Bu gün Azərbaycanda gənclər günü qeyd olunur

Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafında dərin izlər buraxıb. Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda gənclər günü təntənəli şəkildə qeyd edilməyə başlanıb.

Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir.

Ümummilli Lider Heydər Əliyev ikinci dəfə siyasi hakimiyyətə gəlişindən sonra gənc nəslə diqqət və qayğı dövlətin ən mühüm fəaliyyət istiqamətlərindən birinə çevrildi. Ayrı-ayrı dövlət orqanlarının gənclərlə iş sahəsindəki fəaliyyətini əlaqələndirmək məqsədi ilə 1994-cü ildə yaradılmış Gənclər və İdman Nazirliyi qısa müddətdə dövlət gənclər siyasətinin istiqamətlərini müəyyənləşdirərək uğurla həyata keçirməyə başlamışdır.

1997-ci il fevralın 2-də Ulu Öndərin imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib.

2002-ci il 9 aprel tarixində isə "Gənclər siyasəti haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Bu Qanun Azərbaycan Respublikasında gənclər siyasətinin məqsədlərini, prinsiplərini, istiqamətlərini, təşkilati-hüquqi əsaslarını müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir. Məhz, sözügedən Qanun qəbul ediləndən sonra gəncləri ölkədə gedən proseslərdə fəaliyyət istiqamətləri daha geniş vüsət aldı. Ötən dövr ərzində gənclər siyasəti və gənclərlə iş sahəsində bir sıra mühüm nəticələr əldə edildi. Həyatın bütün sahələrində gənclərin fəallığı, təşəbbüskarlığı, irimiqyaslı layihələrin icrasında və idarəetmədə rolu artmış, vətənpərvərlik ruhu və vətəndaşlıq mövqeyi möhkəmlənmiş, könüllülük hərəkatı genişlənmişdir. Gəncləri aparıcı qüvvəyə çevirmək və onların sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədi ilə ötən illər ərzində Prezident İlham Əliyev tərəfindən bir sıra mühüm sənəglər imzalanmışdır. "İlk növbədə, belə bir önəmli faktı qeyd etmək lazımdır ki, dövlətimizin başçısı tərəfindən 2005-ci ildə növbəti 4 ili əhatə edən Dövlət Proqramı təsdiq edilmişdi.

2005-ci ildə gənc ailələrə güzəştli ipoteka kreditinin verilməsi barədə Prezident İlham Əliyevin imzaladığı Fərman Azərbaycan dövlətinin gənclərə göstərdiyi qayğının daha bir göstəricisi oldu. Əlbəttə ki, Gənclər siyasətində idmanın inkişaf etdirilməsi və onun kütləviliyinin artırılması da mühüm yer tutur. Dövlətimizin başçısının ardıcıl səyləri nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilmişdir. Xüsusi olaraq qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin 2007-ci ilin "Gənclər ili" elan edilməsi ilə bağlı Sərəncamı gənclərin ölkənin ictimai-siyasi və mədəni həyatında fəallığının daha da yüksəlməsinə səbəb olmuşdur. Dövlət başçısı İlham Əliyev tərəfindən ötən müddət ərzində 2005-2009-cu illəri əhatə edən "Azərbaycan gəncliyi Dövlət Proqramı", 2006-2010-cu illəri əhatə edən "Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı" və bir sıra digər mühüm sənədlər imzalanmışdır. Nəhayət, ölkəmizdə uğurla həyata keçirilən Gənclər siyasətinin ən önəmli nəticələrindən biri də bu oldu ki, 2020-ci ilin sentyabr-noyabr aylarında Rəşadətli Azərbaycan Ordusunun sıralarındakı Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Məhz onların rəşadəti sayəsində əldə olunan bu Şanlı Zəfər ölkəmizin ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev bununla bağlı demişdir: "Bu gün Azərbaycan gəncləri cəmiyyətimizin fəal hissəsidir. Biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik. Bizim gənclərimiz torpaq uğrunda, Vətən uğrunda vuruşurlar. Bizim şəhidlərimizin böyük əksəriyyəti gənclərimiz olubdur. Bizim gənclərimiz hərbi qələbələrimizi şərtləndiriblər."

Son günlər əksəriyyəti gənclərdən ibarət olan ekofəalların Laçın yolunda ətraf mühitlə bağlı etiraz aksiyaları ölkədə və beynəlxalq arenada olduqca müsbət qarşılanır. Gənclərin bu aksiyada fəal iştirakı respublikamızda həyata keçirilən dövlət siyasətinin gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasının bariz nümunəsidir. Bu onun təsdiqidir ki, Azərbaycan gənci milli ruhludur, vətənpərvərdir. Bakıdan və ölkəmizin digər regionlarından bu aksiyada iştirak etmək üçün Şuşaya gənclərin böyük axını var. Onların sərvətlərimizin talanmasına qarşı etiraza qalxmaları vətən sevgilərindən, milli maraqlarımız uğrunda hər an mücadiləyə hazır olmalarından xəbər verir. Könüllülərin sayının günbəgün artması isə gənclərə qürur, inam və güc verir.

Əziz gənclər!
Sizi 2 fevral - Azərbaycan gəncləri günü münasibətilə təbrik edir, hər birinizə ən səmimi arzularımızı bildirərək, müasir Azərbaycanın inkişafı və tərəqqisi yolunda Sizlərə ugurlar diləyirik!

Təhmasib Rüstəmov

YAP Qubadlı Rayon Təşkilatının sədri

#Gənclər_günü_dövlətin_gənclərə_olan #diqqətin_bariz_nümunəsidir

Bütün xəbərlər Facebook səhifəmizdə