Heydər Əliyev və Azərbaycan səhiyyəsi TƏHLİL

Heydər Əliyev və Azərbaycan səhiyyəsi TƏHLİL

Ölkəmizin milli dövlətçilik ənənələrinin qurulmasında və inkişafında misilsiz xidmətləri olan, yüksək insani keyfiyyətlərinə, mükəmməl dövləti idarəetmə bacarığına görə dünyada nadir tarixi şəxsiyyətlər sırasında olan Ulu Öndər Heydər Əliyev əməlləri ilə əbədiyaşarlıq zirvəsinə yüksəlib. Siyasi və iqtisadi cəhətdən etibarlı dayaqlar üzərində olan güclü Azərbaycanın qurucusu və yaradıcısı olan Ulu Öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövr ərzindəki fəaliyyəti ilə xalqımızın firavanlığını və xoşbəxtliyini təmin etmişdir. Siyasi dünyagörüşü, zəngin dövlət təcrübəsi ilə dövlətçiliyin, azərbaycançılıq ideyasının elmi-nəzəri və təcrübi əsaslarını yaradan görkəmli dövlət xadimi ölkə tarixində mühüm proseslərin həyata keçirildiyi zamanda ölkənin ictimai-siyasi, iqtisadi və mədəni-mənəvi tərəqqisinə nail olmuşdur. O, Azərbaycanın dövlət müstəqilliyinin qorunmasında və möhkəmləndirilməsində misilsiz fəaliyyət göstərərək fundamental uğurlara imza atıb. Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından - 1993-cü ildən sonra Azərbaycan dövlətinin dirçəlməsində, onun mövqeyinin, təməlinin möhkəmlənməsində rolu əvəzsiz olmuşdur. Ulu Öndər Heydər Əliyevin hələ sovet məkanında və müstəqillik illərində xidmətlərinin əhəmiyyəti ictimai-siyasi həyatımızda özünü göstərmişdir. Dahi Şəxsiyyət xalqına möhkəm dövlətçilik təsisatlarına malik, demokratik və bəşəri dəyərlərə sadiq, dünya birliyində layiqli yer tutan müasir müstəqil Azərbaycanı bəxş etmişdi. Ölkəmizin qazandığı bütün uğur və nailiyyətlər, inkişaf və tərəqqi, xalqımızın milli dəyərlərinin qorunması Ulu Öndər Heydər Əliyev Şəxsiyyətinin bəhrəsidir.

TİBB SAHƏSİNDƏ YENİ NƏSLİN NÜMAYƏNDƏLƏRİ YETKİN TƏDQİQATÇILAR KİMİ

Ulu Öndər Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gəlişi ilə Azərbaycanı gerilikdən, tənəzzüldən xilas etdi. Kənd təsərrüfatının, sənayenin, iqtisadiyyatın digər sahələrinin inkişafında, sosial məsələlərin həllində, əhalinin rifah halının yaxşılaşdırılmasında böyük irəliləyiş əldə edildi. Heydər Əliyev Azərbaycanın bütün sahələrinin inkişafı ilə yanaşı, səhiyyənin də sivil ölkələr səviyyəsinə yüksəlməsinə çalışmış, bu istiqamətdə böyük nailiyyətlə əldə olunmuşdur. İnsanların fiziki və ruhi sağlamlığı ölkənin inkişafında həlləedici rol oynayan amillərdən olduğundan ötən əsrin 60-cı illərinin sonu - 70-ci illərin əvvəllərində, Dahi Öndər Heydər Əliyevin hakimiyyətə gəldiyi dövrdən səhiyyədə ciddi inkişaf dövrü başladı. Ümummilli Lider Heydər Əliyev səhiyyə quruculuğu ilə əlaqədar qarşıya qoyduğu tədbirlərə kompleks yanaşdı. Təkcə 1970-1980-ci illərdə Azərbaycanda yüzlərlə iri səhiyyə obyektləri inşa olundu. Köhnə səhiyyə ocaqlarının yenidən qurulması, yenilərinin tikilməsi və ən müasir aparatlarla təchiz edilməsi, eləcə də, əhalinin kütləvi surətdə dispanser qeydiyyatdan keçirilməsi və s. istiqamətdə tədbirlər həyata keçirildi. Qısa zaman məsafəsində, ölkədə Urologiya Xəstəxanası, Diaqnostika Mərkəzi, Neyrocərrahiyyə Mərkəzi, Toksikoloji Mərkəz, Ailə Planlaşdırması Mərkəzi və sair tibb müəssisələri yaradıldı və əhalinin istifadəsinə verildi. Milli Onkologiya Mərkəzinin yeni korpusunun və Elmi-Tədqiqat Oftalmologiya İnstitutunun yeni kompleksinin tikintisinə başlandı. Heydər Əliyev respublikamızın səhiyyə sistemi sahələrinin beynəlxalq miqyasa çıxmasına, onların dayanıqlı və sabit inkişafına əlverişli şərait yaratmışdı. Azərbaycanın sözügedən sistemlərində ölçüyəgəlməz islahatlar aparılır, o zamankı Azərbaycan Dövlət Tibb İnstitutu keçmiş Sovetlər İttifaqında sayılıb-seçilən elm və təhsil məbədlərindən birinə çevrilir, tibbi kadr hazırlığında öz sözünü cəsarətlə deyə bilirdi. Başqa sözlə, tibbi fənlərin diploma qədərki və diplomdan sonrakı tədrisinin, tələbələrin və məzunların peşə hazırlığının, eləcə də abituriyentlərin instituta qəbulunun keyfiyyətinin yaxşılaşdırılması məqsədilə Azərbaycan Dövlət Tibb İnstitutunda internatura kursu, hazırlıq şöbəsi, istehsalat təcrübəsi dekanlığı, daha sonralar Tibbi-biologiya fakültəsi və dekanlığı, Hərbi-tibb fakültəsi və dekanlığı, mətbuat və informasiya xidməti və digər köməkçi şöbələr yaradılmışdı. Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi illərdə yüzlərlə gənc azərbaycanlı alimin müxtəlif ixtisaslar üzrə keçmiş İttifaq səviyyəsində doktoranturaya qəbul edilməsinə də nail olmuşdu.

APARILAN İSLAHATLAR SƏHİYYƏNİN SƏMƏRƏSİNİN İNTENSİVLƏŞDİRİLMƏSİNƏ BAZA YARATDI

Böyük Şəxsiyyət Heydər Əliyevin əsasını qoyduğu işlərin bir hissəsi, müvəqqəti olaraq təxirə salınsa da, müstəqillik dövründə yenidən həyata keçirməyə və genişmiqyaslı islahatların aparılmasına başladı. Müstəqilliyimizin ilk illərindəki ictimai-siyasi hadisələr, yaşanılan böhran əhalinin sağlamlığının pisləşməsinə səbəb olmuşdur. Demoqrafik göstəricilərin pisləşməsi ilə yanaşı, təhlükəli infeksion xəstəliklər çoxalmışdır. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bir sıra fərman və sərəncamların imzalanması, tibb sahəsində həyata keçirdiyi islahatlar səhiyyənin səmərəsinin intensivləşdirilməsinə baza yaratdı. Belə ki, Ulu Öndər Heydər Əliyevin 1998-ci il tarixli Sərəncamı ilə səhiyyə sistemində islahatların təşkili və aparılması məqsədilə Hökumət Komissiyası yaradıldı. Bütün bunlarla yanaşı, səhiyyə sahəsində beynəlxalq əlaqələrin genişlənməsinə də diqqət ayrıldı.

1994-cü ildən başlayaraq, Respublika Səhiyyə Nazirliyində xarici əlaqələr üzrə xüsusi əlaqələr yaradıldı. Bu şöbə yarandığı vaxtdan öz fəaliyyətini milli səhiyyənin Ümumdünya Səhiyyə Təşkilatı, BMT Uşaq Fondu kimi öncül beynəlxalq strukturlar və ölkədə təmsil olunan bir sıra qeyri-hökumət beynəlxalq humanitar təşkilatlarla fəal əməkdaşlığı üzərində qurdu.

1993-2003-cü illərdə səhiyyə sahəsində bir sıra fundamental qanunlar "Əhalinin sağlamlığının qorunması haqqında", "Qan və onun komponentlərinin donorluğu haqqında", "İnsanın immun çatışmazlığı virusunun törətdiyi xəstəliyin (AİDS) qarşısının alınması haqqında", "Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında" və s. qəbul edildi.

"SON İLLƏR ƏRZİNDƏ TƏMİR EDİLMİŞ, YAXUD DA Kİ, YENİ TİKİLMİŞ MƏRKƏZLƏR BÜTÜN CƏHƏTLƏRDƏN ƏN YÜKSƏK SƏVİYYƏDƏDİR"

Ümummilli Liderin başladığı işlər bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir. Azərbaycan Prezidenti İlham Əliyevin sonsuz qayğısı və diqqətinin məntiqi nəticəsi olaraq, iqtisadiyyatın inkişafı səhiyyədə də görülən işlərin daha böyük vüsətlə davam etdirilməsinə imkan yaratmışdır. Ölkənin dinamik iqtisadi inkişafı demoqrafik və tibbi statistik göstəricilərinin yaxşılaşmasına səbəb olmuşdur. Azərbaycanda müasir tibb avadanlığı və cihazlarla təchiz olunmuş 600-dən çox səhiyyə müəssisəsi əhalinin istifadəsinə verilib. Maddi-texniki bazası gücləndirilən tibb müəssisələri dünyanın qabaqcıl səhiyyə ocaqlarından geri qalmır, hətta mübaliğəsiz desək, onları üstələyir. Respublika Klinik Uşaq Xəstəxanasında, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda, Uşaq Nevroloji Xəstəxanasında, Respublika Diaqnostika Mərkəzində, 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının 4 korpusunda, 3 nömrəli Klinik Uşaq Xəstəxanasında, Xaçmaz rayon Mərkəzi Xəstəxanasında, Şirvan şəhər Mərkəzi Xəstəxanasında, Bərdə rayon Doğum Evində təmir və yenidənqurma işləri aparılmış, Ağdaş, Şəki, Tovuz, Daşkəsən, Şabran rayonlarında yeni mərkəzi xəstəxanalar, Ucarda Uşaq Xəstəxanası və s. tikilib istifadəyə verilmişdir. Azərbaycanda səhiyyə sistemində aparılan islahatlar, görülən işlər dünya səviyyəsinə uyğunlaşdırılır. Azərbaycan Prezidenti İlham Əliyev "Biz artıq Azərbaycan standartlarından da danışa bilərik" deməklə, Azərbaycan səhiyyəsindəki gerçəkliklərə əsaslanır: "İndi dünya səviyyəsində müxtəlif elmi mərkəzlər var və bizim mərkəzlər - son illər ərzində təmir edilmiş, yaxud da ki, yeni tikilmiş mərkəzlər bütün cəhətlərdən ən yüksək səviyyədədir: həm keyfiyyət, həm rahatlıq, palataların ölçüləri, xəstələrə, həkimlərə yaradılmış şərait və əlbəttə ki, avadanlıq."

"İNSAN SAĞLAMLIĞI SOSİAL MƏSƏLƏLƏR ARASINDA ƏN BİRİNCİ YERDƏDİR VƏ BU GÜN AZƏRBAYCANDA BU SAHƏDƏ GÖZƏL NƏTİCƏLƏR VAR"

Səhiyyə sahəsində aparılan islahatların davamı olaraq icbari tibbi sığortanın tətbiqi hökumətin səhiyyə sahəsində apardığı islahatların tərkib hissəsidir. İcbari tibbi sığortaya keçid ölkə vətəndaşlarının tibbi xidmətlərə əlçatanlığını artırır. Müasir və keyfiyyətli tibbi xidməti təmin edən səhiyyənin maliyyələşdirilməsinin yeni forması olan icbari tibbi sığorta xəstəliklərin erkən mərhələdə aşkar edilməsində, daha ağır mərhələyə keçidinin qarşısının alınmasında, ən ucqar kəndlərdə belə yaşayan əhalinin keyfiyyətli tibbi xidmətlərlə təmin olunmasında əhəmiyyətli rol oynayır. Müasir informasiya texnologiyalarının səhiyyə sisteminə tətbiq edilməsi sahəsində "Elektron Azərbaycan" Dövlət Proqramı çərçivəsində "Vətəndaşların elektron sağlamlıq kartı" sistemi fəaliyyət göstərir. Uğurlarla yanaşı, ölkəmizdə səhiyyə sahəsində hələ görüləsi işlər də var. Səhiyyə sisteminin islahatları nəticəsində, əsasən, stasionar yardıma istiqamətləndirilmiş təbabətdən ilkin tibbi-sanitariya yardımının üstünlük təşkil etdiyi təbabətə keçilməsi reallaşdırılacaq, ailə həkimi praktikasının genişləndirilməsinə müvafiq şərait yaradılacaqdır.

Sosial sahəyə diqqət və qayğının nəticəsidir ki, dövlət büdcəsi təsdiq olunarkən sosialyönümlülük prioritet olaraq qalır. Bu, bir daha təsdiq edir ki, Azərbaycanda aparılan siyasətin mərkəzində, məhz insan amili dayanır və ölkə rəhbərliyinin sosial siyasətinin fəlsəfəsi bütün vətəndaşların sosial şəraitinin yaxşılaşdırılmasına xidmət edir. Azərbaycanda həyata keçirilən sosial siyasət nəticəsində müşahidə olunan uğurlu inkişaf həyatımızın hər bir sahəsini əhatə etdiyi kimi, bu inkişaf əhalinin sağlamlığının qorunması kimi vacib bir sahədən də yan keçməyib. Səhiyyəyə diqqət və qayğının artırılması Azərbaycanın səhiyyə sistemini dövrlə ayaqlaşan, qlobal dəyişikliklərə cavab verən və tərəqqi edən bir sahəyə çevirməkdədir. Bütün bunlar gələcəyin təminatı olan insan faktorunun daim diqqətdə olduğunu, onların fiziki cəhətdən sağlam və gümrahlığının diqqətdə saxlanıldığını göstərir. "İnsan sağlamlığı sosial məsələlər arasında ən birinci yerdədir və bu gün Azərbaycanda bu sahədə gözəl nəticələr var", - deyən Azərbaycan Prezidenti Cənab İlham Əliyevin fərman və sərəncamları ilə Azərbaycan səhiyyəsi müasir dövrümüzdə bütün xüsusiyyətlərinə görə, özünün yeni inkişaf mərhələsini yaşayır. "Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərə qarşı mübarizəyə dair 2015-2020-ci illər üzrə Strategiya"sı "2016-2020-ci illər üçün şəkərli diabet üzrə Dövlət Proqramı", "Ana və uşaqların sağlamlığının qorunması üzrə Dövlət Proqramı", "Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı" və s. insan həyatı və sağlamlığına zərbə vura biləcək halların qarşısının alınmasında əhəmiyyətli rol oynadı.

İldən-ilə səhiyyəyə ayrılan büdcə vəsaitinin artırılmasının nəticəsi olaraq Azərbaycan səhiyyəsi bu gün dünya səhiyyəsi ilə rəqabət apara biləcək gücə malikdir. Belə ki, müxtəlif orqanlar üzərində əməliyyatların aparılması, orqanların transplantasiyası və s. son illərin nailiyyət və uğurları sırasındadır. Məlum olduğu kimi ölkəmizdə açıq ürək, böyrəkköçürmə əməliyyatlarının keçirilməsi səhiyyəmizin uğurlu inkişafını şərtləndirən amillərdir. Əlbəttə ki, bu əməliyyatların ölkə daxilində aparılması, səhiyyəmizin inkişafına söykənir. Xroniki böyrək çatışmazlığı olan xəstələrin müalicəsi məqsədilə hər il respublikanın bölgələrində yeni dializ mərkəzləri isitifadəyə verilir. Ölkəmizdə talassemiyalı və hemofiliyalı xəstələrin müalicəsində müsbət nəticələr əldə edilmişdir. Bütün bunlar Azərbaycan səhiyyəsinin müasir dövrümüzdə bütün xüsusiyyətlərinə görə, özünün yeni inkişaf mərhələsini yaşamasının, ölkəmizin iqtisadi gücünün, siyasi sabitliyinin təzahürüdür.

AZƏRBAYCANDA SOSİAL-İQTİSADİ DƏYİŞİKLİKLƏR DEMOQRAFİK İNKİŞAFA CİDDİ TƏSİRİNİ GÖSTƏRİB

Azərbaycanda son illər baş vermiş həm siyasi, həm də sosial-iqtisadi dəyişikliklər demoqrafik inkişafa ciddi təsirini göstərib. Ölkəmizdə ölüm səviyyəsinin azaldılması, əhalinin sağlamlığının və həyatının yaxşılaşdırılması hesabına uzunömürlülük, nikah və boşanma proseslərinin bütünlükdə cəmiyyətin və ayrılıqda hər bir ailənin mənafeyinə uyğun tərzdə nizamlanması, ictimai tərəqqinin həm yaxın, həm də uzaq gələcəyə perspektivləri nəzərə alınmaqla miqrasiya proseslərinin tənzimlənməsi və digər amillər ölkəmizdə demoqrafiyanın inkişafına təsirsiz ötüşməyib. Bunun real təzahürü ölkə əhalisinin sabit artım tempinin davam etməsində aydın şəkildə özünü göstərir. Əhalisinin sayı hər il sabit şəkildə artaraq 10 milyonu ötməsi ölkəmizdə dayanıqlı sosial-iqtisadi tərəqqi, sosial siyasət davamlı xarakter almaqla demoqrafik inkişafa təkan verir. Müasir Azərbaycanın ictimai-siyasi, mədəni həyatında baş verən sıçrayışlar onun simasının gündən-günə dəyişməsinə, dünyanın nüfuzlu dövlətləri sırasında layiq yer qazanması ilə nəticələndi. Bu gün Azərbaycan dünyada sözünü deməyə qadir olan qüdrətli dövlətdir. Ölkədə həyata keçirilən irimiqyaslı layihələr, dövlət proqramları Azərbaycanı sürətlə inkişaf edən dövlətə çevirib. Ölkəmizin simasının bu şəkildə dəyişməsində, onun imicinin yüksəlməsində Heydər Əliyevin əməyi, Onun məqsədyönlü fəaliyyəti özünü büruzə verir. Bugünkü güclü, qüdrətli Azərbaycanı Heydər Əliyev yaradıb, onun müstəqilliyini yaşadıb, inkişaf etdirib, bütün dünyaya tanıdıb.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə