"Otursunlar yerlərində və başlarından yuxarı atdanmasınlar" - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

"Prezident İlham Əliyevin Laçından verdiyi mesajların hamısı gündəmdə olan məsələlərə aydınlıq gətirir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib.

Onun sözlərinə görə, ilk növbədə Prezident İlham Əliyev bir daha yada salır ki, Azərbaycan xalqı, onun rəhbərliyi yekdildirlər, onlar vəhdət təşkil edirlər və biz azad olunmuş ərazilərimizdə yeni həyat qururuq: "Yəni, köhnə həyatımızı məhv edən ermənilər oldu. Lakin biz yenidən orada yeni şəhərlər salırıq və yaşıl enerjinin istifadəsi geniş olacaq.

Bütün bunlar ondan xəbər verir ki, bu günləri gördüyümüz işlərin hamısını biz gələcək üçün nəzərdə tuturuq. Artıq ən yaxın zamanda Böyük Qayıdış proqramımızın böyük bir hissəsi reallaşacaqsa və 4 minə yaxın ailə o bölgələrə qayıdacaqsa, deməli biz bu torpaqlara əbədi dönmüşük və kiminsə bu torpaqlarda gözü olsa, o çox böyük bir peşmanlıq hissi yaşamalı olacaq. Ermənilər bilməlidir ki, onlar bizim nazənin şəhərlərimizin adlarını eybəcərləşdirməklə heç nəyə nail olmayacaqlar. O torpaqların hamısı bizim olub və ermənilər bu ərazilərdə qonaqdırlar. Otursunlar yerlərində və başlarından yuxarı atdanmasınlar".

Tofiq Abbasov sözlərinə belə davam edib: "Prezident İlham Əliyev yada saldı ki, onların zəhərli ideologiyası birdəfəlik iflasa uğradı. Azərbaycan xalqı ermənilərə dərs keçdi. Onların sağlam qüvvələri əlbəttə ki var və onlar anlayır ki, Azərbaycanla heç bir zarafat keçməyəcək. Odur ki, gərək özləri üçün lazımi qənaətləri çıxarsınlar.

Hesab edirəm ki, Prezident nahaq yerə onların yadına salmır ki, "dəmir yumruq" yerindədir, Azərbaycan xalqının qətiyyəti heç yerə getməyib və həmişə güclənir. Ermənilər sabit şəraitdə yaşamaq istəyirlərsə, gərək onlara verilən dərsləri yaddan çıxarmasınlar, məkrli planları və bədniyyətləri kənara qoysunlar. Əgər bu alınmasa, o zaman Ermənistanın öz üzərində qara buludlar hakim kəsiləcək.

Gərək onlar həm də Prezident İlham Əliyevin mesajlarını təhrif etməsinlər. Orada elə bir fon yaradırlar ki, guya Azərbaycan Qarabağda yaşayan balaca erməni icması üzərində təhlükələr yaradır. Guya biz orada soyqırım və etnik təmizləmə edəcəyik. Bütün bu bəd işlərin hamısını ermənilər özləri ediblər. Özləri edən işləri isə Azərbaycanın ayağına yazmaq istəyirlər. Lakin bu alınan iş deyil. Çünki biz bu işlərə qol qoymamışıq.

Ermənilər azərbaycanlıları öz dədə-baba torpaqlarından və əzəli yurdundan didərgin saldılar. Eləcə də Qarabağda, yəni Xocalıda, Xankəndində, Daşaltıda və bir çox yerlərdə yaşayan azərbaycanlılar öz yurdlarından qaçıb getməli oldular. Bunların hamısını ermənilər edib. Onlar öz əməlləirini öz ayaqlarına yazsınlar.

Azərbaycan Prezidenti Laçında olarkən onlara yaxşı mesajlar çatdırdı. Cənab İlham Əliyev bildirdi ki, "Əgər ermənilər dinc və sabitt axarla Azərbaycan ərazilərində yaşamaq istəyirlərsə, gərək vətəndaşlığımızı qəbul etsinlər, başlarını aşağı salıb digər azlıqlar kimi özlərini normal aparsınlar. Bunu bacarmasalar rədd olub getməlidirlər". Prezident bir daha onları agah etdi ki, çaşmasınlar".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə