"Moskva bəyannaməsi münasibətləri yeni bir mərhələyə gətirdi" - TÜRKİYƏDƏ YAŞAYAN JURNALİST
“2020-ci ildə Azərbaycan 44 günlük Vətən müharibəsində zəfər qazanaraq dünyanı yeni bir reallıq qarşısında qoydu. Əslində dünya bu prosesə adaptasiya olmaqda bir müddət çətinlik çəkdi. Hətta bu gün bəzi qüvvələr Azərbaycanın yaratdığı bu reallıqları qəbul etmir. Dünyanın dəyişən geosiyasi mənzərəsində və yeni dünya düzənində Azərbaycan da özünəməxsus addımlar atmalı idi”. Bu sözləri SİA-ya açıqlamasında Türkiyədə yaşayan və fəaliyyət göstərən azərbaycanlı jurnalist Oktay Hacımusalı deyib.
Onun sözlərinə görə, ilkin olaraq dünyada baş verən qlobal geosiyasi mənzərənin birinci mərhələsində Azərbaycan Türkiyə ilə Şuşa bəyannaməsini imzaladı: “Daha sonra isə Rusiya ilə müttəfiqlik əlaqələri quruldu. Təbii ki, Türkiyə ilə imzalanan Şuşa bəyannaməsi əslində qərb istiqamətində yeni dünya düzənində uzunmüddətli bir sistemin qurulması idi.
Rusiya ilə müttəfiqlik isə hər iki ölkənin milli maraqları baxımından olduqca aktualdır. Hərbi, siyasi, sosial, iqtisadi və humanitar sahələri əhatə edən belə bir mühüm sənədin imzalanması Rusiya Azərbaycan münasibətlərini tamamilə yeni bir mərhələyə çatdırdı. İlk başda bunun o qədər də fərqində deyildik. Amma özəlliklə həmin bəyannamənin 4 və 7-ci maddələrinə fikir verməliyik.
Həmçinin, bu bəyannamədə ümumi əməkdaşlıq nəzərdən keçirilərək gələcək hesablanıb. Yəni, Rusiya ilə olan münasibətlər qarşılıqlı ərazi bütövlüyünün tanınması, suverenliyin qorunması, müstəqilliyin qəbulu, daxili işlərə qarışmamaq və s. kimi amillər qeyd olunub. Bir il əslində çox kiçik müddətdir və düşünürəm ki, müqavilənin irəlidə xeyirli tərəflərini görəcəyik.
Təbii ki, Türkiyə ilə müttəfiqlik müqaviləsi hərbi müttəfiqlikdir. Rusiya ilə hərbi müttəfiqlik burada öz əksini tam olaraq tapmayıb. Burada geosiyasi balanslaşma çox böyük önəm kəsb edir.
Oktay Hacımusalı sözlərinə belə davam edib: “Düşünürəm ki, bu gün biz Gürcüstanla da əməkdaşlıq müqaviləsi imzalaya bilərik. Bu Gürcüstan üçün də vacibdir. Çünki Azərbaycanın regionda problemləri həlletmə güvəncəsi var. Bununla əlaqədar olaraq, Moskva bəyannaməsi Rusiya Azərbaycan münasibətlərini yeni bir mərhələyə gətirib çıxardı. Artıq bu gün Qoşulmama Hərəkatının üzvü kimi Azərbaycan öz fəaliyyətinə uyğun şəkildə hərəkət edir. Yəni, milli maraqlarına uyğun çoxşaxəli müstəqil xarici siyasət yürüdür. Təbii ki, bu müstəqil xarici siyasət iki qonşu ölkənin əlaqlərinin yüksələn xətlə inkişafında çox böyük rol oynayacaq. Çünki Azərbaycan azsaylı ölkələrdəndir ki, çox konstruktiv düşünülmüş siyasət aparır və Ermənistan istisna olmaqla bütün qonşuları ilə çox ciddi münasibət qura bilir. Dövlətimiz maksimum çalışır ki, əməkdaşlıqlardan faydalansın. Moskva bəyannaməsinin irəli dövrlər üçün çox böyük perspektivləri var.
Əminəm ki, bundan sonrakı uğurlu inkişaf regionda sabitliyin qorunub saxlanılması iki ölkənin çiyinlərində olacaq. Azərbaycanın yaratdığı bu reallığı xüsusilə İran qəbul etmir. Tehrandakı səfirliyimizə qarşı törədilən terror hadisəsi də bunun bariz nümunəsidir”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB