"Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskva görüşünün təşkil olunması sözsüz ki, müsbət hadisədir. Nəzərə almalıyıq ki, bu görüş artıq nazirlər və liderlər səviyyəsində Vaşinqton və Brüssel görüşlərinin ardınca keçirilir. Hər birimiz bilirik ki, 44 günlük müharibədən sonra Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üzrə şərti olaraq müəyyən şərtlərlə üç format formalaşıb. Bunlar Vaşinqton, Brüssel və Moskva formatlarıdır". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib.
Onun sözlərinə görə, Brüssel və Vaşinqton formatlarının bir-birinə yaxın olduğunu nəzərə alsaq, Moskva görüşünün onlardan fərqliliyi göz önündədir: "Əgər Vaşinqton və Brüsseldə keçirilən görüşlərdə bəzi konkret məsələlər ətrafında müzakirələr aparılaraq kiçik də olsa razılaşmalara gəlinibsə, Moskva görüşünün hansı istiqamətdə irəliləyəcəyini təsəvvür etmək çətin deyil. Ona görə də nazirlərin Moskva görüşü birinci növbədə Rusiyanın Azərbaycan və Ermənistan münasibətlərinin normallaşması prosesində təşəbbüsü öz əlinə almaq görüntüsü yaradacaq. Rusiya bu görüşlə dünyaya bu iki dövlət arasında münasibətlərin normallaşmasında dominant olduğunu göstərmək istəyəcək".
A.Quliyev sözlərinə davam edərək bildirib ki, buradan iki nəticə çıxarmaq mümkündür: "Birincisi, Moskva görüşündə Rusiya vasitəçi kimi Vaşinqton və Brüssel görüşlərində aparılmış müzakirələrin dəyərini aşağı salmağa çalışacaq. Rusiya hazırkı şəraitdə ABŞ və Avropa ilə çox kəskin qarşıdurmada olan bir ölkə olaraq Cənubi Qafqazda sülhün onlar tərəfindən əldə olunmasına imkan verməz. Rusiya Azərbaycan-Ermənistan əlaqələrinin normallaşmasında dominantlığını ön plana çıxarmaq üçün yeniliklərə də əl ata bilər. İstisna deyil ki, Rusiya Moskva görüşündə Azərbaycan və Ermənistan işçi qrupunun, eləcə də delimitasiya komissiyasının işinin yenidən bərpa olunması barədə təşəbbüskar çıxış etsin. Fikrimcə, Moskva görüşündə Rusiya kommunikasiyaların açılması istiqamətində tərəflərlə razılıq əldə etməyə çalışacaq. Sərhədlərin delimitasiyası və sülh sazişinin hazırlanması məsələsinə gəldikdə isə Rusiyanın xüsusilə bu iki məsələdə Ermənistanın mövqeyinə ciddi təsir göstərəcəyini gözləmək tezdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB