"İlham Əliyevin İtaliya prezidentini təbrik etməsi təsadüfi deyil" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Hesab edirəm ki, bugünkü gündə Azərbaycan və İtaliya əlaqələri ən yüksək səviyyədədir. Davamlı olaraq ölkələr arasında səfər mübadiləsi həyata keçirilir. Bundan əlavə, bu gün Azərbaycan qazı İtaliyaya nəql olunur. Azərbaycan Prezidenti İlham Əliyevin İtaliya prezidentinə təbrik məktubu göndərməsi də təsadüfi deyil. Əslində, bu çox vacib və önəmli bir məsələdir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, bu, ikitərəfli əlaqələrin yüksək olmasından xəbər verir: “44 günlük müharibədə də İtaliya Azərbaycanın yanında oldu. İtaliya o dönəmdə də Azərbaycanın mövqeyini dəstəklədi. Bu gün ölkəmizdə Azərbaycan-İtaliya birgə universiteti yaradılır. Düşünürəm ki, bu cür yaxınlaşmalar, məktubların ünvanlanması və qarşılıqlı səfərlər iki dövlət arasında münasibətlərin daha da güclənməsi üçün əhəmiyyətlidir”.

Deputat sözlərinə davam edərək bildirib ki, bu ilk dəfə baş vermir: “Biz tez-tez ölkə başçısı İlham Əliyevin ayrı-ayrı ölkələrin rəhbərlərinə təbrik məktubları ünvanlamasının şahidi oluruq. Əlbəttə ki, bu da həmin dövlətlərlə əlaqələrin birmənalı olaraq inkişafına öz müsbət təsirini göstərir. Biz deyə bilərik ki, Azərbaycan və İtaliya bir-biri ilə ən çox əlaqə quran və etimad göstərən ölkələrdəndir. Bu da bizim xarici siyasətimizin güclənməsinə, qarşımıza qoyduğumuz bütün hədəf və məqsədlərə çatmasına müsbət töhfəsini verəcək”.

Bütün xəbərlər Facebook səhifəmizdə