"Seçkilərin nəticəsi türk xalqının iradəsindən asılıdır" - SƏDR MÜNASİBƏT BİLDİRDİ
“Azərbaycan və Türkiyə münasibətləri bir millət, iki dövlət müstəvisində formalaşmışdır. Bu mənada Türkiyədə baş verən istənilən hadisə Azərbaycan vətəndaşlarının böyük əksəriyyətinin diqqət mərkəzində olur. Xüsusilə də siyasi baxımdan belə bir həlledici hadisə Azərbayacanın diqqət mərkəzindədir. Təbii ki, Türkiyənin uğurlarına sevinir, pis anlarına isə kədərlənirik. Mayın 14-ü keçiriləcək seçkilərin də Türkiyə üçün xeyirli olmasını istəyirik”. Bu sözləri SİA-ya açıqlamasında “Cəmiyyətin İnkişafı” Mərkəzinin sədri Əhməd Abbasbəyli deyib.
Onun sözlərinə görə, Türkiyədəki Prezident seçkiləri yalnız Azərbaycan deyil, bütün dünya, xüsusilə də region üçün çox əhəmiyyətli prosesdir: “Bu mənada seçkilər dünya üçün həssas bir məqamdır və hər kəsi narahat edir.
Təbii ki, bu seçkilərin nəticəsi türk xalqının iradəsindən asılıdır. Bir Azərbaycan vətəndaşı kimi ayrı-ayrı siyasi fiqurları da dəyərləndirirəm. Əgər obyektiv yanaşsaq, ölkə daxilində gedən prosesləri bir seçici kimi dəyərləndirə bilmərik. Mən prosesləri hazırki Türkiyə Prezidentinin beynəlxalq nüfuzu və ümumiyyətlə, ölkənin son illər beynəlxalq aləmdə önəmli bir faktora çevrilməsini nəzərə alaraq dəyərləndirmək tərəfdarıyam”.
Sədr sözlərinə davam edərək bildirib ki, əlbəttə ki, həm region dövləti, həm də NATO üzvü olaraq hər kəs Türkiyə ilə hesablaşmağa məhkumdur: “Türkiyənin son illərdə nümayiş etdirdiyi prinsipial mövqe heç bir dönəmdə olmayıb. Hesab edirəm ki, Türkiyəni sevməyən dövlətlər onun bu mövqeyindən narahatdır.
Mən çox ciddi şübhə edirəm ki, seçkilərdə Rəcəb Tayyib Ərdoğan prezident seçilməsə, yeni seçiləcək rəhbər ən azı yaxın dövr ərzində həmin o mövqeyi ortaya qoya bilməyəcək. Bu da Türkiyə üçün əhəmiyyətli bir dövrdə vaxt itkisinə səbəb ola bilər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB