“Azərbaycan ATƏT-in etibarlı tərəfdaşıdır“ - POLİTOLOQ FİKİR BİLDİRDİ

“Azərbaycan ATƏT-in etibarlı tərəfdaşıdır“ - POLİTOLOQ FİKİR BİLDİRDİ

“ATƏT Parlament Assambleyasının sədri Azərbaycanda səfərdə olub. Sədr Bakıda keçirilən tədbirdə “Yaşıl iqtisadiyyat, nəqliyyat əlaqələndirilməsində və dayanıqlı inkişaf vasitələrilə təhlükəsizlik və sabitliyin təşviqində milli parlamentin rolu” mövzusunda beynəxalq konfransda iştirak edib və konfransın əhəmiyyətini yüksək qiymətləndirib. Bu konfrans Milli Məclis və ATƏT Parlament Assambleyasının birgə təşkilatçılığı baş tutub.”Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib.
Onun sözlərinə görə, bu tədbirdə ATƏT-ə üzv olan ölkələrin çox sayda parlament nümayəndələri təmsil olunub: “Sədr Azərbaycan Prezidenti ilə görüşü zamanı bu barədə məlumat verərək, gələcəkdə bu cür tədbirlərin sayının artmasını arzulayıb.

Mayın 23-də ölkə başçısı ilə görüşən sədr Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması yolunda atılan addımları dəstəklədiyini və yaxın gələcəkdə kommunikasiya və nəqliyyat xətlərinin açılmasının vacib olduğunu vurğulayıb. Azərbaycan Prezidenti cənab İlham Əliyev öz növbəsində ATƏT Parlament sədrinə Azərbaycanın irəli sürdüyü 5 prinsip əsasında sülh müqaviləsinin bağlanması istiqamətində aparılan işlərdən, o cümlədən Vaşinqtonda və Brüsseldə keçirilən görüşlər barədə danışıb. Cənab Prezident sülh yolunda münasibətlərin normallaşdırılması üçün əlimizdən gələni etdiyimizi vurğulayıb.
Eyni zamanda sədr işğaldan azad olunmuş Zəngilan rayonuna səfər edib. Səfər zamanı quruculuq işləri ilə tanış olan sədr ölkəmiz haqqında yüksək fikirlərini deyib. Azərbaycan ATƏT-in etibarlı tərəfdaşıdır və bunu atdığı addımlarda da hər zaman göstərir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə