“Avropa parlamentinin ermənipərəst qətnamələrinə adət etmişik” MÜNASİBƏT

“Avropa parlamentinin ermənipərəst qətnamələrinə adət etmişik” MÜNASİBƏT

“Avropa parlamenti bir neçə gün əvvəl öz “şakərinə” sadiq qalaraq yenə də Azərbaycan əleyhinə qətnamə qəbul edib. Laçın koridoru və Qarabağın “blokadası” məsələsi üzrə qəbul olunduğu iddia olunan qətnamədə tələb olunur ki, Azərbaycan Qarabağı Ermənistanla birləşdirən yeganə yolun açıq olmasını təmin etsin”. Bunu “Səs” qəzetinə açıqlamasında ANAP-ın sədri Abutalıb Səmədov bildirib.

Onun sözlərinə görə, bu “mötəbər” sənəddə rus sülhməramlılarının “blokada”nın qarşısını almaq sahəsində öz vəzifələrinin öhdəsindən gəlmədiyi qeyd olunur və BMT-dən və ATƏT-dən bölgəyə fakt toplayıcı missiyanın göndərilməsi tələb edilir: “Avropa parlamentinin bu cür ermənipərəst qətnamələrinə adət etdiyimizdən təbii ki, 19 yanvar 2023-cü il qətnaməsinə də təəccüblənmədik. Məsələnin mahiyyətini aydınlaşdırmadan, “Moskvanın provokatoru” Ruben Vardanyanın Qarabağdakı bir neçə mədəndə Azərbaycan tərəfindən monitorinq aparmaq barədə 3 dekabr 2022-ci il razılaşmasını pozması qeyd olunmadan yenə də Azərbaycan günahlandırılır və bizə qarşı “tələblər” irəli sürülür. Güman edirəm ki, bu ədalətsiz davranış dövlətimiz tərəfindən nəzərə alınmayacaq və Qarabağda Azərbaycanın suverenliyinin təmin olunması istiqamətində bundan sonra da ardıcıl addımlar atılacaq. Ruben Vardanyanı və onun başına toplaşanları da ən çox narahat edən bu məsələdir. Onlar Praqada və Soçidə əldə olunmuş razılaşmanın icra olunmasını qətiyyən istəmirlər. Ancaq onu da dərk edirlər ki, bu prosesin qarşısını almaq şansları qətiyyən yoxdur. Bu səbəbdən Azərbaycanın Qarabağ üzərindəki suverenliyinin təmin olunmasını mümkün qədər ləngitmək istəyirlər. Çox təəssüf ki, Avropa parlamenti kimi qurumlar da bu destruktiv fəaliyyətdə ermənilərə yardımçı olmaqda davam edirlər”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə