Azərbaycanda gəncliyin inkişafı dövlət siyasətinin prioritetidir ŞƏRH
Gənclər siyasəti Azərbaycanda dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu siyasətin əsas məqsədi gənclərin hərtərəfli inkişafını təmin etmək, onları yüksək vətənpərvərlik ruhunda formalaşdırmaq, layiqli vətəndaş kimi yetişdirməkdən ibarətdir. Azərbaycan gəncliyinin inkişafında ümummilli lider Heydər Əliyev əvəzolunmaz xidmətlər göstərib. Məhz Ulu Öndərimizin müəyyənləşdirdiyi gənclər siyasəti dövlətimizin gənclərə qayğısını şərtləndirir. “Gənclər bizim gələcəyimizdir” deyən Ulu Öndərimiz Azərbaycan gəncliyinin inkişafı üçün misilsiz xidmətlər göstərib.
Hazırda isə bu siyasət Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin müxtəlif illərdə gəncliyin inkişafı ilə bağlı imzaladığı fərman və sərəncamlar ölkəmizdə həyata keçirilən gənclər siyasətinə yeni impuls verib. Azərbaycan dövləti gənclərə daim malik olduqları bacarıq, qabiliyyət və intellektual imkanlar müqabilində geniş meydan verir, bu təbəqəyə böyük diqqət və qayğı ilə yanaşır. Bu gün gənclər siyasəti respublikamızda gəncliyin inkişaf yoluna işıq salıb, gənclərin dövlət idarəçiliyində, cəmiyyət həyatının bütün sahələrində iştirak edən güclü sosial təbəqəyə çevrilməsini təmin edib. Bu baxımdan, Prezident İlham Əliyevin gənclərlə iş sahəsində həyata keçirdiyi tədbirlər ulu öndər Heydər Əliyev tərəfindən müəyyən olunmuş gənclər siyasətinin uğurlu davamı kimi cəmiyyət tərəfindən təqdir edilir.
Gənclər hər bir xalqın xoşbəxt gələcəyə olan ümididir. Gənclər cəmiyyətin dinamik, hərəkətverici, fəal hissəsi, ideyaların gələcəyə ötürülmə qüvvəsidir. Buna görədir ki, onların yetişdirilməsi bütün ölkələr üçün əsas məsələlərdən biridir. Azərbaycanda da dövlət siyasətinin mühüm prioritetlərindən biri gənclərin inkişafı, cəmiyyətdə sağlam mövqe tutmaları, bütün sahələrdə irəli getmələridir. Prezident İlham Əliyev ölkəmizə rəhbərlik etməyə başladığı ilk günlərdə gənclərin ən yaxın dostu olacağını, gənclərə etibar etdiyini və gənclərin də Ona etibar etməsini arzuladığını ifadə edib. Son 20 ilə yaxın müddətdə biz bu qarşılıqlı etimadın nəticələrini görməkdəyik və əminliklə deyə bilərik ki, Azərbaycanda həyata keçirilən gənclər siyasəti bir nümunədir. Bu siyasət model olaraq dünyanın inkişaf etmiş dövlətləri tərəfindən yüksək qiymətləndirilməklə bərabər, öyrənilir, tətbiq edilir. Gənclərlə bağlı dövlət proqramlarının, konkret dövrləri əhatə edən strategiyaların məhz gənclərin fikirlərinin, arzularının nəzərə alınmaqla qəbul edilməsi, onların bütün pozitiv təşəbbüslərinin dəstəklənməsi, dövlət strukturlarında gənclərin təmsil olunması, gənclərin dövlət hesabına ölkəmiz üçün strateji əhəmiyyət kəsb edən ixtisaslarda dünyanın ən prestijli ali məktəblərində təhsil almağa göndərilməsi, Bakıda müxtəlif mövzularda gənclərə həsr olunmuş beynəlxalq tədbirlərin keçirilməsi də fikrimizi təsdiq edə bilər. Digər vacib məqam ondan ibarətdir ki, bu gün dövlət idarəetmə sistemində, qanunvericilik, məhkəmə hakimiyyətində və digər sahələrdə gənclər uğurla təmsil olunur. Azərbaycan gənci bu gün ona göstərilən etimadı yüksək səviyyədə doğruldur.
44 günlük Vətən müharibəsində isə Azərbaycan gəncləri tarix yazdı. Torpaqlarımızın işğaldan azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnən Vətən müharibəsi Azərbaycan xalqının milli həmrəyliyinin, monolit birliyinin təntənəsi oldu. Azərbaycan gəncləri Vətən müharibəsindən şərəflə çıxdılar, Prezident İlham Əliyevin gözləntilərini layiqincə doğrultdular. Müharibəyə yollanan gənclərin hamısı döyüşlərdə qəhrəmancasına iştirak etdi. Onlar bütün dünyaya Azərbaycan gəncinin nəyə qadir olduğunu göstərdilər. Hər biri öz cəsurluğu, igidliyi ilə vətənpərvərlik salnaməsi yazdı, qələbə dolu döyüş yolu ilə dillərdə dastana döndü. 44 günlük müharibədə Vətən uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalanların böyük əksəriyyətini də məhz gənclər təşkil etdi. Biz şəhidlərimizin əziz xatirəsini hər zaman böyük ehtiramla anırıq. Bundan sonra qarşımızda dayanan əsas vəzifə müstəqil dövlətimizi daha da gücləndirməkdən ibarətdir. Şübhə yoxdur ki, bu müqəddəs vəzifədə də Azərbaycan gəncliyi ön sıralarda dayanacaq!
Anar Abbasov
Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədr müavini
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB