Azərbaycan gəncləri ölkə həyatında yüksək fəallığı ilə seçilir ŞƏRH

Azərbaycan gəncləri ölkə həyatında yüksək fəallığı ilə seçilir ŞƏRH

Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının ilk illəri çətin və ağır idi. Demək olar ki, ölkəmizin dünya xəritəsindən silinmək qorxusu var idi. Ölkə idarəolunmaz vəziyyətə düşmüşdü. 1992-ci ildə AXC-Müsavat cütlüyünün hərbi çevrilişindən sonra vəziyyət daha da ağırlaşmış, xaos, anarxiya, özbaşınalıq, rüşvətxorluq, korrupsiya baş alıb gedirdi. Təcrübəsiz, səriştəsiz insanlar vəzifəyə gələrək ölkəmizi bərbad vəziyyətə saldılar, vətəndaş müharibəsinin baş verməsinə böyük təkan verdilər və Azərbaycanda vətəndaş müharibəsi başladı. Hakimiyyətin həmin dövrdə ölkəmizə qarşı etdiyi xəyanətinə görə torpaqlarımızın bir hissəsi işğal altına düşdü. Belə ki, Azərbaycan xalqı 1993-cü ildə Heydər Əliyevi hakimiyyətə dəvət etməsəydi, xalqımızın taleyinin necə olacağı bəlli deyildi. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə müstəqillik əldə edən Azərbaycanın müasir gənclər siyasəti 1994-cü ildə başlamışdır. Bu siyaəsətin başlanğıcı olaraq həmin il Gənclər və İdman Nazirliyi yaradıldı. Həmin dövrlərdə ölkəmiz böhrandan, iqtisadi tənəzzüldən təzə-təzə çıxırdı. Azərbaycanda iqtisadi vəziyyət çox ağır idi. Məhz həmin vaxt Azərbaycanda islahatlara start verildi. Ümummilli liderin verdiyi qərarlar Azərbaycanda gənclər üçün yeni imkanlar açdı, yeni şərait yaratdı. Daha sonra dövlət gənclər siyasəti haqqında Fərman imzalandı. Sonrakı dövrdə də dövlətimiz həmişə gənclərə dəstək olmuşdur. Belə ki, 2005-ci ildən bu günə qədər üç Dövlət Proqramı qəbul edilmiş, bölgələrdə 40-a yaxın Gənclər Mərkəzi, 44 Olimpiya İdman Mərkəzi yaradılmışdır.

Çox böyük fəxr və qürur hissi ilə deyə bilərik ki, Azərbaycan gəncləri bu gün müstəqillik dövründə yaşayırlar. Bu, böyük xoşbəxtlikdir. Bu gün hər bir vətənpərvər azərbaycanlı haqlı olaraq fəxr edir ki, o, müstəqil Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycanın hərtərəfli inkişafında gənclərimizin çox böyük rolu vardır. Ölkəmizin gəncləri müxtəlif sahələrdə çox uğurla fəaliyyət göstərirlər və ölkəmizin ümumi inkişafına böyük töhfə verirlər. Ölkəmizin beynəlxalq əlaqələri gündən-günə genişlənir. Bunun nəticəsi olaraq, 2016-cı ildə Gəncə şəhəri Avropa Gənclər Paytaxtı adına layiq görülmüş, Azərbaycanda müxtəlif beynəlxalq tədbirlər, o cümlədən 170 ölkədən nümayəndənin iştirak etdiyi Dünya Skaut Hərəkatı Təşkilatının konfransı keçirilmişdir. Bu gün gənclərimiz cəmiyyətdə çox fəal rol oynayır, elm sahəsində böyük nailiyyətlər qazanırlar. Gənc alimlərimiz müxtəlif sahələrdə elmi potensialımızı gücləndirirlər. Dövlət baçşısı İlham Əliyevin təşəbbüsü ilə Elmin İnkişafı Fondu, Gənclər Fondu yaradılmışdır. Yaradılan bu fondlar vasitəsilə istedadlı gənclərə qrantlar verilir, müxtəlif tədqiqat proqramlarının həyata keçirilməsi üçün vəsait ayrılır.

Tarixən Azərbaycan xalqı başqa dövlətlərin, imperiyaların tərkibində yaşamışdır. Lakin buna baxmayaraq, biz milli mənsubiyyətimizi, adət-ənənələrimizi qoruyub saxlamış həmişə öz dəyərlərimizə bağlı olmuşuq. Ölkəmizin dəyərləri bugünkü gənclər üçün daim ən başlıca dəyərlərdir. Muasir Azərbaycan gəncləri milli ruhda tərbiyə alır, dövlət maraqlarını, xalqımızın milli maraqlarını layiqincə qoruyurlar. Əsrlər boyu bizi bir millət, bir xalq kimi qoruyan da məhz bizim dəyərlərimiz, ana dilimiz, mədəniyyətimiz, ədəbiyyatımız, incəsənətimiz olmuşdur. Bu gün Azərbaycan dünyada çox sürətlə inkişaf edən ölkə kimi tanınır. Biz gənclər əldə olunmuş uğurlarla kifayətlənməməli, daim irəliyə baxmalı və ilk növbədə, nöqsanları, problemləri aradan qaldırmalıyıq. Azərbaycanda sosial problemlərin həlli daim diqqət mərkəzindədir. Gənclərimizə dövlət tərəfindən çox böyük diqqət göstərilir, çox böyük vəsait ayrılır. Ən əsası da məcburi köçkünlərin, şəhid ailələrinin, birinci və ikinci Qarabağ müharibəsi əlillərinin sosial problemlərinin həlli üçün böyük vəsait ayrılır. Onlar üçün şəhərciklər salınır, minlərlə ev tikilir. Azərbaycan dövləti onlara dəstək göstərir. Azərbaycan Gəncləri Azərbaycanın dövlət maraqlarının nəyin bahasına olursa-olsun keşiyində durub. Bu proses daimi olmalı, davam etməlidir. Biz gənclər üçün ən başlıca vəzifə müstəqilliyimizi, milli maraqlarımızı qorumaqdır.

İşğal altında olan torpaqlarımızın azad olunması uğrunda canından keçən şəhidlərimizin böyük əksəriyyəti də gənclərimizdir. 44 günlük Vətən müharibəsində uzun illər ərzində işğal altında qalan torpaqları işğalçılardan azad etdik. Doğma torpaqlarımızda Azərbaycan bayrağı dalğalandı. Bu, böyük tarixi zəfər bir daha onu göstərdi ki, Azərbaycan əsgəri Vətən uğrunda, torpaq uğrunda canından keçməyə hazırdır. Bu zəfər ermənilərin uzun illər ərzində yaratdıqları mifi tamamilə darmadağın etdi və onlara göstərdi ki, biz döyüş meydanında da onlardan üstünük.

Bu gün hər birimiz fəxr edirik ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və uzaqgörən rəhbərliyi, rəşadətli Azərbaycan Ordusunun peşəkarlığı və qələbə əzmi, xalqımızın mətanəti sayəsində torpaqlarımız işğaldan azad edilib. Azad edilən torpaqlarımızda görüləcək quruculuq-abadlıq işlərində, doğma diyarımızın yenidən çiçəklənməsində gənclərimizin də iştirakı mühüm əhəmiyyət kəsb edir. Azərbaycan gənclərinin ölkə həyatında yüksək fəallığı, vətənpərvərliyi, dövlətə və Vətənə bağlılığı gənclərimizin bu prosesdə də fəal iştirak edəcəklərini deməyə güclü əsas yaradır.

Fərid Mustafayev

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə

ərazi partiya təşkilatının sədr müavini

Bütün xəbərlər Facebook səhifəmizdə