"Ağdərədə Azərbaycan bayrağı qaldırılmalıdır" - HƏRBİ EKSPERT DANIŞDI
“Ermənistan heç bir zaman üzərinə götürdüyü öhdəliklərini yerinə yetirmədi. Ermənistan tərəfi öz üzərinə düşənləri həyata keçirsəydi münaqişə bu qədər uzanmazdı”. Bu sözləri SİA-ya açıqlamasında hərbi-ekspert Emin Həsənli bildirib.
Hərbi-ekspert qeyd edib ki, 2020-ci il Vətən müharibəsindən sonra bir çoxları gözləyirdi ki, onlar ağıllarını başlarına yığaraq, beynəlxalq birliyin dəstəyi ilə sülh müqaviləsinə imza atacaqlar: “2021-ci ildə də onlar Avropa Birliyinin və Rusiyanın vasitəçiliyi ilə danışıqlara getdi yalnız yenə də ermənilər öz əməllərindən əl çəkmədilər. 2020-ci il 10 noyabr tarixində imzalanan bəyanatında əsas iki bənd yerinə yetirilmədi. Bu bənddə erməni silahlı qüvvələrinin Qarabağdan çıxması və rus sülhməramlılarının zamanı gəlincə oradan çıxarılmasından söhbət gedirdi.
Azərbaycan BMT Təhlükəsizlik Şurasının tələblərini yerinə yetirdiyi, torpaqları azad etdiyi kimi bu bəyanatın şərtlərini də öz ordusunun gücünə həyata keçirəcək. Növbəti illərdə gözləməyə gərək yoxdur. Ermənistan tərəfi tez-tez Qarabağa müasir silahlar daşıyır. Hər kəsə məlum olduğu kimi Azərbaycan ekoloqları Laçın kalidoru üzərində haqlı olaraq etiraz aksiyası həyata keçirir və oradan yalnız humanitar yardımların Qarabağdakı ermənilərə çatdırılmasına icazə verir. Lakin bütün bunlara baxmayaraq yenə də ermənilər quru yollarla silah daşıma prosesini həyata keçirirlər. Təəssüflər olsun ki, rus sülhməramlıları da buna göz yumurlar. Rus sülhməramlısı və ermənilər unutmamalıdır ki, 80-ci illərin sonu deyil. Azərbaycan heç vaxt yenidən eyni şeylərin yaşanmasına icazə verməyəcək. Qısa bir zamanda bütün məsələlər öz həllini tapmalıdır. Qarabağda yaşayan ermənilər Azərbaycan qanunlarına tabe olmalı və Ağdərədə Azərbaycan bayrağı qaldırılmalıdır. Orada Azərbaycanın dövlət qurumları fəaliyyət göstərməli və insanlar öz ata-baba yurdlarına qayıtmalıdırlar”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB