Oleq Qolişnikov: “Orta Dəhliz” və Bakı-Tbilisi-Qars dəmir yoluna maraq artır” - MÜSAHİBƏ
Mərkəzi Asiyada əsas siyasi oyunlardan olan Özbəkistanın Azərbaycanla sıx siyasi, mədəni və iqtisadi əlaqələri var. Amma o da göz qabağındadır ki, ölkələrimiz arasında münasibətlərdə çox şey hələ formalaşmayıb, baxmayaraq ki, perspektivlər son dərəcə geniş və həddən artıq genişdir. Özbəkistanlı politoloq Oleq Qolişnikov “Caliber” analitik mərkəzinə bu iki ölkənin hazırkı münasibətlərini şərh edərkən maraqlı məqamlara toxunub. Müsahibəni oxucularımıza təqdim edirik.
- Sizcə, 2023-cü ildə Azərbaycan-Özbəkistan münasibətləri necə olacaq? Axı Azərbaycanla Mərkəzi Asiyanın digər ölkələri arasında əməkdaşlığın səviyyəsini müqayisə edərək, bunun “xüsusi” adlandırılması təsadüfi deyil.
- Xüsusi vurğulamaq lazımdır ki, iki ölkə liderləri arasında şəxsi etimad münasibətləri mühüm rol oynayır. Mən deyərdim ki, Özbəkistan və Azərbaycan liderləri arasında yaranmış münasibətlərin səviyyəsi Özbəkistan-Azərbaycan əməkdaşlığının möhkəmlənməsində əlavə amil rolunu oynayır.
Ümumiyyətlə, Özbəkistan və Azərbaycan xalqlarını çox şey birləşdirir: oxşar milli adət və ənənələr, bir dil qrupuna aidlik, ortaq mədəni köklər, eyni dinə mənsub olmaq. Özbəkistan üçün Azərbaycan müxtəlif sahələrdə, o cümlədən hərbi-siyasi, ticarət-iqtisadi, nəqliyyat-logistika, mədəni-humanitar sahələrdə əlaqələrin inkişaf etdiyi əsas strateji tərəfdaşlardan biridir. Üstəlik, həm Daşkənd, həm də Bakı ikitərəfli əlaqələrin gələcək inkişafına nikbin baxırlar. Xatırlatmaq istəyirəm ki, Azərbaycan rəhbərinin 2022-ci ilin iyununda Özbəkistana dövlət səfəri zamanı iki ölkə arasında strateji tərəfdaşlığın dərinləşdirilməsinə dair Bəyannamə imzalanıb ki, bu da Daşkənd və Bakı arasında münasibətləri daha yüksək səviyyəyə çatdırır.
Ümumiyyətlə, müxtəlif səviyyələrdə təmasların intensivliyi nəzərəçarpacaq dərəcədə artır. Hökumətlərarası Komissiyanın iclasları mütəmadi olaraq keçirilir, iclaslarda ticarət-iqtisadi əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət yetirilir. Tərəflər qarşıya böyük vəzifə qoyublar- gələcəkdə qarşılıqlı ticarət dövriyyəsini 1 milyard dollara çatdırmaq. Perspektivli layihələri həyata keçirmək üçün Daşkənd və Bakı Özbəkistan-Azərbaycan birgə investisiya fondu yaratmağı planlaşdırır ki, bu da hər iki ölkənin ticarət-iqtisadi potensialının gücləndirilməsinə əlavə təkan verəcək.
Özbəkistan və Azərbaycan ikitərəfli gündəliyi genişləndirməklə yanaşı, beynəlxalq strukturlar, o cümlədən MDB, Türk Dövlətləri Təşkilatı (TDT), İƏT və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Konfrans platformaları çərçivəsində fəal əməkdaşlıq edirlər. Məsələn, ötən ilin payızında Azərbaycan prezidenti İlham Əliyev iki dəfə Səmərqəndə səfər edib. Birinci halda söhbət Prezident Əliyevin fəxri qonaq olduğu Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) 2022-ci ilin sentyabrında keçirilən Səmərqənd sammitindən gedir. Əgər gələcəkdə Bakı ŞƏT-ə tamhüquqlu üzv kimi daxil olmaq arzusunu ifadə edərsə, o zaman məncə, Daşkənddə belə bir qərarı yalnız dəstəkləyəcəklər. Həmçinin Özbəkistanda Azərbaycan liderini 2022-ci ilin noyabrında Səmərqənddə keçirilən TDT sammitində görməkdən şad olublar.
- Yeni geosiyasi reallıqda Özbəkistanın iqtisadi strategiyaları və logistik əlaqələri necə dəyişir?
- Qərblə Rusiya arasında qarşıdurma səbəbindən vəziyyətin kəskinləşməsi, təbii ki, mövcud logistika tədarük zəncirlərinin yenidən formatlaşdırılmasına və bir çox ölkələrin ticarət-iqtisadi əlaqələri saxlamaq üçün yeni mexanizmlər axtarışına gətirib çıxarır. Bu, ümumi problemdir və bu çətin şərtlərə uyğunlaşmağa çalışan Mərkəzi Asiya ölkələri, o cümlədən Özbəkistan üçün tamamilə aktualdır. Bu kontekstdə Özbəkistan Şimal-Cənub və Qərb-Şərq transkontinental marşrutlarına fəal qoşulmaq niyyətindədir.
Amma onu da əlavə edərdim ki, Özbəkistan mallarının ixracı üçün alternativ marşrutların işlənib hazırlanması və Özbəkistan tərəfindən ticarət-iqtisadi əməkdaşlığın şaxələndirilməsinin öz məntiqi var – ümumiyyətlə, onlar ənənəvi malların hesabına deyil, əlavə olaraq həyata keçirilir. Ölkə öz xarici siyasətində və xarici iqtisadi fəaliyyətində ilk növbədə praqmatizmə arxalanır, bu prizmadan Daşkənd həm ayrı-ayrı dövlətlərlə, həm də struktur və təşkilatlarla çoxtərəfli münasibətlərini qurur.
- Ölkələrimiz üçün son dərəcə əhəmiyyətli tranzit dəhlizlərinin inkişafı, eləcə də Türk Dövlətləri Təşkilatı çərçivəsində logistik marşrutların qarşılıqlı əlaqəsi necədir? Axı TDT indi Avrasiyanın iqtisadi və siyasi həyatında yeni nəfəs və xüsusi əhəmiyyət kəsb edib.
- Ticarət-iqtisadi əlaqələrin şaxələndirilməsi çərçivəsində iri infrastruktur layihələri sırasında Daşkəndin Çin (Özbəkistan-Qırğızıstan-Çin) və Pakistan (Termiz-Məzəri-Şərif-Kabil-Pişəvər) istiqamətində dəmir yollarının tikintisini təşviq etməsi xüsusi vurğulanmalıdır. Transxəzər marşrutlarının inkişafı da Özbəkistanın xarici iqtisadi fəaliyyətinin prioritet istiqamətlərindən biridir. Məsələn, Daşkənd hələ 2021-ci ildə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna (Orta Dəhliz) assosiativ üzv kimi qoşulub. Ötən ilin dekabrında isə Özbəkistan bu dəhlizlə ilk yük qatarını yola salıb. Ölkə Bakı-Tbilisi-Qars dəmir yolunun tranzit potensialından da istifadə etməkdə maraqlıdır.
Bundan əlavə, TDT sammitlərində Daşkənd daim türk ölkələri arasında nəqliyyat və logistika sektorunda, o cümlədən transxəzər istiqamətində əməkdaşlığın gücləndirilməsinin zəruriliyi ilə bağlı suallar qaldırır. Bu məsələ ilə bağlı üç ölkənin müvafiq nazirlərinin iştirakı ilə Özbəkistan, Azərbaycan və Türkiyə arasında müntəzəm çoxtərəfli görüşlər təşkil olunub. Fikrimcə, bu marşrutun daha cəlbedici və rəqabətədavamlı olması üçün mövcud nəqliyyat-logistika infrastrukturunun genişləndirilməsi, nəqliyyat tariflərinin optimallaşdırılması üçün onunla maraqlanan bütün dövlətlər tərəfindən ciddi səylər lazımdır.
Tərcümə - Elçin Bayramlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB