"Əlaqələr yüksələn dinamika ilə inkişaf edir" - SİYASİ ŞƏRHÇİ MÜNASİBƏT BİLDİRDİ
“Azərbaycan və israil əlaqələri möhkəm əsaslara söykənir. Ona görə də böyük inkişaf perspektivlərinə və dinamikaya malikdir. Maraqlıdır ki, İsrail və Azərbaycanın siyasi elitalar arasında da çox yaxşı şəxsi münasibəti olub. Bu da iki ölkə arasındakı əlaqələrin inkişafına əlavə təsir göstərən faktora çevrilib”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib.
Onun sözlərinə görə, Azərbaycanın taleyüklü məsələsi olan Qarabağ münaqişəsinin həll olunması ilə bağlı İsrail hər zaman bizim mövqeyimizi dəstəkləyib: “Təhlil etdikdə Azərbaycan-İsrail əməkdaşlığının kökündə iki böyük məsələnin dayandığını görmək mümkündür. Bunlardan biri İsrail və Azərbaycan xalqlarının arasında humanitar nöqteyi-nəzərdən münasibətlərin yaxşı olmasıdır. Bəllidir ki, Bakıda həmişə çox sayda yəhudilər yaşayıb. Bugünkü gündə də Azərbaycanda yəhudi İcması fəaliyyət göstərir”.
Siyasi şərhçi sözlərinə davam edərək bildirib ki, bu amil iki millətin münasibətlərinin inkişafında əla perspektivlər açır: “Digər bir məsələ isə bu iki dövlətin apardığı siyasətin demək olar ki, bütün vektorlar üzrə üst-üstə düşməsidir. İstər dünyanın münaqişə bölgələrinə, istərsə də beynəlxalq təhlükəsizlik məsələlərinə münasibətdə bu iki ölkənin siyasəti arasında oxşarlıq var. Bu iki amil Azərbaycan-İsrail münasibətlərinin inkişafını səciyyələndirir. Bundan əlavə, artıq Azərbaycan və İsrail arasında münasibətlər elə bir səviyyəyə gəlib çatıb ki, bu münasibətlərə qarşı düşmən mövqe tutan ölkələr öz niyyətlərini açıq şəkildə ortaya qoymağa və hücuma keçməyə başlayıblar. Bu baxımdan İsraildə Azərbaycan səfirliyinin açılışından sonra İranın dövlətimizə qarşı düşmənçilik notlarını artırdığını qeyd etmək lazımdır. Bunu bir növ İsrail-Azərbaycan dostluğunun tarixi sınağı kimi də dəyərləndirmək olar. Hər iki ölkənin siyasətinə söykənən bu yaxınlaşma güclü düşmənlərin təzyiqinə məruz qalsa da, yüksələn dinamikasını saxlayır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB