“Dağılan binalar mühəndisliyə təhqirdir” - SORĞU

“Dağılan binalar mühəndisliyə təhqirdir” - SORĞU

Bildiyimiz kimi, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb. Son məlumata əsasən, zəlzələ nəticəsində 3381 nəfər həyatını itirib, 20 426 nəfər isə yaralanıb. Həmçinin 5775 bina dağılıb. SİA mövzu ilə bağlı Türkiyənin Ərzurum şəhərindən olan sabiq deputat, professor Mustafa İlıcalı və Türkiyədə yaşayan azərbaycanlı jurnalist Oktay Hacımusalı arasında sorğu edib.

Türkiyənin Ərzurum şəhərindən olan sabiq deputat, professor Mustafa İlıcalı: “Ölkəmiz bu gün ən uzun gecəni keçirib. Zəlzələ bölgəsində dağıntılar altında xilas olmağı gözləyən vətəndaşlarımız şaxtalı qış havasında küçələrə axışdı.

85 milyon əhali hər saniyə yaxşı bir xəbər gözləyir. Dövlətimiz də xilasetmə qüvvələrini səfərbər edib. Zəlzələ bölgəsinə 13 740 personal cəlb olunub, habelə 360 nəqliyyat vasitəsi və 3361 ədəd avadanlıq və cihaz da xilasetmə prosesində istifadə üçün ayrılıb. "Gecə boyu axtarış-xilasetmə tədbirləri və təminat-təchizat işləri davam edib.

Ölkəmizin hər bir yanında yardım kampaniyaları və tırlar s. təşkil olunur. Bundan əlavə Türk Hava Yolları, bələdiyyələr və dərnəklər də səfərbərdir.

Prezidetimizə zəng edib ona dəstək olan dünya dövlətləri liderləri, həmçinin ən başda Azərbaycan olmaqla xilasetmə qüvvələrinə dəstək verən dost ölkələrə təşəkkür edirik. Dostlarımızın dəstəyi ilə bunun da öhdəsindən gələcəyik.

Ölkəmizin hər bir yanı zəlzələ bölgəsidir. Allah köməyimiz olsun. Bu, 100 ilin fəlakətidir.

İnşallah ən qısa zamanda bu binalar bərpa ediləcək. Dağılan binalar mühəndisliyə təhqirdir. Burada keyfiyyətsiz məhsullardan istifadə edilib. Çünki həmin binanın yanında keyfiyyətli hazırlanan və heç bir zərər görməyən binalar da var.

Son olaraq, Azərbaycana, can qardaşlarımıza isti münasibət üçün çox təşəkkür edirik”.

Türkiyədə yaşayan azərbaycanlı jurnalist Oktay Hacımusalı: “İlk öncə, bütün türk millətinin başı sağ olsun. Türkiyədə artıq ikinci gündür ki, bu gərgin vəziyyət davam edir. Hal-hazırda isə 11 şəhərində baş verən zəlzələnin miqyasını müəyyənləşdirmək mümkün deyil. Hələ də dağıntılar altında qalan insanlar var. Bu vətəndaşların təxliyə olunması üçün bütün dünya səfərbərdir. Dünyanın müxtəlif ölkələrindən yardımlar gəlir və hələ də insanlar xilas olunur.

AFAD-ın illərdir Türkiyədə keçirdiyi təlimlərdə iştirak etmiş və könüllü adını almış hər kəs AFAD-ın binalarına zəlzələ bölgəsinə yollanmaq üçün müraciət edirlər.

Bu gün biz bir daha şahid olduq ki, el bir olanda yerindən dağ oynadır. Bütün baş verənlər rəğmən türk milləti bir bütündür. Türk milləti eyni istiqamətdə hərəkət edir.

Dərd bizi birləşdirir. Bu gün Türkiyədə küçəyə çıxsaq, tanımadığımız insanlar maşınları görüb əllərində nələri varsa verirdilər.

Bu gün həmin bölgələrdə hava şəraiti də əlverişli deyil. Buna görə də vəziyyət çətindir. Yəqin ki, Türkiyə dövləti zəlzələdən xilas olan və evləri dağılmış insanları müxtəlif bölgələrə göndərib yerləşdirəcək.

İnşallah Türkiyə bunun da üsdəsindən gələr. Çünki bu ölkə çox çətinliklərə qalib gəlib. Bu barədə danışmaq çox çətindir. Rəsmi rəqəmləri belə izləmək mümkün deyil. Çünki hər saniyə fərq olur. Bunun əvəzinə yardım kampaniyalarına daha çox zaman ayırırıq.

Biz yardımları Anka Türk Birliyi olaraq toplayırıq. Türk Birliyinin sədri çox hörmətli Dr. Derya Akdemir zəlzələdən zərərçəkən bölgələrə səfər edəcək və bizim adımızdan toplanan yardımları o çətin vəziyyətdə olan insanlara çatdıracaq.

Dəstək üçün Azərbaycan dövlətinə, xalqına və Prezidentinə çox təşəkkür edirəm”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə