“Davos iqtisadi müstəvi hesab olunur” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Davos iqtisadi müstəvi hesab olunur” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Davos İqtisadi Forumunun 53-cü iclası müasir qlobal çağırışlar fonunda mahiyyət və kefiyyətcə tam yeni bir mərhələyə təsadüf edir. Post-COVID dövrü, faktiki III Dünya müharibəsi, siyasi, sosial-iqtisadi və demoqrafik böhranın dərinləşdiyi bir vaxtda artıq köhnə baxışlar, hətta ötən ilki yanaşmaların belə effektiv olmadığı üçün yeni düzənin formalaşması zərurətdir. Bu mənada Davos ən yaxşı platformalardan biri kimi çıxış edir və qlobal güclər də anlayır ki, ortaq yol tapılmazsa dərinləşməkdə olan geosiyasi və geoiqtisadi parçalanma, təhlükəsizlik problemləri, iqlim və ərzaq böhranı nəzarətdan tam çıxaraq fəlakətə səbəb ola bilər”. Bu sözləri SİA-ya açıqlamasında deputat Bəhruz Məhərrəmov deyib.

Onun sözlərinə görə, bu cür fors-major vəziyyətdə Dünya İqtisadi Forumunun 53-cü illik toplantısına fürsət kimi baxılması məntiqlidir və dəvətlilərin də məhz regional və qlobal müstəvidə həll qabiliyyətli və nüfuzlu liderlər olması şərtdir: “Bu mənada Foruma cənab İlham Əliyevin növbəti dəfə dəvət olunması Azərbaycan Prezidentinin yeni konfiqurasiya quruluşu dövründə də beynəlxalq aləmdəki yüksək nüfuzunun daha bir göstəricisidir”.

Deputat sözlərinə belə davam edib: “Aydındır ki, Davos iqtisadi müstəvi hesab olunur, lakin o da sirr deyil ki, alınan qərarların nəticələri dünya siyasətində, beynəlxalq münasibətlərdə ciddi formada inikas olunur. Hazırkı mürəkkəb geosiyasi şəraiti nəzərə aldıqda isə siyasi təsirlərin çəkisinin əvvəlkilərdən daha çox olacağı aydındır. Lakin əvvəlki alət və vasitələr, eyni zamanda köhnə hədəflər artıq effektiv deyil. Bu gün tələb olunan əsas alətlər ən müasir innovasiyalar və alternativ bərpa olunan daimi mənbələr hesabına təmin olunan enerji təhlükəsizliyidir. Bu sahədə təbii ki, ixtisaslaşmış dünya nəhəngləri var, lakin o da faktdır ki, Prezident İlham Əliyevin ardıcıl səylərinin davamı olaraq Azərbaycana artıq həmin müasir enerji tendensiyalarının elit klubunun yeni üzvü kimi baxılır. Faktiki olaraq Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli söz sahibi olması, elternativ mənbələr hesabına enerji istehsalçısı kimi sürətlə aparıcı mövqeyə yüksəlməsi 53-cü Forumda Azərbaycana baxış rakursunda da köklü dəyişikliklərə yol açıb. Prezident İlham Əliyev də praqmatik siyasətçi və təcrübəli iştirakçı kimi həm yeni tendensiyalardan qarşılıqlı faydalanaraq Azərbaycanda həyata keçirilən mühüm regional nəqliyyat və enerji layihələrinə diqqət çəkmək, həm də Azərbaycan həqiqətlərini bəyan etmək üçün Davos Forumunun əhəmiyyət və imkanlarını düzgün qiymətləndirir.

Azərbaycana aydındır ki, bu tədbir dünyanın iqtisadi mənzərəsinin formalaşdırılmasında önəmli rol oynayaraq qlobal iqtisadiyyata və siyasi proseslərə yeni istiqamətlər verir. Prezident İlham Əliyevin Davos təqviminin ilk günündə ifadə olunan tezislərinə diqqət etsək, Bakının artıq dünya ilə yeni tendensiyaların dilində danışmağı bacardığını görərik. Məsələn, dövlət başçısı Azərbaycanın beynəlxalq enerji şirkətləri ilə imzaladığı anlaşma memorandumları və sazişlərin ölkəmizə 22 min meqavatadək külək və günəş enerjisini istehsal etmək imkanı yaradacağını bəyan etməklə Avropanın milli təhlükəsizliyində artan rola sahib olacağını bəyan edir. Eyni zamanda ölkə ərazisindən keçən yüklərin həcminin 75 faiz artdığı nəzərə alınaraq, Azərbaycanda yeni tankerlərin, quru yük gəmilərinin və bərələrin sayının artırılmasına ehtiyac olduğunu bəyan etməklə dövlət başçısı Azərbaycanın formalaşdırdığı infrastrukturun, Zəngəzur dəhlizinin Avropa üçün ən etibarlı və ən təhlükəsiz variant olduğunu, yaxud başqa bir məsələdə, Azərbaycan "Ağıllı şəhər" və "Ağıllı kənd" layihələrini işğaldan azad olunmuş digər ərazilərdə də həyata keçirməyi planlaşdırdığını bəyan etməklə, Zəngilanın timsalında mövcud uğurlu əməkdaşlığa digər investorların da cəlbi üçün münbit şəraiti diqqətə çatdırdı. Üstəlik bütün bunlar yeni dünya düzənin tələbinə uyğun, dayanıqlı enerji təchizatına önəm verilməsi, xüsusilə işğaldan azad edilmiş ərazilərin yaşıl enerji zonası elan olunması nəzərə alınaraq həyata keçirildiyi bəyan edilməklə cənab İlham Əliyevin Azərbaycanı yeni çağırışlar dövründə alternativsiz tərəfdaşa çevirməkdə olduğu aydın görünür”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə