1978-ci ildə baş vermiş Ağdam terroru! TARİX+FAKT

1978-ci ildə baş vermiş Ağdam terroru! TARİX+FAKT

Gürcü publisisti Feliks Sersvadzenin yazdıqlarından...

Azərbaycanlılara qarşı erməni terroru bütün dövrlərdə, eləcə də SSRİ zamanında da baş verib və bu gün ermənilər tərəfindən həyata keçirilmiş çoxsaylı qanlı terror əməllərinin say-hesabının da kifayət qədər çox olduğu kimsəyə sirr deyil. 1980-ci illərdə Moskvada baş vermiş bir neçə terror aksiyaları da buna misal kimi göstərilə bilər. Lakin daha bir qanlı əməl də var ki, bəlkə də onun barəsində çoxları ya məlumatsızdırlar, ya da onu unudublar – 1978-ci ildə törədilmiş AĞDAM TERRORU!

İnformasiya şəbəkələrinin birində qarşıma təsadüfən tanınmış gürcü publisisti, hazırda ABŞ-ın Florida ştatında yaşayan Feliks Sersvadzenin “Unudulmuş genosid” kitabındakı məqaləsi çıxdı. Onu da qeyd edim ki, gürcü publisisti əsl həqiqətləri dediyinə və yazdığına görə daim erməni ekstremistləri tərəfindən təhdidlərə məruz qalıb və eyni zamanda, bu məqamlarda azərbaycanlılardan aldığı dəstəyinə görə də öz minnətdarlığını bildirib.

Beləliklə, həmin məqamı diqqətə çatdırırıq. 1978-ci ildə dəmir yolunun tikintisi başa çatmışdı və Qarabağın mərkəzi – Xankəndi Yevlax və Bakı üzərindən SSRİ-nin istənilən şəhəri ilə nəqliyyat rabitəsi qurmaq imkanına malik olmuşdu. Müəllif həmin yazısında sual edir: sizcə “Dağlıq Qarabağ” erməniləri azərbaycanlılar tərəfindən hədiyyə edilmiş həmin dəmir yoluna görə öz minnətdarlıqlarını necə çatdırmışdılar? Tapdınız? Doğrudur! Birbaşa ermənicəsinə - növbəti terror aksiyası ilə!

İndi isə həmin terror aksiyası barədə. Əsgəran stansiyasına 11 vaqon inşaat materialları çatdırılıb. Qatar dayandıqdan sonra ermənilər vaqonların hərəkət zamanı dayanmaması və öz-özünə hərəkət etməsi üçün vaqonların əyləc sistemlərinə müdaxilə ediblər.

“Əsgəran erməniləri özlərinə münbit vaxt tapan kimi vaqonlara tərəf ekskavator sürməklə və onun qazıntı aparan çanaq hissəsi ilə sonuncu vaqona zərbə endirməklə vaqonu hərəkətə gətiriblər. Nəticədə vaqonlar bir-birinə dəyərək hərəkətə başlayıblar və Ağdam stansiyası istiqamətində şütüyüblər”, deyə bildirilən məqalədə qeyd olunur ki, 11 vaqon Əsgəran Ağdam arasındakı 14 km-lik məsafəni saatda 100 km sürətlə qət edib və nəticədə Ağdam stansiyasına daxil olublar: “Həmin vaxt orada başqa vaqonlar boşaldılmaq üçün dayanmışdılar və hərəkət edən vaqonlar da məhz bu vaqonlara zərblə dəyiblər. Zərbə nəticəsində Ağdam stansiyasına kifayət qədər zərər dəyib, dağıntılar yaranıb. Lakin ən qorxulusu bu idi ki, iki yükboşaldan fəhlə həlak olub. Onlar vaqonları boşaldarkən hansı təhlükə ilə qarşılaşacaqlarından məlumatsız olublar”.

Gürcü publisist qeyd edib ki, terror aksiyası sona qədər araşdırılmayıb. Təqsirkarlar isə müəyyən edilməyərək heç bir cəza almayıblar. “Stepanakert” (Xankəndi) məhkəməsi yalnız iki vəzifəli şəxsi texniki-təhlükəsizlik qaydalarına əməl etməmələrinə görə formal şəkildə mühakimə edib.

Təkcə bu faktın özü də sübut edir ki, istər Ermənistanda, istərsə də Qarabağda yaşayan ermənilər daim azərbaycanlılara qarşı düşmən gözü ilə baxıblar və bir daha isbatlanıb ki, belələrinin hər hansı “səmimi” davranışlarına inanmaq olmaz.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə