"Paşinyan tərbiyə oluna bilməyən uşaqlara bənzəyir" - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

"Ermənistanın təxribatçı əməllərindən əl çəkəcəyinə inanmaq, sadəcə olaraq, sadəlövhlük olardı. Çünki biz dəfələrlə bunun şahidi olmuşuq ki, Ermənistan rəhbərliyi dünya ictimaiyyətini və konfranslarda iştirak edən ölkə rəhbərlərini açıq şəkildə aldadır və yalan danışaraq onları buna inanmağa məcbur edir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Ramiz Alıyev deyib.

Onun sözlərinə görə, Moskva görüşündə Rusiya Prezidenti Vladimir Putin Paşinyanın yalan bəyanatına və konfrans iştirakçılarını aldatmasına imkan vermədi: "Ona açıq-aşkar həqiqətin necə olduğunu göstərdi. Təbii ki, Azərbaycan Prezidenti çox yerində bir reaksiya verərək, əslində, Paşinyanın hansı xülyalarla yaşadığını və onun etdiyi ağılsızlıqları göstərmiş oldu. Amma təəssüf ki, Ermənistan rəhbərliyi bu cür hallardan dərs çıxarmağı bacarmır. Paşinyan tərbiyə oluna bilməyən uşaqlara bənzəyir. Yalan danışdığını onun üzünə desələr də, Paşinyanda utanma hissi yoxdur".

Politoloq sözlərinə davam edərək bildirib ki, siyasi arenada belə xüsusiyyətləri nümayiş etdirmək nadir hallarda baş verir: "Ona görə də mən hesab edirəm ki, Ermənistan növbəti görüşün yaxınlaşdığı bir məqamda yenidən təxribatlara əl atacaq. Çünki Ermənistan rəhbərliyi ilə hərbçiləri arasında kommunikasiya yoxdur. Onlar Paşinyanı saymır və onun verdiyi sözlərə əhəmiyyət vermədiklərini bildirirlər. Bütün bunları nəzərə aldıqda necə inana bilərik ki, Paşinyanın sözlərindən sonra təxribatlar olmayacaq. Biz artıq buna alışmışıq. Amma bu, bir faciədir. Bəlkə də dünyanın heç bir dövlətinin bu qədər yalan xülyalarla yaşayan lideri yoxdur. Ona görə də biz hər an erməni təxribatına cavab verməyə hazır olmalıyıq, hazırıq da. Belə hallar davam edəcəyi təqdirdə "Qisas əməliyyatı" adı altında xüsusi əməliyyatlar olacağı istisna olunmur".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə