“Rəcəb Tayyib Ərdoğanın qələbəsi Türkiyə tarixinin yeni dövrüdür” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Türkiyədə prezident seçkiləri Türkiyə xalqının və bütövlükdə Türk dünyasının milli iradəsinin təntənəsi oldu. Bildiyiniz kimi, Qərb dünyası açıq formada anti-Ərdoğan kampaniyası apararaq Türkiyədə yenidən Qərbdən asılı marionet bir rejim qurmaq, Türkiyənin artan güc və imkanları qarşısında birdəfəlik sədd çəkmək istəyirdi. Lakin müdrik Türk xalqı Ərdoğana dəstək verməklə Türkiyənin müstəqilliyinə, suverenliyi və ərazi bütövlüyünə, bölgənin təhlükəsizliyinə səs verib potensial milli qarşıdurma və vətəndaş müharibəsi təhdidini aradan qaldırdı. Bu mənada, Ərdoğanın qələbəsi Çanaqqala zəfərinə bənzər bir tarixi qələbə, Türkiyə tarixinin yeni dövrüdür”. Bu sözləri SİA-ya açıqlamasında deputat Bəhruz Məhərrəmov deyib.


Onun sözlərinə görə, eyni zamanda, bu seçkilər həm də demokratiyanın təntənəsi hesab olunmalıdır: “Ərdoğana qarşı "demokratik dəyərlər" adı altında səlib yürüşü təşkil edən Qərb dünyasına ən yaxşı cavab məhz 2 turlu azad seçki oldu. Ərdoğan Türk düşmənlərini məhz demokratik dəyərlər ilə yerinə oturdub Qərbə seçki dərsi keçdi.
Heç şübhəsiz ki, bu seçkilər Azərbaycan üçün də mühüm önəmə malik idi. Çünki Türkiyə bizim ən yaxın müttəfiqimizdir və Ərdoğanın hakimiyyətdən getməsi arzuolunmaz situasiyalara səbəb ola bilərdi”.

Deputat sözlərinə belə davam edib: “Əlbəttə, Azərbaycanın yaratdığı reallığı kimsə dəyişə bilməzdi, lakin istənilən halda Kılıçdaroğlunun mesajları narahatlıqlar vəd edirdi. Bu mənada, 28 may seçkilərində qələbə ilə həm də ən yüksək səviyyədə olan Azərbaycan - Türkiyə münasibətlərinin qızıl dövrünün yeni mərhələsini başlatmış oldu”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə