"Ermənilər yoldaşımın dişlərini bir-bir sökmüşdülər" - XOCALI ŞAHİDİ İLƏ MÜSAHİBƏ
Xocalı soyqırımının canlı şahidi, şəhid ailəsinin üzvü və Raya Əbdülovanın SİA-ya verdiyi müsahibəni təqdim edirik:
- Xocalı soyqırımı törədildikdə neçə yaşınız var idi?
- Xocalı işğal edilən zaman mənim 38 yaşım var idi. 1954-cü ildə doğulmuşam. Faciə olduqca dəhşətli idi.
- Faciələrlə dolu o gecəni necə xatırlayırsınız?
- O qanlı günü xatırladıqda dəhşətə gəlirəm. Biz o günü heç vaxt unuda bilmərik. Körpələrimizin baş dərilərini soyurdular, insanları tanınmaz hala salmışdılar.
Xocalı faciəsindən 3-4 gün öncə əraziyə kömək üçün vertolyot göndərmişdilər. Bizim məhləyə də "Çökək məhlə" deyirdilər. Yoldaşım məhlədə yaşayan körpə-uşaq, qadın və yaşlıları öz şəxsi avtomobili ilə vertolyota çatdırdı. Onları xilas etsə də, öz oğlumuzu aparmadı. Dedi ki, "Siz kişisiniz və kişi vətən yolunda canını verər". Yoldaşımın dəstəsində 26 nəfər idi. O, Xocalını ən son tərk edənlərdən olub.
- Xocalı faciəsində ermənilər tərəfindən işgəncəyə məruz qalan insanlar görmüsünüz?
- Bəli, əlbəttə görmüşəm. Həmçinin, yoldaşımın qızıl dişləri var idi və ermənilər onun dişlərini sökmüşdü. Ağzında bir dişi belə qalmamışdı.
- Vətən müharibəsi başlayanda qələbəmizə inanırdınızmı?
- Vətən müharibəsində qalib olacağımıza çox əmin idim. Çünki ordumuz çox güclüdür və hər cür də köməyimiz var. Ermənilər bizə əsla qalib gələ bilməz. Xocalı faciəsi zamanı biz əli yalın idik. Torpaqlarımız da əli yalın olduğumuza görə işğal edildi.
- Xocalı sakinlərindən kimlərləsə əlaqəniz varmı?
- Bəli, bir çoxuyla əlaqəm var. Çünki hamımızın dərdi eynidir.
- Sizcə, ermənilərlə yenidən birlikdə yaşaya bilərik?
- Xeyr, bu əsla mümkün deyil. Çünki hamımız onlara görə öz doğmalarımızı itirmişik.
- Soyqırımda hansı doğmalarınızı itirmisiniz?
- Yoldaşım və oğlum Xocalı savaşçısı olub. Yoldaşım qəhrəmancasına şəhid oldu. Oğlumdan isə hələ də heç bir xəbər yoxdur. Dildə 31 il deyilir. Bir ananın 31 il öz oğlundan xəbərsiz qalması bilirsiniz nə deməkdir?! Mən oğul həsrəti ilə alışıram. Gözüm hər gün "Bəlkə bir gün gələr" deyə yoldadır. Sanki ruhum ölüb.
Həmçinin, bacım oğlu polis əməkdaşı idi və vertolyotla Şuşaya kömək üçün getdi. Ermənilər vertolyotu vurdular. İkinci Qarabağ müharibəsində də bacım oğlu baş leytenant idi. O könüllü olaraq ordu sıralarına yazılmışdı və orada qəhrəmancasına şəhid oldu.
- Xocalıda yenidən yaşamaq istəyərdiniz?
- Biz Xocalını əsla unuda bilmərik. Dərdimiz çox böyükdür. İstəyirik ki, cənab Prezidentin əmri ilə öz torpağımıza qayıdaq. Allah bizə güc versin, ordumuzu qorusun və Prezidentimizin canını sağlam, ömrünü uzun etsin.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB