“Türkiyədəki seçkilər Azərbaycanda da maraqla izlənilir” - POLİTOLOQ FİKİR BİLDİRDİ

“Türkiyədəki seçkilər Azərbaycanda da maraqla izlənilir” - POLİTOLOQ FİKİR BİLDİRDİ

“Heç şübhəsiz ki, Türkiyədə keçiriləcək Prezident və Parlament seçkiləri təkcə Türkiyə üçün deyil, ümumilikdə Türk dünyası üçün önəmli seçkiləridir. Belə ki, bu seçkilər quruluşunun 100-cü ildönümünü qeyd etməyə hazırlaşan Türkiyə Cümhuriyyətinin ikinci yüzilliyindəki inkişaf yolunun müəyyənləşdirilməsi baxımından tarixi əhəmiyyət kəsb edir. Təbii ki, seçkilər Azərbaycan cəmiyyətində də maraqla izlənilir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov bildirib.

Onun sözlərinə görə, dost və qardaş ölkə olaraq bizlər təbii ki, Türkiyənin hazırkı siyasi kursu davam etməsini istəyirik: “İstəyimiz AKP hakimiyyətinin qarşısına qoyduğu hədəflərə doğru fəaliyyətini davam etdirərək, Türkiyənin dünyanın ən inkişaf etmiş on ölkəsi sırasına çıxması, yerləşdiyi regionun lideri olmaqla yanaşı dünyanın söz sahiblərindən biri səviyyəsinə yüksəlməsindən ibarətdir. Çünki Türkiyənin güclü olması Azərbaycanın da güclü olması deməkdir.
Türkiyə hal-hazırda qlobal geosiyasi proseslərə ciddi təsir edə bilən dövlətə çevrilib və onun bu statusu qoruyub saxlayaraq inkişaf etdirməsi lazımdır. Ərdoğan hakimiyyəti dövründə Türkiyə təbii olaraq çox işlər görüb. Son 20 il ərzində istər iqtisadi, istər siyasi, istər sosial, istərsə də xidmət sahəsində olduqca böyük yol qət edilib. Aparılan islahatlar, həyata keçirilən layihələr isə göz qabağındadır. Ancaq görülmüş bütün bu işlərə baxmayaraq dünyanı cənginə almış iqtisadi böhran Türkiyədən də yan keçməyib, xarici təsirlər səbəbindən Türkiyə iqtisadiyyatının geriləməsi, TL-dollar balansının kəskin pozulması, miqrant böhranı, təbii fəlakət nəticəsində ölkənin alıtda birində yaşanan əlavə problemlər və s. səbəblər AKP hakimiyyətinin nüfuzuna müəyyən qədər zərbə vurur və bu amil də səsvermədə müəyyən rol oynayacaqdır. İndiki vəziyyətdə sosioloji sorğuların nəticələri "Cümhur İttifaqı" ilə "Millət ittifaqı" arasında xüsusi böyük fərq olduğunu göstərmir. Məlumdur ki, həm cənab Ərdoğanın, həm də Kılıcdaroğlunun oturuşmuş elektoratı var və hər hansı problemlər onların mövqeyinə elə bir təsir göstərmir. Sosioloji sorğulardan məlum olur ki, cənab Ərdoğanın daimi stabil elektoratı təxminən 28-30 faiz təşkil edir. Heç də az olmayan bu rəqəmin üzərinə 7-10 faizlik MHP elektoratını, ümumilikdə 2-3 faiz səsi olan Mustafa Desticinin Böyük Birlik Partiyası, avrasiyaçı Doğu Perinçekin Vətən Partiyası və HÜDAPAR-ın seçicilərinin səsini əlavə etsək, Ərdoğanın təxminən, 40-45 faiz ətrafında hazır səsi olduğunu demək mümkündür".

Politoloq qeyd edib ki, CHP-nin də ənənəvi oturuşmuş elektorat bazasını, İYİ Partiyanın, “Millət İttifaqı”ndakı digər 4 partiyanın və eləcə də Kılıcdaroğlunu dəstəkləyəcəyini bəyan edən HDP-nin də səsini nəzərə alsaq Kılıçdaroğlunun da təqribən 45 faizə yaxın səinin olacağını ehtimal etmək olar: "Amma burada bəzi məqamlar da var. HDP rəhbərliyi Kılıçdaroğlunun namizədliyini müdafiə etsə də, xüsusən, partiyanın cənub-şərqi Anadoluda yaşayan mühafizəkar tərəfdarlarının bir hissəsi HDP-nin öz namizədi seçkidə iştirak etmədiyi üçün dini dünyagörüşlərinə daha yaxın hesab etdikləri Ərdoğana səs verməyi üstün tuturlar. Sadalananlara digər namizədlərin, xüsusilə Məhərrəm İncənin də elektoratını və toplayacaqları səsləri gəlsək ehtima etmək olar ki, seçkilərin ikinci turu keçirilə bilər. Amma təbbi ki, bütün bu sadalananlar sadəcə kənardan müşahidə etdiklərimizdir. Son 3 gün olduqca vacibdir və hələ də qərarsız olan elektoratın səsini almaq üçün həlledici vaxtdır.
Cənab Ərdoğanın dünyanın xarizmatik siyasətçilərindən biri olması, onun şəxsi nüfuzu, eyni zamanda seçkilərdə mübarizə aparmaq praktikası təbii olaraq "Cümhur İttifaqı"nın imkanlarını xeyli dərəcədə gücləndirir. Siyasətçilərin potensialını, əldə etdiyi təcrübəni də nəzərə alsaq, bu baxımdan prosesi daha uğurla irəli apara bilən namizəd cənab Ərdoğandır. İstənilən halda, son sözü türk milləti deyəcək və iradəsini seçkilərdə ortalığa qoyacaq. Biz isə öz siyasi təcrübəmizə dayanaraq deyə bilərik ki, Cənab Ərdoğan Azərbaycan-Türkiyə münasibətlərində, Türk dövlətlərinin bir araya gəlməsində əvəzsiz rol oynayıb. Onun nüfuzunu, xarici siyasətdəki manervlərini, 44 günlük Vətən müharibəsində Türkiyənin qətiyyətli mövqeyini nəzərə alsaq, Azərbaycan ictimaiyyəti qalib kimi Ərdoğanı görmək istəyəcək”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə