"Azərbaycan və Türkiyə bölgənin çiçəklənən dövlətləri olacaqlar" - DEPUTAT DANIŞDI
"Türkiyədə parlament və prezident seçkilərinin ikinci turunun uğurla başa çatması Türkiyə qədər, Azərbaycan ictimaiyyətini də sevindirdi. Əvvəla ona görə ki, Türkiyədə Ərdoğan kursunun davam etməsi təkcə Türkiyə ilə yanaşı, Azərbaycan və bütövlükdə türk dünyası üçün olduqca böyük əhəmiyyəti olan siyasi xətdir. Eyni zamanda Ərdoğan iqtidarı dövründə Türkiyə güclü və nüfuz sahibi olan ölkəyə çevrildi, o cümlədən regionda əməkdaşlıq və sülhün bərqərar olmasında mühüm fəaliyyət göstərdi. Eyni zamanda Türk dünyası dövlətlərinin yenidən təşkilatlanmasında cənab Prezident İlham Əliyevlə birgə Ərdoğanın tarixi xidmətləri oldu". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Musa Quliyev deyib.
Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsi dövründə Türkiyə prezidenti başda olmaqla Türkiyə ictimaiyyəti, dövləti Azərbaycanın yanında olduğunu hər daim bütün dünyaya göstərdi: "Bu da bizüm üçün olduqca böyük mənəvi və siyasi dəstəkdir. Türkiyə hərbi qüvvələrinin güclənməsi, hərbi texnologiyaların inkişafı da Qarabağ müharibəsində bizə dəstək verdi. Post-müharibə dövründə də Ərdoğanın Şuşaya və Qarabağın digər bölgələrinə olan səfərləri bizim gücümüzə güc qatdı.
Şübhəsiz ki, qarşıda daha məsuliyyətli dövr dayanır. Bölgədə sülhün təmin olunması, əməkdaşlığın yeni mərhələyə keçməsi Azərbaycanla yanaşı Türkiyə də böyük rol oynayır. Əgər Türkiyədə iqtidar dəyişmiş olsaydı və Kılıçdaroğlunu sərsəm ideyaları həyata keçsəydi, təkcə Azərbaycan üçün deyil, bütün bölgə üçün faciələr törənmiş olardı. Lakin ədalət öz yerini tapdı, türk seçicisi doğru olana qərar verdi.
Düşünürəm ki, Qarabağ məsələsi bu il tamamilə həll ediləcək, Ermənistanla sülh müqaviləsi imzalanacaqdır. Bununla da bölgənin inkişafının yeni mərhələsi başlayacaq. Hansı ki, bu mərhələdə Azərbaycan və Türkiyə bölgənin çiçəklənən dövlətləri olacaqlar. İki qardaş ölkə arasındakı əlaqələr isə daha da inkişaf edəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB