Qərbi Azərbaycana qayıdış ictimai rəydə

Qərbi Azərbaycana qayıdış ictimai rəydə

Prezident İlham Əliyevin dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşdə səsləndirdiyi proqram mahiyyətli çıxışı və strateji xəttini əsas götürərək həmçinin də, mövzunun aktuallığını nəzərə alaraq cəmiyyətin bu məsələyə münasibətini öyrənmək məqsədi ilə Sosial Tədqiqatlar Mərkəzi ictimai rəy sorğusu keçirib. SİA xəbər verir ki, ictimai rəy sorğusunda respondentlərə “Prezident Qərbi Azərbaycana (İrəvan, Zəngəzur və Göyçə mahalına) qayıdışla bağlı yeni hədəfləri elan etdi. Qərbi Azərbaycana qayıdışın baş tutacağına inanırsınız?” sualı ünvanlanıb və respondentlərə bir neçə cavab variantı seçmək imkanı verilib. Ümumi nəticələr insanların 74.6%-inin Qərbi Azərbaycana qayıdışın baş tutacağına inandığını göstərir. Daha detallı nəzərdən keçirdikdə, respondentlərin 46.5%i “tam inanıram”, 28.1%-i “əsasən inanıram”, 7%-i “əsasən inanmıram”, 10.40%-i “heç inanmıram” cavablarını qeyd edib. Onların 8.1%-i cavab verməkdə çətinlik çəkib.

Sorğu nəticəsini gender aspektinə görə təhlil etdikdə, kişilərin 79%-i, qadınların isə 71%-i qayıdışın baş tutacağına inandığını bildirib. Hər iki qrupun tarixi Azərbaycan torpağı olan Qərbi Azərbaycana qayıdışın baş tutacağına inanması bu istiqamətdəki dinamikanın müsbət seyri baxımından əhəmiyyət təşkil edir.

Tarixi Azərbaycan torpaqları olan Qərbi Azərbaycana qayıdış strategiyası çərçivəsində cəmiyyətin milli özünüdərk və soykökünə bağlılıq infoqrafikasını öyrənmək baxımından yaş qrupları mühüm amildir. Sorğuda iştirak edən 18-24 yaş qrupunda olan respondentlərin 58-i qayıdışın baş tutacağına tam inandığını bildirib. “Əsasən inanıram” deyənlər isə 26%-ə bərabər olub. Başqa sözlə, 18-24 yaş qrupunda olanların 84%-i Qərbi Azərbaycana qayıdışın baş tutacağına inandığını ifadə edib. Yekun nəticənin yüksək olması vətənpərvərlik və milli ruhun təcəssümünü göstərir.

25-34 yaş qrupundakı insanların 50%-i “tam inanıram”, 27%-i “əsasən inanıram” variantını seçib. Bu yaş qrupunda olan respondentlərin 6%-i “əsasən inanmıram”, 8%-i “heç inanmıram” cavabını verib.

35-44 yaş qrupunda olanların isə 74%-i Qərbi Azərbaycana qayıdışın baş tutacağına inandığını qeyd edib. Analoji göstərici 45-54 yaş qrupu üzrə 75% təşkil edib. Bu göstəricilər çox əsirlik qan yaddaşının oyanmasında 44 günlük müharibədə qazanılan qələbənin nə dərəcədə təsirli olduğunu göstərir.

65 və yuxarı yaş qrupundakı respondentlərin 80%-i Qərbi Azərbaycana qayıdışın baş tutacağına inanır.

Bütün xəbərlər Facebook səhifəmizdə