"Prezidentin Şuşa səfəri ondan xəbər verir ki,..." - SİYASİ EKSPERT MÜNASİBƏT BİLDİRDİ
"Prezidentin Şuşa səfəri olduqca məhsuldar oldu və ondan xəbər verir ki, Şuşa şəhəri yaxın zamanlarda nəinki ölkəmizin, ümumiyyətlə bölgənin bir multikultural mərkəzinə çevriləcək". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Vüqar Əhmədov deyib.

Onun sözlərinə görə, orada tikilən yeni infrastruktur obyektləri Şuşanın yeni inkişafını təmin edir: "Əlbəttə ki, bu gələcəkdə oraya həm xarici qonaqların, həm də yerli əhalinin qayıdışı baxımından çox önəmlidir. Cənab Prezident hər zaman əlamətdar günləri xalqla, öz doğma vətəndaşları ilə birgə keçirir. Bu bizim xalqımıza ruh və ümid verir və bu eyni zamanda Prezidentin də bir üstünlüyüdür ki, 44 günlük müharibədən sonra ölkə başçısı ən əlamətdar günlərini xalqla birlikdə işğaldan azad olunmuş torpaqlarda keçirir.
Şuşada Prezidentin son nitqi həm də Ulu Öndər qarşısında hesabat və gələcək fəaliyyətlər üçün yeni mesajlar idi. Cənab Prezident erməni təxribatlarına baxmayaraq Azərbaycanın öz qətiyyətli yolunu davam etdirdiyini, bərpa və quruculuq işlərini daha da genişləndirdiyini bir daha dünyaya nümayiş etdirdi. Bununla da biz əminliklə deyə bilərik ki, Ümummillli Liderin, Prezident İlham Əliyev və dövlətimiz qarşısında qoyduğu ən əsas vəsiət olan torpaqlarımızın işğaldan azad olunması məsələsi real həyatda öz həllini tapıb. Bundan sonra yeni hədəflər Zəngəzur dəhlizi və dədə baba torpaqlarımıza qayıdış məsələsidir. Düşünürəm ki, dövlət başçısı Azərbaycanın müstəqilliyinin məhz Naxçıvandan başlanmasını təsadüfən qeyd etmədi. Məhz Azərbaycanın dövlət müstəqilliyinin əsası ötən əsrin 90-cı illərinin əvvəlində Ulu Öndər Heydər Əliyev tərəfindən Naxçıvanda qoyulmuşdur və Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvanın ölkəmizin ərazi bütövlüyü ilə birləşməsini də bu vəsiətin əsas tərkib hissəsi hesab etmək olar. Əlbəttə ki, bu yola gəlib çatmaq üçün Heydər Əliyev hakimiyyətinin ilk illərini unutmaq olmaz, məhz həmin illərdə AXC-Müsavat cütlüyünün talan edib dağıtdığı ölkəni Ulu Öndər xilas etməsəydi, biz bu günkü hədəflərdən və uğurlardan danışa bilməzdik. Buna görə biz Heydər Əliyev siyasətinə hər zaman minnətdar olmalıyıq".
Vüqar Əhmədov sözlərinə belə davam edib: "Torpaqlarımızın işğaldan azad olunmasından sonra bərpa və quruculuq işlərinin pərakəndə deyil, məhz bir mərkəzdən, Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən həyata keçirilməsi mill-mədəni abidələrimizin və tariximizin qorunması baxımından çox önəmlidir. Mehriban xanım Əliyevanın Şuşadan paylaşdığı tvitlər bizdə böyük ümidlər yaradır ki, bu gün Qarabağın irsi ən yüksək səviyyədə qorunur və dağılmış abidələr zərgər dəqiqliyi ilə bərpa olunur. Heydər Əliyev Fondu bu mənada ölkəmizin multikultural dəyərlərinin dünyaya tanıdılmasında bu günə qədər çox mühüm layihələr həyata keçirmişdir və Şuşada xanım Əliyevanın rəhbərliyi ilə aparılan yenidənqurma işləri Azərbaycanın multikulturalizm sahəsində əldə etdiyi nəaliyyətlərə yeni çalar gətirir.
Prezident İlham Əliyev hər zaman Azərbaycanın milli-mənəvi dəyərlərinə sahib çıxıb və onun qorunmasını dövlətin qarşısında əsas vəzifə kimi müəyyən etmişdir. Prezidentin öz ailəsi ilə birgə Şuşada, Yuxarı Gövhər Ağa məscidinin tam bərpasından sonra açılış mərasimində iştirak etməsi dövlətimizin dini dəyərlərimizə olan qayğısının və həssas münasibətinin baris göstəricisidir. Ölkə başçısı Ermənistanın işğalı nəticəsində dağıdılmış məcidlərimizin və işğalçıların onlarla etik qaydalardan uzaq davranışını hər zaman beynəlxalq səviyyədə gündəmə gətirib və işğaldan azad olunandan sonra torpaqlarımıza səfəri zamanı bu məcidlərin vəziyyətini bir daha dünyaya nümayiş etdirib. Bununla Azərbaycan bir multikultural mərkəz olaraq eyni zamanda mədəniyyətlər və dinlərarası dialoqa hər zaman töhfə verən bir ölkə olduğunu bir daha təsdiq etmiş oldu. Bütün bunlar isə ölkə başçısı və onun ailəsinin xalqımızın milli mənəvi dəyərlərinə nə qədər bağlı olduğunu və bu sahəyə nə qədər əhəmiyyət verdiyinin bariz nümunəsidir".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB