Qafqaz uğrunda TƏHLÜKƏLİ OYUNLAR -TƏHLİL

Qafqaz uğrunda TƏHLÜKƏLİ OYUNLAR -TƏHLİL

Avropa İttifaqının Ermənistandakı missiyasının strukturu mülki missiyaya deyil, hərbi kontingentə bənzəyir. Guya ki, strateji məqsəd Ermənistanın guya münaqişədən zərər çəkmiş və sərhədyanı ərazilərində insidentlərin sayını, belə ərazilərdə yaşayan əhali üçün risk səviyyəsini azaltmağa kömək etmək, təhlükəsizlik vəziyyəti haqqında ətraflı məlumatlılıq nəzərdə tutulur. Amma heç də belə görünmür və təəssüratlar tamamilə başqa məqamlardan xəbər verir və bütün bunlar təhlükəli oyun kimi görünür.

Missiyanın rəhbəri 2020-ci ildən bu zamana qədər Ştutqart polis idarəsinin rəisi vəzifəsində çalışan alman əsilli Markus Ritter olacaq. Ritterin geniş “təcrübəsi” var, özü də müxtəlif istiqamətlərdə. Bu “təcrübə” polisin deyil, daha çox hərbçinin təcrübəsinə oxşayır. Beləki, Markus Ritterin Avropa İttifaqının İraqdakı məsləhət missiyasına rəhbərlik etdiyi, Avropa İttifaqı və Beynəlxalq Millətlər Təşkilatının Cənubi Sudan, Gürcüstan və Kosovodakı missiyalarında xidmət etdiyi, həmçinin Əfqanıstandakı Almaniya səfirliyində polis müşaviri olduğu bəlli olub. Bəlkə də missiyada Almaniya nümayəndəsinin olması Fransa ilə Almaniya arasında razılaşdırılmış bir oyundur ki, Parisin burada olma niyyətləri gizlədilsin. Lakin Fransanın da bu missiyada öz nümayəndəsi var və Çarlz Fris adlı həmin şəxs Avropa İttifaqı tərəfinin bütün əməliyyatlar üzrə kuratorudur. Ən çox diqqət çəkən isə, Avropa İttifaqının missiyası əməkdaşlarının böyük əksəriyyətinin müxtəlif Qərb ölkələrində hərbi elit bölmələrinin istefada olan və aktiv kəşfiyyatçıları olmasıdır.

Missiyada olanlar arasında rus dilini bilən polyaklar və baltlar çoxluq təşkil edirlər ki, bu da təsadüfi deyil.

Maraqlı məqamlardan biri də odur ki, missiya rəsmi olaraq “Avropa İttifaqı missiyası” adlandırılsa da, onun faktiki idarə edilməsi keçən ildən Bosniya və Əfqanıstanı idarə edən ABŞ Hərbi Hava Qüvvələrinin generalı Kristofer Kavolinin rəhbərlik etdiyi NATO-nun Avropadakı Ali Komandanlığı ilə sıx koordinasiya əsasında həyata keçirilir. ABŞ-ın alyansdakı dominant rolunu nəzərə alsaq, NATO ilə birbaşa əlaqə maraqlı suallar doğurur. Eləcə də missiyanın nəzdində informasiya-psixoloji əməliyyatlar mərkəzinin (CIPSO) fəaliyyət göstərəcəyi, onun məqsədinin Ermənistanda Rusiyanın təsirini yatırmaq, rusiyayönlü siyasətçiləri gözdən salmaq və Ermənistan Respublikasında anti-Rusiya əhval-ruhiyyəsini artırçaq olacağından xəbər verir. Qərarın 10-cu maddəsində məxfilik bəndinin olması da bu baxımdan təsadüfi deyil.

Avropa İttifaqı missiyasının məqsədləri heç də aydın görünmür və tamamilə qaranlıq məqamlar barədə təəssürat yaradır. Yayılan məlumatlara görə, missiyanın arxasında duran qüvvələrin məqsədi Ermənistan ordusu, o cümlədən Ermənistan xüsusi təyinatlıları üçün hərbi təlim proqramları hazırlamaqdır, baxmayaraq ki, buna nail olub-olmayacaqları hələ sual altındadır. Eləcə də Ermənistan Xarici Kəşfiyyat Xidmətinin nəzdində sıfırdan yaradılacaq xüsusi təyinatlılar üçün ayrıca proqram da nəzərdə tutulub. Yeri gəlmişkən, missiyanın ən son kəşfiyyat avadanlıqları, o cümlədən Amerika istehsalı olan müasir PUA-larla təchiz olunacağı gözlənilir ki, burada əsas kəşfiyyat hədəflərinin İran və Türkiyə olacağı ehtimal olunur. Bütün bunlar onu göstərir ki, missiya heç də mülki xarakter daşıyana oxşamır.

Missiyanın məqsədləri nə ola bilər?

Missiyanın reallıqda hansı məqsədlər daşıdığı sualı hər kəsi düşündürür. Xüsusən də bizə düşmən kəsilən bir ölkədə fəaliyyətə başlayan missiya diqqətlə izlənilməlidir. Ola bilsin ki, missiyanın ən ali və prioritet məqsədi regionda Rusiyaya qarşı kəşfiyyat fəaliyyəti aparmaq, həmin ölkəni Ermənistandan sıxışdırıb çıxarmaq, xüsusən də oradakı rus kontingentini, ələlxüsus Rusiya hərbi bazasının yaxın iki il ərzində Gümrüdən uzaqlaşdırmaqdır. Bu da səbəbsiz deyil. Ümumiyyətlə, Avropa İttifaqı missiyasının Ermənistana ötürülməsində Avropanın, xüsusən Fransanın maraqları görünür. Bu da onu deməyə əsas verir ki, Avropa İttifaqı ölkələrinin, xüsusən Fransanın Ermənistanda uzunmüddətli hərbi bazasının yaradılmasına çalışılacaq.

Sözügedən missiyanın digər məqsədi İrana qarşı kəşfiyyat fəaliyyətinin qurulması ola bilər. Çox ehtimal ki, İrana qarşı təxribat əməliyyatlarının idarə edilməsi məhz Ermənistandan həyata keçiriləcək. Ona görə də İran bu barədə ciddi şəkildə düşünməlidir. Rəsmi Tehran bilməlidir ki, Ermənistana etibar etməkdə, Azərbaycanla münasibətlərin zərərinə Ermənistanla yaxınlaşmaqda böyük, özü də strateji səhvə yol verir. Ona görə ki, İran özü üçün strateji təhlükəni Azərbaycandan deyil, bundan sonra məhz Ermənistandan gözləməli olacaq. İran üçün ən böyük regional təhlükə mənbəyi indi artıq Ermənistan hesab olunur. Rəsmi Tehran bunu nə qədər tez başa düşsə bir o qədər xeyrinədir.

Sözsüz ki, missiyanın ən əsas, ən prioritet məsələsi və məqsədi regionda Türkiyə-Azərbaycan tandeminə mane olmaqdır. Hətta 44 günlük müharibə zamanı və ondan sonra Azərbaycan tərəfi ilə təmaslar zamanı Fransa müxtəlif kanallarla açıq şəkildə bəyan etdi ki, onun əsas problemi Türkiyənin mövqelərinin möhkəmlənməsidir. İndi missiyanın həm də Zəngəzur dəhlizi ilə bağlı öz planları da ola bilər. Çox güman ki, həmin dəhlizin açılmaması üçün çalışa bilər və ən azından dəhlizə nəzarət barədə planları var. Deməli, çox təhlükəli oyunlar barədə planlar qurulur.

Bəli, Cənubi Qafqaz üçün çox təhlükəli geosiyasi oyunlar qurulur. Özü də təhlükəli oyunlar. Qərb Ermənistandan bir alət kimi istifadə edir. Regionda, eləcə də dünyada qüvvətlənən Türkiyə-Azərbaycan tandeminə qarşı Ermənistan bir alətə çevrilir. Elə ermənilər də sən demə çoxdandır bu siyasətə alət olmağa hazır imişlər. Onsuz da alət olmağa öyrəncəli olan bir toplumun bu xüsusiyyətindən məharətlə istifadə olunur. Amma ermənilər dərk etmirlər ki, Ermənistanı Cənubi Qafqazda Livanın vəziyyəti gözləyə bilər. Bu işğalçı ölkəni Suriyanın taleyi gözləyə bilər ki, bu barədə ermənilər indidən hesablarını getməlidirlər. Heç şübhəsiz ki, Azərbaycan və Türkiyə bu barədə yaxşıca hazırlıqlıdırlar və missiya nə qədər təhlükəli oyun oynasa da zərbəsi Ermənistana dəyəcək. Bu təhlükəli oyun daha çox erməniləri narahat etməlidir, çünki onsuz da hayların bir gücü qalmayıb, hay-hayları gedib, belə görünür ki, vay-vayları qalır.

Qafqaz uğrunda böyük mübarizə yenidən başlayır. Eyni ilə bir zamanlar olduğu kimi, yenə də Ermənistan alətə çevrilir. Tarixin təkrarlandığı barədə çox eşitmişik. Görünür yenə də tarix təkrarlanır və yenə də Avropa Qafqazda təhlükəli oyunlara rəvac verir. Amma bu dəfə Azərbaycan da, Türkiyə də keçmişdə gördüklərinə görə böyük təcrübəyə sahibdi. Heç də Avropa əvvəlki kimi nətəcələr əldə edəcəyinə ümid etməsin. Ermənistanın özünün də belə oyunlardan dividentlə çıxacağı barədə düşünməyə haqqı yoxdur. Rəsmi İrəvan indi bu təhlükəli oyunlara görə çox qorxmalı, ehtiyat etməlidir. Əvvəla ona görə ki, müqavimət qabiliyyəti sıfırın ətrafındadır, heç bir dözüm göstərmək imkanı da qalmayıb. Digər tərəfdən bu ölkənin daxilində olan missiyanın təhlükəli oyunu ilk növbədə elə həmin ölkənin özünü zərbə altında qoyacaq. Əgər Ermənistan hakimiyyətinin zərrə qədər düşüncəsi, uzaqgörənliyi olsaydı həmin o Avropa İttifaqı missiyası altında ölkələrinə “təşrif buyuranları” yaxına buraxmazdılar, çünki təhlükəli oyunlarının birbaşa zərbəsi altında özləri qalmalı olacaqlar. Hər bir halda Qafqaz uğrunda təhlükəli oyunlara start verildiyi göz önündədir. Amma bu oyunlar o demək deyil ki, oyunçular qalib çıxacaq, yaxud məqsədlərinə nail olacaqlar. Onların gələcəkləri varsa, görəcəkləri də var. Çünki nə Azərbaycan, nə də Türkiyə onların bir zamanlar bu regionda təhlükəli oyunlar oynadıqları zaman gördükləri ölkələr deyil, böyük gücə, potensiala, imkanlara malik söz sahibləri və regionun lider dövlətləridir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə