“Ermənilərin həyasızlığı və savadsızlığı heyrət doğurur” - MÜNASİBƏT
“Xankəndi-Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin qurulması, yaxud, qurulmaması haqqında 10 noyabr bəyanatının 6-cı bəndində heç bir müddəa yoxdur. Bu səbəbdən ermənilərin bəyanatın 6-cı bəndinin tələblərinin pozulması barədə iddiaları son dərəcə əsassızdır”. SİA xəbər verir ki, bunu siyasi ekspert Abutalıb Səmədov "Səs" qəzetinə açıqlamasında deyib.
Onun sözlərinə görə, ermənilərin həyasızlığı və savadsızlığı heyrət doğurur: “Biz onların nə qədər həyasız, şər-böhtan söyləyən olduqlarını yaxşı bilirdik və buna qətiyyən təəccüblənmədik. Ancaq bu qədər savadsız olmaları qətiyyən gözlənilən deyildi. Fikir verin, neçə ildir ki, N.Paşinyan “Laçın koridoru”nun xüsusi rejimindən danışır. İddia edir ki, bu yolda nəzarət-buraxılış məntəqəsi qurula bilməz. Onun düşüncəsinə görə ermənilər hər iki istiqamətdə maniəsiz hərəkət etməli və heç bir yoxlamaya məruz qalmamalıdırlar.
Baxmayaraq ki, “maneəsiz hərəkət” 10 noyabr bəyanatının 9-cu bəndinə görə “Zəngəzur dəhlizi”ndə nəzərdə tutulub. Bunu nəzərə almaq istəməyən ermənilər dəhlizdə nəzarət-buraxılış məntəqəsi qurmaqda qərarlıdırlar. Laçın yolu ilə bağlı “maneəsiz hərəkət” tələbi 10 noyabr bəyanatında yer almadığı və bu yolda nəzarət-buraxılış məntəqəsinin qurulmasının bəyanata zidd olmadığı halda ermənilər yenə “şivən” qopararaq bütün dünyanı üstümüzə qaldırmağa çalışırlar. Bu cür davranışa nə qədər adət etmiş olsaq da ermənilərin bu davranışı ikrah doğurmaya bilmir”.
“Sizcə, bundan sonra Xankəndindəki separatçılara qarşı münasibət necə olacaq” sualına cavabında A.Səmədov bildirib ki, Xankəndidəki separatçılara münasibət barədə Azərbaycan Prezidenti bu günlərdə açıq danışıb: “Bəyan edib ki, Qarabağda yaşayan ermənilər ya Azərbaycan vətəndaşlığını qəbul edəcəklər, ya da ölkəmizin ərazisini tərk edib gedəcəklər. Hələlik görünən odur ki, ermənilərin “liderləri” bu reallığı qəbul etmək istəmirlər və müqavimət göstərməyə hazırlaşırlar. Ancaq bu cəhdlər əbəsdir. Heç kim Qarabağda Azərbaycanın suverenliyinin təmin olunmasının qarşısını ala bilməz. Nə qədər gec deyil, ermənilər ağıllarını başlarına yığmalı və Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər. Əks halda özlərinə yeni yaşayış yeri axtarmaq məcburiyyətində qalacaqlar. Sadə ermənilər bir şeyi nəzərə almalıdırlar ki, onları müqavimətə çağıran Araik Arutyunyanın və ətrafındakı cinayətkar dəstənin kifayət qədər pulları, həm Ermənistanda, həm də digər yerlərdə evləri var. Onlar heç bir çətinlik çəkmədən bolluq içərisində yaşamağa davam edəcəklər. Bu cür avantürist “liderlərin” əməllərinin əziyyətini isə sadə ermənilər çəkəcəklər. Yeri gəlmişkən, sərhəddə nəzarət-buraxılış məntəqəsinin qurulması ermənilərin vətəndaşlıq barədə seçim etməsini sürətləndirəcək”.
GÜLYANƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB