AZƏRBAYCAN-MACARISTAN – Strateji tərəfdaşlığının hərtərəfli və yüksələn xətlə inkişafı TƏHLİL

AZƏRBAYCAN-MACARISTAN – Strateji tərəfdaşlığının hərtərəfli və yüksələn xətlə inkişafı TƏHLİL

PREZİDENT İLHAM ƏLİYEV: “Azərbaycan və Macarıstan öz münasibətlərini artıq strateji tərəfdaşlıq kimi müəyyən edib”

MACARISTANIN BAŞ NAZİRİ VİKTOR ORBAN: “Mən Prezident İlham Əliyevdən beynəlxalq arenada daha da uğurlu olmağı öyrənməliyəm”

Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən Macarıstanla ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı ölkəmizin xarici siyasətinin vacib istiqamətlərindən biridir. Azərbaycan-Macarıstan əlaqələri 30 il ərzində diplomatik əməkdaşlıqdan strateji münasibətlərə qədər böyük inkişaf yolu keçib. Bu dövr ərzində Azərbaycan və Macarıstan arasında 50-dən çox əməkdaşlıq sənədi imzalanıb. Ölkələr isə ikitərəfli müstəvidə və beynəlxalq təşkilatlarda bir-birini dəstəkləyir. Bu gün Azərbaycan və Macarıstan bir çox sahələrdə, o cümlədən siyasi, iqtisadi, energetika, təhsil, nəqliyyat, kənd təsərrüfatı sferalarında geniş formada əməkdaşlıq edərək iki ölkə arasında qarşılıqlı münasibətlərin dərinləşməsinə təkan verməkdədir. Belə ki, Prezident İlham Əliyevin yanvarın 29-da Macarıstan Prezidenti xanım Katalin Novakın dəvəti ilə Macarıstana rəsmi səfəri, səfər çərçivəsində Macarıstan Prezidenti xanım Katalin Novak və Baş nazir Viktor Orbanla həm təkbətək, həm də geniş tərkibdə görüşləri, iki ölkə arasında əlaqələrin gələcək inkişafı üçün vacib olan sənədlərin imzalanması münasibətlərin dünəninə baxış əsasında qarşıda dayanan hədəflərə işıq saldı. Həmçinin, səfər çərçivəsində Azərbaycanın dövlət başçısı və Macarıstanın Baş naziri tərəfindən Azərbaycan ilə Macarıstan arasında strateji tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə, Bəyannamədə tərəflər ikitərəfli əməkdaşlığın bütün sahələri, həmçinin beynəlxalq və regional məsələlər üzrə strateji dialoqu davam etdirməyə hazırlıqlarının ifadə edilməsi bir daha ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğunun reallığıdır. Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin dövlət başçısı kimi Macarıstana dördüncü səfəridir və əvvəlkm səfərlərdə olduğu kimi bu səfərdə də məqsəd ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir.

AZƏRBAYCAN PREZİDENTİ: “Azərbaycan və Macarıstan öz münasibətlərini artıq strateji tərəfdaşlıq kimi müəyyən edib”

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 30-da Budapeştdə Macarıstanın Baş naziri Viktor Orban ilə geniş tərkibdə görüşündə bildirib ki, biz iki dost, həm də tərəfdaşıq: “Biz həqiqətən, iki dost və tərəfdaşıq. Biz öz münasibətlərimizi artıq strateji tərəfdaşlıq kimi müəyyən etmişik. Bu gün isə biz əməkdaşlığımızın strateji mahiyyətini təsdiqləyəcək digər sənədə imza atacağıq”. Dövlətimizin başçısı bildirib ki, milli ənənələrə sadiqlik, ailə dəyərlərinin qiymətləndirilməsi kimi prinsiplər bizim həyat prinsiplərimizdir. Həm ikitərəfli münasibətlərə baxışlarımız eynidir, həmçinin dünyada gedən prosesləri də biz eyni prizmadan qiymətləndiririk: Baş nazir Viktor Orbanla artıq on ildən çoxdur dostluq etdiklərini bildirən Prezident İlham Əliyev bildirib ki, hər bir fürsətdən yararlanaraq ölkələrimiz üçün vacib olan məsələləri müzakirə etmək və onları həll etmək istəyirik. Dövlət başçımız Macarıstanla dostluq əlaqələrimiz Avrasiya qitəsi üçün də çox böyük önəm daşıdığını söyləyərək bildirib ki, ölkələrimiz arasındakı dostluq əlaqələri həm ölkələrimiz üçün, eyni zamanda, Avrasiya qitəsi üçün də çox böyük önəm daşıyır: “Cənab Baş nazir (Macarıstanın Baş naziri Viktor Orban-red.) qeyd etdiyi kimi, biz uzun illərdir ki, bir-birimizlə sıx təmasdayıq. Bizi dostluq əlaqələri bağlayır. Ölkələrimiz arasındakı dostluq əlaqələri həm ölkələrimiz üçün, eyni zamanda, Avrasiya qitəsi üçün də çox böyük önəm daşıyır”.Prezident İlham Əliyev onu da vurğulayıb ki, bu gün imzalanan strateji tərəfdaşlığın dərinləşməsinə dair Birgə Bəyannamə bir daha bizim strateji tərəfdaşlığımızı təsdiqləyir. Bu, strateji tərəfdaşlığa dair imzalanmış ikinci sənəddir və bir daha onu göstərir ki, həqiqətən Macarıstan və Azərbaycan dost və strateji tərəfdaşdırlar.

Qeyd edək ki, iki ölkə arasında enerji diplomatiyasının mühüm elementləri üzrə də uğurlu əməkdaşlıq mövcuddur. Macarıstan Cənub Qaz Dəhlizi layihəsini dəstəkləyir və bu layihədən yararlanmaq istəyini dəfələrlə izah etmişdir. Macarıstan Azərbaycan ilə enerji sahəsində əməkdaşlığa olduqca böyük əhəmiyyət verir və Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın oynadığı strateji rolu daim təqdir edir: “Əlbəttə ki, enerji gündəliyimizdə birinci yerdədir. Bu gün biz mühüm Anlaşma Memorandumunu imzalayacağıq və mən bunu çox mühüm addım hesab edirəm, çünki o, qaz təchizatı sahəsində əməkdaşlığa başlamaq üçün imzalanacaq ilk sənəddir”. Həmçinin onu da qeyd edək ki, Azərbaycan tərəfindən Avropanın Cənub-Şərq hissəsi və Qara Dəniz hövzəsində yerləşən dövlətlərə enerji ehtiyatlarının çatdırılması siyasətinin bir hissəsi olaraq Macarıstanla da bu sahədə əməkdaşlığın qurulmasında hər iki tərəfin olduqca böyük potensialı mövcuddur. Həmçinin, digər məqam isə işğaldan azad edilmiş Azərbaycan ərazilərində aparılan bərpa-quruculuq işlərində iştiraka Macarıstan şirkətləri böyük maraq göstərirlər və bununla bağlı müvafiq layihələr təqdim ediblər. Macarıstan işğaldan azad edilmiş ərazilərimizdə minatəmizləmə fəaliyyətinə dəstək məqsədilə könüllü töhfə olaraq 25.000 avro ianə edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 30-da Budapeştdə Macarıstanın Baş naziri Viktor Orban ilə geniş tərkibdə görüşündə deyib ki, hazırda Azərbaycanın enerji resursları əvvəlki dövrlə müqayisədə Avropaya daha çox lazımdır: “Biz öz təchizatımızı artırmağa hazırıq və əlbəttə ki, əməkdaşlığı dost ölkələrlə başlamaq istəyirik. Bu gün biz enerji sahəsində uzunmüddətli işbirliyinə imkan yaradacaq müvafiq Anlaşma Memorandumunu imzalayacağıq”. “Lakin təkcə bu sahə deyil, çünki biz təhsil və mədəniyyət sahələrində əməkdaşlıq edirik. Biz Qarabağ bölgəsində yenidənqurma işlərində macar şirkətlərini görməyi ümid edirik. Bu gün biz cənab Baş nazirlə bu və digər məsələləri müzakirə etdik”, - deyə dövlətimizin başçısı bildirib.

AZƏRBAYCAN PREZİDENTİ: “Biz qaz təchizatımızı iki dəfə, bəlkə ondan da çox artırmağı planlaşdırırıq”

Azərbaycan Prezidenti Budapeştdə Macarıstanın Baş naziri Viktor Orban ilə birgə mətbuata bəyanatında deyib ki, son illər ərzində apardığımız uğurlu siyasət, birgə addımlar bu gün enerji sahəsində əməkdaşlıq üçün də çox güclü zəmin yaratdı: “Cənab Baş nazir (Viktor Orban-red.) xatırlatdı ki, vaxtilə NABUKKO layihəsi üzərində böyük işlər aparılmışdı. Ancaq maliyyə mənbələri müəyyən edilmədiyi üçün NABUKKO layihəsi icra edilmədi. Buna baxmayaraq, Azərbaycan öz qaz resurslarını Avropa bazarlarına çatdırmaq üçün fəal çalışırdı və nəticə etibarilə iki il bundan əvvəl Cənub Qaz Dəhlizi icra edildi. Bu, çox müasir enerji infrastrukturudur, uzunluğu 3500 kilometrdir və artıq iki ildir ki, Azərbaycan Avropa İttifaqı məkanına öz təbii qaz resurslarını çatdırır”.Azərbaycan Prezidenti qeyd edib ki, ötən il Avropa Komissiyası ilə imzalanan sənədə əsasən, biz qaz təchizatımızı iki dəfə, bəlkə ondan da çox artırmağı planlaşdırırıq: “Bunun üçün resurslar da var, siyasi iradə də var və tərəfdaşlarımızla təmaslar da var”.

Dövlət başçısı vurğulayıb ki, vaxtilə tarixə qovuşmuş NABUKKO layihəsini biz indi canlandırmışıq: “Artıq interkonnektorlar vasitəsilə Azərbaycan qazı Bolqarıstana, ondan sonra Rumıniyaya, ondan sonra Macarıstana və Macarıstandan sonra digər Avropa ölkələrinə çatdırılacaq”.

Dövlətimizin başçısı bu barədə də müzakirələr aparıldığını qeyd edərək bildirib ki, Macarıstan təkcə Azərbaycan qazının istehlakçısı deyil, eyni zamanda, Azərbaycan qazını digər Avropa ölkələrinə tranzit edən ölkə kimi fəaliyyət göstərəcək: “Əlbəttə, enerji təhlükəsizliyi məsələləri bugünkü dünyada xüsusi əhəmiyyət daşıyır və hesab edirəm ki, dünya gündəliyinin ön sıralarındadır. Azərbaycanın zəngin neft-qaz resursları imkan verir ki, uzun illər bundan sonra - təbii qazla bağlı ən azı yüz il bundan sonra Avropa üçün etibarlı tərəfdaş olsun. Avropa Komissiyasının rəhbərliyi Azərbaycanı məhz belə də adlandırır: etibarlı tərəfdaş”.

DÖVLƏTİMİZİN BAŞÇISI: “Azərbaycan yaşıl enerji ilə bağlı layihələr Azərbaycanı Avropa üçün daha da yaxın edəcək”

“Yaxın keçmişdə aşkarlanan böyük yaşıl enerji potensialı Azərbaycanın önəmini daha da artırır. Yaşıl enerji ilə bağlı olan və artıq icra olunan layihələr bizi Avropa üçün daha da yaxın edəcək”. Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev Budapeştdə Macarıstanın Baş naziri Viktor Orban ilə birgə mətbuata bəyanatında səsləndirib.“Hörmətli dostum (Viktor Orban-red.) qeyd etdiyi kimi, keçən ay imzalanmış sazişə əsasən, Azərbaycan yaşıl enerjisini Avropaya çatdıracaq və bu gün bu məsələlər bir daha müzakirə edildi. Bir neçə gündən sonra Bakıda keçiriləcək birinci rəhbər komitədə bu layihədə cəmləşən ölkələr – Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya bir araya gələrək gələcək fəaliyyətin konsepsiyası üzərində işləməyə başlayacaqlar”, - deyə dövlətimizin başçısı bildirib.

Azərbaycan Prezidenti deyib ki, bu, çox böyük sərmayə və çox ciddi koordinasiya tələb edən layihədir: “Ona görə biz Bakıda fevralın 3-də keçiriləcək toplantıda ilkin addımı atacağıq və beləliklə, Avropa qitəsinin enerji təhlükəsizliyi daha dolğun və əhatəli şəkildə təmin ediləcəkdir”.

PREZİDENT İLHAM ƏLİYEV: “Azərbaycan Avrasiyanın önəmli nəqliyyat-logistika mərkəzlərinin birinə çevrilə bilər”

Dövlətimizin başçısı Budapeştdə Macarıstanın Baş naziri Viktor Orban ilə birgə mətbuata bəyanatında onu da bildirib ki, əməkdaşlığımız təkcə enerji deyil, həmçinin nəqliyyat sahəsində də böyük planlarımız var: «Bizim əməkdaşlığımızın böyük hissəsi enerji məsələlərinə həsr olunsa da, təkcə bu məsələlərlə məhdudlaşmır. Biz, eyni zamanda, nəqliyyat sahəsində çox böyük planlarımızı həyata keçiririk”. Dövlətimizin başçısı deyib ki, dəmir yolları vasitəsilə Macarıstandan Azərbaycana, Azərbaycandan Macarıstana yüklərin ötürülməsinə başlanılıb, bu layihənin böyük potensialı var, çünki Rusiya-Ukrayna müharibəsindən sonra Azərbaycan ərazisindən keçən yüklərin həcmi kəskin artıb: “Təkcə keçən il tranzit yüklərin həcmi 75 faiz artmışdır. Azərbaycanda mövcud müasir nəqliyyat infrastrukturu - istər tankerlər, gəmilər olsun, istər böyük dəniz ticarəti limanı olsun, dəmir yolları olsun, bunlar hamısı müasirdir və bütün lazımi tələblərə cavab verir. Ona görə Azərbaycan açıq dənizlərə çıxışı olmayan ölkə olsa da, hesab edirəm ki, Avrasiyanın önəmli nəqliyyat-logistika mərkəzlərinin birinə çevrilə bilər. Burada Avropa ölkələri ilə və xüsusilə bizim üçün Avropa İttifaqı arasında ən yaxın tərəfdaşlarımızdan biri olan Macarıstanla əməkdaşlıq üçün çox yaxşı imkanlar var”. Prezident İlham Əliyev Budapeştdə Macarıstanın Baş naziri Viktor Orban ilə birgə mətbuata bəyanatında əməkdaşlıq üçün digər vacib sahənin minatəmizləmə olduğunu deyib: «Bu gün 200 Azərbaycan gənci Macarıstan hökumətinin dəstəyi ilə alınmış tələbə təqaüdləri ilə Macarıstanda oxuyur. Bu, Azərbaycanda kadr potensialının yaradılması istiqamətində çox önəmli hadisədir, eyni zamanda, dostluğumuzu da böyük dərəcədə gücləndirəcək”. Dövlətimizin başçısı bildirib ki, Azərbaycan İkinci Qarabağ müharibəsindən keçən dövr ərzində bu sahədə böyük problemlərlə üzləşib: “Bir milyondan çox mina təmizlənməlidir. Müharibədən sonra iki il ərzində 300-ə yaxın Azərbaycan vətəndaşı ya həlak olub, ya da ağır yaralanıb. Ona görə bu sahədə Macarıstanın təcrübəsini nəzərə alaraq biz əməkdaşlıq üçün yaxşı imkanlar görürük”. Azərbaycan Prezidenti Azərbaycan şəhərsalma istiqamətində çox böyük təcrübəsi olan Macarıstanla birgə işləməkdə maraqlı olduğunu da deyib: “Bu gün macar şirkətlərinin azad edilmiş Qarabağ və Zəngəzur torpaqlarında fəaliyyəti ilə bağlı da fikir mübadiləsi aparılıb. Yaxın gələcəkdə, bəlkə də bir həftə bundan sonra biz konkret layihələrin müzakirəsinə başlayacağıq”.

Dövlətimizin başçısı deyib ki, Azərbaycan şəhərsalma istiqamətində çox böyük təcrübəsi olan Macarıstanla birgə işləməkdə maraqlıdır: “Çünki on min kvadratkilometrə bərabər olan azad edilmiş torpaqlarda bir daş daş üstə qalmayıb. Bütün binalar, bütün infrastruktur işğal dövründə dağıdılıb və biz, əlbəttə ki, bu bölgələri yenidən canlandıracağıq. Artıq Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası elan edilib”. Prezident İlham Əliyev vurğulayıb ki, Macarıstan və Azərbaycan iki dost və tərəfdaş ölkə kimi bundan sonra da həm ikitərəfli əməkdaşlığı dərinləşdirəcək, həm də beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyi bir-birinə əsirgəməyəcək.

PREZİDENT İLHAM ƏLİYEV: “Azərbaycanla Macarıstanı birləşdirən təməl amillər bizim dünyaya ortaq baxışlarımızdır”

“Həqiqətən Macarıstan və Azərbaycan həm strateji tərəfdaşlardır, eyni zamanda, yaxın dost ölkələrdir. Hazırda bizi birləşdirən bir çox bağlar var. Amma hesab edirəm ki, onların arasında təməl amillər bizim dünyaya olan ortaq baxışlarımızdır. Bu, bizi daha da bir-birimizə sıx bağlayır və dostluğumuzu daha da gücləndirir”. Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Budapeştdə onun şərəfinə verilən rəsmi naharda söyləyib. Dövlətimizin başçısı deyib: “Milli ənənələrə sadiqlik, ailə dəyərlərinin qiymətləndirilməsi kimi prinsiplər bizim həyat prinsiplərimizdir. Həm ikitərəfli münasibətlərə baxışlarımız eynidir, həmçinin dünyada gedən prosesləri də biz eyni prizmadan qiymətləndiririk”. Baş nazir Viktor Orbanla artıq on ildən çoxdur dostluq etdiklərini bildirən Prezident İlham Əliyev bildirib ki, hər bir fürsətdən yararlanaraq ölkələrimiz üçün vacib olan məsələləri müzakirə etmək və onları həll etmək istəyirik. Dövlətimizin başçısı onu da vurğulayıb ki, Macarıstanla əlaqələrimizin ən böyük dəyəri qarşılıqlı etimad və birgə fəaliyyətdir: “Əziz dostum (Viktor Orban-red.) dediyi kimi, biz enerji dostları deyilik, biz əsl dostlarıq. Son bir il ərzində Azərbaycana enerji resurslarının təchizatı ilə bağlı 10-dan çox ölkədən sifarişlər gəlib, xahişlər edilib. Deyə bilərəm ki, bütün bu təkliflər indi müzakirə edilir və qərarlar sonra qəbul ediləcək”. “Macarıstanla Azərbaycan arasında təbii qaz sahəsində əməkdaşlığa dair bu gün imzalanmış sənəd deyə bilərəm ki, cəmi üç gün ərzində hazırlanmışdır və bu gün imzalanmışdır. Yəni, üç gün, özü də bu, “weekend” günləri idi. Amma o yetərli oldu ki, biz çox önəmli strateji addımı bu gün ataq və öz imzamızı qoyaq. Bu, bir daha əlaqələrimizin nə qədər səmimi olmasından xəbər verir. Əlaqələrimizin ən böyük dəyəri məhz budur - qarşılıqlı etimad, qarşılıqlı hörmət və qarşılıqlı maraqlar üzərində birgə fəaliyyətimiz”, - deyə dövlətimizin başçısı vurğulayıb. Prezident İlham Əliyev, həmçinin deyib ki, Macarıstanda özümüzü evimizdəki kimi hiss edirik, dostlar arasında hiss edirik: “Əlbəttə, Viktora (Viktor Orban-red.) əsas qiymətini dost macar xalqı vermişdir və dəfələrlə ona etimad göstərərək həm öz müdrikliyini göstərdi, eyni zamanda, onun fədakar fəaliyyətinə düzgün qiymət verdi. Əziz dostuma gələcək uğurlar, gələcək qələbələr arzulayıram. Biz siyasi müstəvidə veteranlar sayıla bilərik. Yaşımıza görə yox. Viktor məndən də tez rəhbər seçildi, 35 yaşında. Mən ondan bir qədər sonra, 41 yaşımda. Hələ ki, bizim gücümüz yerindədir və əminəm, şəxsi dostluğumuz və ölkə rəhbərləri kimi əməkdaşlığımız bundan sonra da uzun illər davam edəcək”.

VİKTOR ORBAN: “Azərbaycanın dünyada strateji əhəmiyyəti artmaqdadır”

“Ölkələrimizin mühüm dostluğu indi yox, çoxdan başlayıb. Siz təkcə enerjiyə görə bizim dostumuz deyilsiniz. Təsəvvür edirəm, indi Sizin yeni dostlarınız var. Çünki dünyada ölkənizin strateji əhəmiyyəti artmaqdadır. Lakin əməkdaşlığımız lap çoxdan başlayıb və təkcə maraqlara əsaslanmır, həmçinin mədəniyyət, adət-ənənələr sahəsindəki işbirliyinə söykənir”. Bu fikirləri Macarıstanın Baş naziri Viktor Orban Budapeştdə Azərbaycan Prezidenti İlham Əliyev ilə geniş tərkibdə görüşündə söyləyib. Macarıstanın Türk Dövlətləri Təşkilatına qoşulmasına Azərbaycan Prezidentinin verdiyi dəstəyi yüksək dəyərləndirən Baş nazir deyib: “Macarıstan türkdilli dövlət kimi həmin platformada iştirak edən ölkədir və bu, bizim üçün nəinki mədəni, o cümlədən siyasi baxımdan əhəmiyyətlidir”. Səfərə görə Prezident İlham Əliyevə minnətdarlıq edən Viktor Orban iki ölkə arasında təşəkkül tapmış dərin əməkdaşlığı yüksək dəyərləndirib və bunun gələcəkdə də davam edəcəyinə ümid bəslədiyini bildirib. Macarıstanın Baş naziri Viktor Orban Budapeştdə Azərbaycan Prezidenti İlham Əliyev ilə birgə mətbuata bəyanatında bildirib ki, Azərbaycan ilə Macarıstanın rəhbərləri arasında keçirilən görüşlər hər zaman müstəsna əhəmiyyətə malikdir: “Cənab Prezident və mən 10 ildən artıqdır ki, bir yerdə çalışırıq, ölkələrimizi bir-birinə daha da yaxınlaşdırırıq, əməkdaşlığı dərinləşdiririk və hər iki ölkənin mövqeyinə uyğun səviyyəyə gətirməyə çalışırıq”.

Azərbaycan Prezidenti ilə strateji məsələlərə dair müzakirələr aparıldığını deyən Baş nazir qeyd edib ki, bu günə qədər olan strateji əməkdaşlığımız növbəti səviyyəyə qaldırıldı: «Bu gün beynəlxalq münasibətlərdə olan mühit əvvəlkindən olduqca təhlükəlidir. Bizim qonşuluğumuzda baş verən müharibə və Brüssel tərəfindən tətbiq edilmiş sanksiyalar Macarıstan üçün olduqca təhlükəli bir vəziyyət yaradıb, bizim enerji təhlükəsizliyimiz, Avropanın enerji təhlükəsizliyi həssas məqama qədəm qoyub. Burada yaranan bu şərait Azərbaycanın əhəmiyyətini dərhal artırdı. Bu əhəmiyyət bir növ sıçrayış etdi. Azərbaycan hər zaman bizim dostumuz olub, indi isə o, artıq bütün Avropa üçün strateji tərəfdaş olan ölkədir”.

MACARISTANIN BAŞ NAZİRİ: “Biz Azərbaycanda istehsal edilən elektrik enerjisini Avropaya gətirəcəyik”

Macarıstanın Baş naziri Viktor Orban Budapeştdə Azərbaycan Prezidenti İlham Əliyev ilə birgə mətbuata bəyanatında bildirib ki, biz Azərbaycanda istehsal edilən elektrik enerjisini Avropaya gətirəcəyik. Azərbaycandan gələn həm təbii qaz, həm də elektrik enerjisi Macarıstandan keçəcək. Həmçinin nəqliyyat marşrutu üzərində yerləşdiyimiz üçün Macarıstanın da rolu artacaq. Macarıstanın həll yolunun tərkib hissəsi olacağını vurğulayan Baş nazir deyib: “Aydın məsələdir ki, infrastruktur layihələrinin inkişafına böyük ehtiyac olacaq. Burada nəhəng vəsaitlərdən söhbət gedir, böyük layihələr həyata keçirilməlidir. Biz artıq Bolqarıstanın, Rumıniyanın, Slovakiyanın enerji şirkətləri ilə danışıqlara və əməkdaşlığa başlamışıq ki, buraya lazımi vəsait cəlb edilsin. Rumınlar, bolqarlar və macarlar artıq əməkdaşlığa başlayıblar. Bu, təkcə regional deyil, bu, pan-Avropa məsələsidir. Ona görə bizim gözləntimiz odur ki, Avropa Komissiyası bu layihələri dəstəkləyəcək”. Prezident İlham Əliyevlə bu yaxınlarda Buxarestdə növbəti saziş imzaladıqlarını xatırladan Viktor Orban qeyd edib ki, bununla da Qara dənizin dibi ilə çəkiləcək elektrik enerjisi kabeli Azərbaycanın yaşıl enerjisini Avropaya gətirəcək. “Azərbaycan cənubda İranla, şimalda Rusiya ilə, Macarıstan isə qərbdə Almaniya, şərqdə Rusiya ilə sərhəddir. Biz bundan keçmişik. Biz vəziyyətə bələdik. Belə bir mürəkkəb vəziyyətdə xalqı idarə etməyin nə dərəcədə çətin olduğunu bilirik. Bu, bizə dostluğumuzun möhkəmlənməsində çox kömək edib”. Bu barədə Macarıstanın Baş naziri Viktor Orban Azərbaycan Prezidenti İlham Əliyevin şərəfinə verilən rəsmi naharda bildirib. “Biz xarici siyasətdə bir-birimizi başa düşürük. Mən son on ildə Prezident Əliyevdən o qədər çox şey öyrənmişəm ki, olduqca mürəkkəb mühitdə ölkəyə necə yaxşı rəhbərlik etmək lazımdır. Əfsuslar olsun ki, onun bütün bildiklərini öyrənə bilmədim. Çünki biz radikal tərəfə meylliyik və o, daha mülayim baxışları ilə tanınan siyasi xadimdir. Mən ondan beynəlxalq arenada mülayim şəkildə necə daha da uğurlu olmağı öyrənməliyəm”, - deyə Viktor Orban vurğulayıb.

Bir sözlə, Prezident İlham Əliyevin Macarıstana səfəri iki dövlət arasında olan əlaqələrin genişləndirilməsi, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Ən əsası isə, Prezident İlham Əliyevin bu ölkəyə səfəri Azərbaycan-Macarıstan münasibətlərinin inkişafında yeni bir mərhələnin başlanğıcı olacaq. Dövlət başçımızın söylədiyi kimi: “Bu gün imzalanan strateji tərəfdaşlığın dərinləşməsinə dair Birgə Bəyannamə bir daha bizim strateji tərəfdaşlığımızı təsdiqləyir. Bu, strateji tərəfdaşlığa dair imzalanmış ikinci sənəddir və bir daha onu göstərir ki, həqiqətən Macarıstan və Azərbaycan dost və strateji tərəfdaşdırlar”.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə