Lerikin Orand kəndində Şəhid Natiq Mirhüseynovun anım mərasimi keçirilib FOTOLAR

Bu gün Lerik rayonun Orand kəndində Hərbi Polisin Giziri Şəhid Mirhüseynov Natiq Balamirzə oğlunun anım mərasimi keçirilib. Lerik rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov, YAP Lerik Rayon Təşkilatının sədri Malik Mirzəyev, hüquq-mühafizə orqanları, idarə, müəssisə, təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri, Ərazi Partiya Təşkilatının fəalları və şəhidin ailə üzvləri, şəhidin məzarını ziyarət edib, önünə gül-çiçək dəstələri düzərək, əziz xatirəsini ehtiramla yad ediblər. Eyni zamanda, Vətən müharibəsi şəhidi Əbdülov İdrət İbi oğlunun da məzarı ziyarət olunaraq əziz xatirəsi ehtiramla yed edilib.

Xatırladaq ki, şəhid Natiq Balamirzə oğlu Mirhüseynov 25 avqust 1997-ci ildə Lerik rayonunun Orand kəndində anadan olub. 27 sentyabr 2020-ci ildə erməni təxribatı nəticəsində başlanan İkinci Qarabağ müharibəsinə yollanıb. Cəbrayıl və Füzuli rayonları, həmçinin Xocavənd rayonunun Hadrut qəsəbəsi uğrunda gedən döyüşlərdə fəal iştirak edib. Vətən müharibəsindən sonra 2021-ci il yanvarın 30-da işğaldan azad edilmiş ərazilərdə xidməti vəzifələrini yerinə yetirərkən qəhrəmancasına şəhid olub. Döyüşlərdə göstərdiyi igidliyə və qəhrəmanlığa görə gizir Mirhüseynov Natiq Balamirzə oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə "Azərbaycan Bayrağı" ordeninə, "İgidliyə görə", "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medallarına layiq görülüb.

Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Bütün xəbərlər Facebook səhifəmizdə