxmaq günüdür... Birlikdə “Türkiyə yüzilliyi”nin inşası üçün çiyin-çiyinə çalışmalıyıq”.

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın adından mərasim iştirakçılarının şərəfinə şam yeməyi verilib. Azərbaycan Prezidenti və birinci xanım tədbirdə iştirak ediblər.

Mərasimdə diqqətçəkən məqamlar yetərincə idi. Xüsusən də, Azərbaycan Prezidenti İlham Əliyevlə bağlı. Prezident İlham Əliyevin hava limanından tədbirin keçirildiyi Cümhurbaşqanlığı Külliyəsinə qədər diqqət mərkəzində olması, Prezident Rəcəb Tayyib Ərdoğanın İlham Əliyevlə məxsusi görüşməsi və salona toplaşan minlərlə iştirakçının alqışları ilə qarşılanması qürurverici görüntülər idi. Təbii ki, bütün bu münasibətlərin arxasında qardaşlıq, dostluq, bir ürək, bir can bağlılığı var idi. Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. Xalqlarımızın eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkəni həmişə bir-birinə doğma edib, sevincli, kədərli günlərdə də biri digərinin yanında olub. Ulu öndər Heydər Əliyevin “bir millət, iki dövlət” olaraq xarakterizə etdiyi Azərbaycan-Türkiyə dövlətləri arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatmaqda, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməkdədir.

Azərbaycan və Türkiyə arasında əlaqələrin belə səviyyədə inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. Eyni zamanda, türk dünyasının daha sıx şəkildə bir araya gəlməsini bu gün şərtləndirən ən mühüm amillərdən biri də, məhz Azərbaycan və Türkiyənin münasibətlərinin inkişafından keçir. Prezident İlham Əliyev bununla bağlı maraqlı fikirlər səsləndirib: "Türkiyə-Azərbaycan əlaqələri, eyni zamanda, bütün türk dünyası üçün də mühüm rol oynayır. Biz türk dünyasının birləşməsi, türk dövlətləri arasında əlaqələrin inkişafı üçün birgə səylər göstəririk".

Hazırda siyasi müstəvidə ölkələrimiz arasında münasibətlər yüksək səviyyədədir, amma bunu hər gün artırmağa, inkişaf etdirməyə ehtiyac var. Çünki Azərbaycan və Türkiyənin mövcud potensialı iqtisadi sferada əlaqələrin, xüsusən də qarşılıqlı ticarət dövriyyəsinin həcminin indiki ilə müqayisədə xeyli dərəcədə artırılmasına imkan verir. Son günlər bu istiqamətdə bir sıra mühüm addımlar atılıb.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu rəşadətli Zəfər qazanaraq 30 illik işğala son qoymaqla beynəlxalq ədaləti bərpa etməsi böyük bir coğrafiyada əməkdaşlıq, qarşılıqlı faydalı münasibətlər kontekstindən yeni mənzərə yaradıb. Bu siyasi təntənənin təməlində Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri, qarşılıqlı faydalı əməkdaşlıq, Liderlərimizin birgə qərarları və davamlı olaraq həyata keçirilən beynəlxalq əhəmiyyətli layihələr dayanır. Bu gün Qarabağ Zəfəri qardaş ölkələrimizin tarixi səhifələrinə nur saçır. İkinci Qarabağ savaşında qazanılan Zəfər Türkiyə cəmiyyətində, qardaş ölkədə Azərbaycana sevgini zirvələrə yüksəldib. Bütün dünya, eləcə də bölgəmizdə strateji maraqları olan bütün tərəflər bir daha əmin oldular ki, mövzu vətənin təhlükəsizliyi, torpaqların bütövlüyü olanda, yalnız qətiyyətli qərarlar qəbul edilir. Bəli, Qarabağ Zəfəri iki qardaş dövlətin və xalqın birlik təntənəsidir.

“Səs” qəzetinin siyasət şöbəsi

Bütün xəbərlər Facebook səhifəmizdə