QANLI VƏ ŞANLI TARİXİMİZ OLAN – 20 YANVAR ŞƏRH

QANLI VƏ ŞANLI TARİXİMİZ OLAN – 20 YANVAR ŞƏRH

Dünyada elə bir xalq yoxdur ki, öz tarixində faciə ilə üzləşməmiş olsun. Azərbaycan xalqı isə həm faciəli və həm də zəfər səhifələrini eyni anda yaşamış xalqlardandır. Ölkəmiz çox zülmətlər görmüş, xarici ölkələrin təcavüzünə məruz qalmış, çox itkilər vermiş bir məkandır. Gənclərimiz tarixi həqiqətləri bilməlidir. Yaxın tariximizin öyrənilməsi və araşdırılması vacib vəzifədir. 1990-cı ilin 20 Yanvar faciəsi də öyrənilməli və gələcək nəsillərə olduğu kimi çatdırılmalıdır. Qan yaddaşımıza əbədi həkk olunmuş 1990-cı ilin 20 Yanvar hadisələri tariximizin özündə faciə və qəhrəmanlığı ehtiva edən unikal səhifəsi, Azərbaycanın sonrakı taleyinə əhəmiyyətli təsiri olan dönüş anıdır. 1990-cı ilin Qanlı Yanvar hadisəsi Azərbaycan xalqı üçün təkcə böyük faciə deyildir. O, ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqın tarixində şərəfli bir səhifədir. 20 Yanvar faciəsi, eyni zamanda həm ümumxalq faciəsi, həm də müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunub. Azərbaycan dövləti və xalqı öz şəhidlərini unutmur. 20 Yanvar hadisələrin nəticəsində şəhid olmuş ailələrin sosial vəziyyəti daim dövlətin diqqət mərkəzindədir. 1990-cı ilin 20 Yanvar hadisələri zamanı Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda çox sayda şəhid verdi. Prezident İlham Əliyevin dediyi kimi: “Azərbaycan bu mübariz oğul və qızlarının şücaətini daim yüksək qiymətləndirir, onların ruhuna ehtiram göstərir, xatirəsini hər zaman uca tutur”.

20 Yanvar hadisəsi milli məfkurənin inkişafına təkan vermiş hadisədir. 20 Yanvar Azərbaycan tarixində təkcə faciə deyil, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Bu, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. Ancaq bütün baş verənlər Azərbaycan millətini daha da mətinləşdirərək, onun mübarizliyini və qətiyyətini zərrə qədər də sarsıda bilmədi. Çünki bizim qəhrəmanlar böyüdən, özündə güc taparaq, “Vətən sağ olsun” kəlmələri ilə şəhid övladlarını son mənzilə yola salan valideynlərimiz, atasının cənazəsi önündə özündən kiçik bacısının göz yaşlarını silmək iqtidarında olub, bir gecədə yetkinləşən uşaqlarımız, ölümdən qorxmayan, şəhidlik zirvəsinə ucalmaq istəyən gənclərimiz var...

Biz bütün varlığımızla əminik ki, Ali Baş Komandanın rəhbərliyi altında düşmənin istənilən təxribat və hücumunun qarşısını almağa qadir olan və dünya miqyasında 50 ən güclü orduları sırasında özünə yer almış qüdrətli Azərbaycan Ordusu Azərbaycanın bütövlüyünü bərpa edəcək və doğma vətənimizin şərəfli tarixinə yeni, daha parlaq səhifələr yazılacaqdır!

Elşən Səfərov

YAP Ağcabədi rayon təşkilatının əməkdaşı

Bütün xəbərlər Facebook səhifəmizdə