Bakı dünyanın mərkəzi rolunda ŞƏRH

Bakı dünyanın mərkəzi rolunda ŞƏRH

Azərbaycanın Qoşulmama Hərəkatına Sədrliyi beynəlxalq aləmdə müzakirə edilən ən qlobal məsələlərin müzakirə olunmasına şərait yaratması ilə yanaşı, həm də İlham Əliyev faktorunun siyasi iradəsini bariz şəkildə nümayiş etdirmiş oldu

Məlum olduğu kimi, 2023-cü il martın 2-də Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü keçirildi. Belə ki, bu mötəbər toplantıda 70-ə yaxın ölkənin dövlət və hökumət başçıları, 5 ölkənin prezidentləri, üç ölkənin vitse-prezidentləri, 2 ölkənin Baş nazirləri, müxtəlif ölkələrin yüksək səviyyəli nümayəndələri, həmçinin bir sıra beynəlxalq təşkilatların rəhbərləri eyni zamanda, nazirlər, nazir müavinləri, səfirlər və s. iştirak ediblər.

Ölkəmizin qlobal həmrəyliyə verdiyi önəmin təzahürü

Paytaxtımızda keçirilən Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə yüksək səviyyəli nümayəndələrin iştirakı bir daha onu göstərir ki, Azərbaycan təşkilatın fəaliyyətinə mühüm töhfələr verir. Eyni zamanda, Azərbaycanın növbəti dəfə qlobal məsələlərin müzakirə olunduğu mühüm toplantıya ev sahibliyi etməsi ölkəmizin qlobal həmrəyliyə verdiyi önəmin təzahürüdür.

Qoşulmama Hərəkatının Sədri olaraq Azərbaycanın məqsədi ədaləti və beynəlxalq hüququ müdafiə etməkdir

Daha bir əhəmiyyətli məqamı da qeyd etmək lazımdır ki, 2019-cu ildə Azərbaycan Qoşulmama Hərəkatı ölkələrinin yekdil qərarı ilə 2019-2022-ci illər üzrə Qoşulmama Hərəkatına Sədrliyinə başladı. Azərbaycanın və onun Prezidenti İlham Əliyevin bu təşkilatın işində göstərdiyi uğurlu fəaliyyətin nəticəsi kimi ölkəmizin bu Hərəkata sədrlik müddəti yekdil qərarla daha bir il uzadıldı. Təbii ki, bu reallıq Azərbaycanın dünyadakı ali yerinin və rolunun göstəricisi kimi dəyərləndirilməlidir.

Qoşulmama Hərəkatının Sədri olaraq Azərbaycanın məqsədi ədaləti və beynəlxalq hüququ müdafiə etməkdir. Pandemiyanın başlamasından dərhal sonra COVID-19-a qarşı qlobal səyləri səfərbər etmək təşəbbüsü ilə çıxış edən məhz Qoşulmama Hərəkatı oldu. Qoşulmama Hərəkatının pandemiya ilə mübarizə üçün qlobal səylərin səfərbər edilməsində liderliyi Hərəkatın nüfuzunu və məsuliyyətini bir daha nümayiş etdirdi.

Xatirlatmaq yerinə düşərdi ki, pandemiya dövründə Azərbaycan əksəriyyəti Qoşulmama Hərəkatı ailəsinin üzvləri olan 80-dən çox ölkəyə koronavirusla bağlı ya ikitərəfli kanallar, ya da Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə maliyyə və humanitar yardım göstərdi. Ölkəmiz Hərəkatın institusional inkişafına güclü dəstək verir. Azərbaycan Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin yaradılması təşəbbüsü ilə çıxış edib və Şəbəkənin ilk iclası 2022-ci ilin iyun ayında Bakıda keçirilib. 2022-ci ilin iyulunda Şuşa Razılaşması əsasında Qoşulmama Hərəkatının Gənclər Təşkilatı yaradıldı. Təşkilatın daimi katibliyi Bakıda yerləşməsi qərara alındı.

Prezident İlham Əliyevin tədbirdəki çıxışı beynəlxalq aləmdə böyük əks-səda doğurdu

Qoşulmama Hərəkatına Sədrlik edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tədbirdəki çıxışı beynəlxalq aləmdə böyük əks-səda doğurdu. Burada Fransanın müstəmləkə siyasəti xüsusi qeyd edildi. Belə ki, hərəkarın adından Fransa hökuməti Yeni Kaledoniya xalqının və Fransanın dənizaşırı icma və ərazilərindəki digər xalqların hüquqlarına hörmət etməyə çağırıldı. Həmçinin Qoşulmama Hərəkatı Qəmər Adaları İttifaqının Fransanın müstəmləkə hakimiyyəti altında qalmaqda davam edən Mayot adası üzərində şəksiz suverenliyini həmişə güclü şəkildə dəstəklədi.

Bütün bunlar isə həm də Azərbaycanın haqq və ədalət, eləcə də digər mühüm prinsipial məsələlərdəki qətiyyətlilik obrazını reallaşdırmış oldu. Daha dəqiq desək, Azərbaycanın Qoşulmama Hərəkatına Sədrliyi beynəlxalq aləmdə müzakirə edilən ən qlobal məsələlərin müzakirə olunmasına şərait yaratması ilə yanaşı, həm də İlham Əliyev faktorunun siyasi iradəsini bariz şəkildə nümayiş etdirmiş oldu.

Zərifə QULİYEVA,

YAP Veteranlar Şurasının üzvü

Bütün xəbərlər Facebook səhifəmizdə