"Əgər Rusiya əngəl olmasa, Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Vaşinqton görüşü yaxşı şeylər vəd edir. Ancaq mənim üçün Rusiyanın mövqeyi bir qədər qaranlıqdır. Fikrimcə, onlar Bakıya döndükdə Rusiya hər iki tərəflə danışıqlar aparacaq və bunun nəticəsində yenidən sülh sazişinin imzalanması uzanacaq". Bu sözləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.
Onun sözlərinə görə, Rusiya nə özü, nə də Vaşinqton tərəfindən sülh sazişinin imzalanması prosesinin həyata keçməsini istəmir: "Çünki o sülh sazişi imzalanandan sonra rus sülhməramlılarının Qarabağda qalmasının heç bir hüquqi əsası qalmır. Bundan əlavə, həm Ermənistan, həm də Azərbaycan Rusiyanın siyasi nəzarətindən tam olmasa da, müəyyən mənada çıxır. Ona görə də Rusiya çalışacaq ki, bu proses baş tutmasın. Bunu tam əminliklə demək olar".
Politoloq sözlərinə davam edərək bildirib ki, bu məqsədlə tərəfləri üz-üzə qoymaq təxribat kimi yollara əl atıla bilər: "Hətta buna şübhəm də yoxdur. Orada çalışacaqlar ki, Azərbaycan ordusu ilə rus sülhməramlılarını üz-üzə qoysunlar və ya ermənilər təxribat törədib bunu bizim üstümüzə atacaqlar. Yəni, ermənilərə bel bağlamaq olmaz. Onlar həmişə verdikləri sözdən qaçırlar. Ona görə bu sazişin imzalanma ehtimalı Vaşinqtonda yüksək olsa da, Moskva qarışacağı təqdirdə Bakı və İrəvanda imzalanma ehtimalı çox az olacaq. Rusiya bütün hallarda bu işə maneə olacaq deyə düşünürəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB