Səfirliyimizə hücuma görə İran hökuməti cavab verəcək ŞƏRH

Bu gün səhər saatlarında Azərbaycanın İrandakı səfirliyinə edilmiş silahlı hücum vəhşi terror aktıdır və bu bütün ictimaiyyət tərəfindən qınaqla, hiddətlə qarşılandı. Azərbaycanın İrandakı Səfirliyinə silahlı hücum nəticəsində bir nəfər azərbaycanlı təhlükəsizlik əməkdaşı həlak olub, iki nəfər isə xəsarət alıb. Beynəlxalq hüquqa və konvensiyalara əsasən, diplomatik korpuslar toxunulmazdır və hər bir dövlət ərazisində fəaliyyət göstərən diplomatik nümayəndəliklərin təhlükəsizliyini təmin etməlidir. Diplomatik əlaqələr haqqında 1961-ci ildə qəbul olunmuş Vyana Konvensiyasına əsasən, ev sahibi olan ölkə xarici missiyaların təhlükəsizliyinə tam məsuliyyət daşıyır. Odur ki, baş verən terror aktına görə, İran dövləti məsuliyyət daşıyır. Törədilən terror hadisəsi mütləq öz hüquqi qiymətini almalıdır. Bildiyimiz kimi, səfirlik bir ölkənin başqa bir ölkədəki diplomatik nümayəndəliyidir və bu səfirliklər ölkələr arasında sülhü qorumaq məqsədilə fəaliyyət göstərir. İki ölkə arasında dostluq əlaqələrini davam etdirmək üçün səfirlik yaradılır ki, bu da iki ölkə arasında əlaqə bazası rolunu oynayır. İki ölkə arasında münaqişə yaranarsa və ya aralarında hər hansı bir siyasi gərginlik olarsa, səfirlik bu məsələnin həllinə kömək edə də bilər. Belə bir rola malik olan səfirliyə qarşı terror aktının törədilməsi beynəlxalq hüququn bütün normalarına zidd olan cinayətdir. Azərbaycanın İrandakı səfirliyinə edilən silahlı hücumu törədənlər məsuliyyətə cəlb edilməlidir. Hücum həm beynəlxalq hüququn, həm də İran və Azərbaycan qanunvericiliyinin pozulması deməkdir.

44 günlük Vətən müharibəsindən sonra ərazilərini erməni işğalından azad edən Azərbaycanın həm regionda, həm də dünyada mövqelərinin güclənməsi ölkəmizi sevməyən dövlətlər tərəfindən birmənalı qarşılanmır. Açıq-aydın bəlli olur ki, Azərbaycanı sevməyən, onun tarixi Qələbəsini həzm etməyən qüvvələr sırasında İran da var. Qeyd edək ki, son vaxtlar İran dövləti ölkəmizə qarşı anti-Azərbaycan mövqeyi sərgiləyir. Regionda sülh və əməkdaşlığa töhfələrini verən Azərbaycanın bu mövqeyi rəsmi Tehranı çox narahat edir və dövlətimizə qarşı olan bu və ya digər qərəzli münasibətlər baş qaldırır. Azərbaycanın regionda artan gücü, beynəlxalq miqyasdakı mövqeyi onun artan gücünün göstəricisidir. İran regionda dayanıqlı sülhə, təhlükəsizliyə, sabitliyə yönəlmiş bütün addımlara olan mövqeyini ifadə edərkən görürük ki, bu anti-Azərbaycan siyasətidir. İnsanlığa sığmayan, milli və dini dəyərlərə, sivil münasibətlərə və beynəlxalq hüquq normalarına zidd olan bu cür çirkin əməllər Azərbaycanın inkişafına, onun mövqeyinə təsir edə bilməz. Bu gün baş vermiş terror aktı lazımı şəkildə öz hüquqi qiymətini alacaqdır.

Əvəz Qocayev,

YAP Nəsimi rayon təşkilatının ərazi partiya təşkilatının sədri, AAYDA İdarə Heyətinin sədr müavini

Bütün xəbərlər Facebook səhifəmizdə