Çexiya şirkətləri Qarabağda “Ağıllı şəhər” konsepsiyasına cəlb oluna bilər

Fevralın 6-da Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində (BMTM) Azərbaycan və Çexiya arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinə həsr olunmuş hibrid konfrans keçirilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, BMTM-nin və Çex Respublikasının Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə təşkil edilən tədbirdə iki ölkə arasında ikitərəfli münasibətlər və qarşılıqlı əməkdaşlıq əlaqələri müzakirə edilib.

Konfransı giriş sözü il açan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib ki, Çexiya ilə Azərbaycan arasında tarixən yüksək səviyyədə əlaqələr mövcud olub və bu əlaqələrin nəticəsi kimi 2015-ci ildə Azərbaycanla Çexiya arasında strateji tərəfdaşlıq əlaqələrinə dair sənəd imzalanıb. BMTM-nin İdarə Heyətinin sədri Çexiyanın Azərbaycan-Aİ əlaqələrinin inkişafını fəal şəkildə dəstəkləyən ölkələrdən olduğunu qeyd edib.

Çex Respublikasının Azərbaycandakı səfiri Milan Sedlaçek iki ölkə arasında münasibətlərdən danışıb, martın əvvəlində Praqada Azərbaycan-Çexiya hökumətlərarası komissiyasının iclasının keçiriləcəyini diqqətə çatdırıb. Səfir qeyd edib ki, Çex Respublikası ilə Azərbaycan arasında digər sahələrdə olduğu kimi, mədəniyyət və təhsil sahəsində əlaqələr inkişaf etdirilir.

Milli Məclisin üzvü Tural Gəncəliyev Azərbaycan və Çex Respublikası arasında energetika sahəsində əməkdaşlığa dair imzalanmış sazişə diqqət çəkib və bildirib ki, qarşılıqlı investisiyalar və enerji sahəsində əməkdaşlıq iki ölkə arasında münasibətlərdə mühüm rol oynayır. O, həmçinin iki xalqa məxsus ortaq dəyərlərdən bəhs edib və tarixən mövcud olmuş mədəni əlaqələrə toxunub. Tural Gəncəliyev qeyd edib ki, hər iki ölkə üçün rabitə və nəqliyyatın inkişafı son dərəcə vacibdir. Deputat Zəngəzur dəhlizinin reallaşdırılmasının Avropa İttifaqı ölkələri, o cümlədən Çexiya üçün Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı inkişaf etdirmək üçün yeni imkanlar açacağını da qeyd edib.

Çex Respublikasının Azərbaycandakı keçmiş səfiri Milan Ekert Azərbaycanda fəaliyyət göstərdiyi dövrdə ikitərəfli əlaqələrin inkişafından danışıb. O, münasibətlərin dərinləşməsi baxımından bir sıra təkliflər səsləndirib və Çexiya şirkətlərinin enerji sektoruna, həmçinin Qarabağda “ağıllı şəhər” konsepsiyasının həyata keçirilməsinə cəlb oluna biləcəyini vurğulayıb.

BMTM-in eksperti Şahmar Hacıyev çıxışı zamanı Çexiya ilə Azərbaycan arasında iqtisadi və enerji əlaqələrindən bəhs edib. Onun sözlərinə görə, 2021-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 307 milyon dollara yaxın olub.

Tədbir müzakirələrlə davam etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə