"İran dərhal öz siyasi kursuna düzəlişlər etməlidir" - SİYASİ ŞƏRHÇİ BİLDİRDİ

"İran Azərbaycandan üzr istəməyincə, Tehrandakı səfirliyimizə edilən terror hucumuna konkret aydınlıq gətirməsə, ölkəmizdə həyata keçirdiyi təxribat pozuculuq fəaliyyətinə son qoymasa iki ölkə arasında münasibətlər nəinki normallaşmayacaq, əksinə daha da gərginləşəcək". Bu sözləri SİA-ya Trend BİA-nın Baş direktor müavini, siyasi şərhçi Sahil Kərimli deyib.

Onun sözlərinə görə, İran sərhədlərimizdə təlimlər keçirərək bizə güc nümayiş etdirir, hava məkanımızı pozur, Azərbaycanı müxtəlif üsullarla təhdid edir: "Ölkəmizin tanınmış ictimai siyasi şəxslərinin hədəfə alınması, terror təxribat planlarının həyata keçirilməsi bu mənfur siyasətin yeni təzahürüdür. Görünür molla rejimi unudur ki, Azərbaycan bölgədə güc sahibidir, Qarabağ Zəfəri ilə dünyaya qəhrəmanlıq nümunəsi göstərmiş qalib ölkədir".

Siyasi şərhçi sözlərinə davam edərək bildirib ki, bizimlə güc, hədə, təhdid dili ilə danışmaq birmənalı olaraq yolverilməzdir: "Əgər molla rejimi bu çirkin əməllərini davam etdirərsə, şübhə yoxdur ki, proses rəsmi Tehran üçün daha təhlükəli məcraya yönələ bilər. Bütün dünyanı özünə düşmən elan edən İran artıq öz qonşusu ilə qarşıdurmaya gedirsə, bu, molla rejimi üçün yaxşı nəsə vəd etmir. İran dərhal öz siyasi kursuna düzəlişlər etməli, xüsusilə də ləyaqətli siyasət yürüdən güclü Azərbaycanın haqlı mövqeyi ilə hesablaşmalıdır. Yalnız bu halda münasibətlər əvvəlki kimi normal məcraya qayıda bilər".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə